Modern.az

Dünyaya gülə-gülə sərt bir mesaj - VİDEO

Dünyaya gülə-gülə sərt bir mesaj - VİDEO

Aktual

16 İyun 2021, 14:48

Ötən gün sosial şəbəkələrdə və mətbuatda yayılan 37 saniyəlik bir video əlimdə hazırladığım bu yazıya ipucu oldu - desəm səhv etmərəm. Kadrlar mədəniyyət paytaxtımız Şuşadandır. Cıdır düzündəndir.Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşaya gəlişi münasibətilə düzənlənən "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə" adlanan musiqili kompozisiyanın kadrlarıdır. Bir əsl-çağır var ki, gəl görəsən Cıdır düzündə. Rəqqaslar 30 ilin həsrətini şıdırğı rəqsləri ilə yox etməkdədirlər, musiqi də adamın sümüyünə elə düşür ki... Nə gizlədim, Şuşadan yüz kilometrlərlə uzaqda olsam da, mən də Xaçmazın Palıdlı kəndində o rəqs edənlərə qoşuldum. Möhtəşəm və sevinc doğuran görüntülərdə hətta Cənab Prezidentimiz İlham Əliyev də rəqs edir, adətlərimizə uyğun yanındakıları da oynamağa dəvət edir. Vallah, bizim prezidentin sərtliyindən olmadığı kimi, səmimiliyindən də yoxdu. Prezidentin dəvətinə DSX-nin rəisi Elçin Quliyev ilk olaraq qoşulur və general da iki prezidentin qarşısında qol açıb oynayır. Gözəl kadrlardır. Ürəyimi dağa döndərən bu kadrlar məni düz 29 il əvvələ -iyun ayının 16-na apardı. Düz 29 il əvvəl bu günü cənab general bilirsiniz, harada olub? Müstəqil Azərbaycanın ilk sərhəd -buraxılış məntəqəsi 1992-ci il iyun ayının 16-da Azərbaycan-Rusiya sərhədinin Qusarın Samur qəsəbəsi ərazisində - Samur çayı üzərində yaradılıb.O vaxt baş leytenant Elçin Quliyevin rəhbərlik etdiyi 14 nəfərlik şəxsi heyət çox çətin, hər mənada çətin, ağır şəraitdə Yalama Əlahiddə nəzarət-buraxılış məntəqəsinin yaradıcısı oldular. Mən o illərin canlı şahidiyəm. Təvazökarlıqdan uzaq olsa da yeganə jurnalistəm ki, müstəqil Azərbaycanın ilk keçid məntəqəsinin necə qurulmasını əyani olaraq görmüşəm.Tarixdən məlumdur: o illər necə ağır idi...Ölkədə vəziyyət heç ürəkaçan deyildi, üstəlik də üzdəniraq separatçı "Sadval" təşkilatı Samurun o tayında ölkəmizə qarşı ərazi iddiası sürməkdə idi. İyunun 16-da, isti bir yay günündə Samur çayı üzərində iki yaşıl dəmir vaqonda işə başlayan ilk sərhədçilərimiz çox çətinliklə üzləşiblər, çox problemlər görüblər, amma ora sancılan Azərbaycanın üçrəngli bayrağını heç vaxt enməyə qoymayıblar. Baş leytenant Elçin Quliyev 1992-ci il iyun ayının 16-da ilk iş günü heç də indiki kimi əl götürüb oynamayıb, hərbçi yoldaşları ilə birgə çətin iqtisadi-sosial-siyasi bir dövrdə Azərbaycanın Rusiya ilə dövlət sərhədinin möhkəmləndirilməsi üçün gənc hərbçi düşüncəsi və sərrast ağlı ilə şərəfli və məsuliyyətli bir işin səmərəli təşkilinə start verib. Nəticə göz qabağındadı. Son 29 ildə Azərbaycanda dövlət sərhədinin mühafizəsi idtiqamətində çox böyük işlər görülüb. İndi Samur buraxılış məntəqəsi Azərbaycanın ən iri beynəlxalq keçid məntəqələrindən biridir. Yalama Əlahiddə buraxılış məntəqəsi adı ilə fəaliyyətə başlsyan ilk buraxılış məntəqəmiz bu illər ərzində dövlət sərhədinin bütün ölkə boyu genişlənməsinə zəmin yaradıb. Xudat sərhəd dəstəsi, onlarla zastava, komendatura, Rusiya ilə daha bir neçə müasir keçid məntəqəsi...Bunlar hələ şimalda həyata keçirənlərdir. Ümumiyyətlə, bütün ölkə boyu aparılan sərhəd quruculuğu işləri göz qabağındadır. Azərbaycanın İran və Gürcüstan, Naxçıvanda Türkiyə və İranla sərhədlərində dövlət sərhədinin maddi-texniki bazası, infrastrukturu necə inkişaf edib, bunu hər birimiz görmüşük, eşitmişik. Bu barədə çox danışmaq olar, çox danışmışıq da.İndi Azərbaycanın Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəd ərazilərimizdə yeni eraya qədəm qoyub. İşğaldan azad olunmuş rayonlarımızda sərhəd infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görülüb və görülməkdədir. Bunu tez-tez televiziyada Zəngilanda, Qubadlıda, Cəbrayılda açılan yeni sərhəd obyektlərinin timsalında görürük. Bu işlər bütün azad olunmuş rayonlarımızda sürətlə aparılır. Şəxsən mən özüm bu il yanvarın 5-6 da general-polkovnik Elçin Quliyevin də qatıldığı DSX-nin jurnalistlər üçün təşkil etdiyi infoturda iştirak edərkən gördüm ki, Azərbaycanın bu dilbər guşələrində necə sürətlə iş aparılır.Burada bütün sahələrdə olduğu kimi, dövlət sərhədinin etibarlı mühafizəsi də prioritet məsələlərdəndir. Yanvar ayında biz jurnalistlər Zəngilanın Ermənistanla sərhəd olan sonuncu sərhəd məntəqəsi olan Ağkənd və Qazançı zastavalarında da olmuşduq. Şəxsən mən Qazançı sərhəd zastavasında lap yaxınlıqdakı Ermənistan postunda dayanan erməni əsgərinin Azərbaycan tərəfə, bizə, sərhəddə qürurla dayanan, heç bir fitnəyə uymadan məğrur duruşunu pozmayaraq dövlət sərhədini qoruyan Azərbaycan əsgərinə necə nifrətlə baxmağının şahidiyəm. Qazançı zastavasından Ermənistanın Qafan aeroportu, Sünik rayonu çox aydın görünür.

 

Bəli, DSX-nin rəisi Elçin Quliyevin düz 29 il əvvəl şimal sərhədində xidmətə başladığı ilk gündür bu gün-16 iyun 1992 ci il. İllər ötüb. Çox şey dəyişib. Amma baş leytenantlıqdan general rütbəsinə qədər yüksələn Elçin Quliyevin dövlətə, dövlətçiliyimizə, prezidentə münasibəti dəyişməyib. On il ümummilli liderimiz Heydər Əliyevin siyasətini öz əməli işilə təbliğ edən, onun dövlət sərhədinin mühafizəsi ilə verdiyi tapşırıqları layiqincə yerinə yetirən DSX rəisi bu gün Heydər Əliyevin layiqli varisi İlham Əliyevin yanındadır. Öz işilə, xidmətilə, dəyişməyən sədaqətilə. Heç nəyə  fikir vermədən Azərbaycanın yenilməz Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sərhəd salnaməsinə tarix yazmaqda  davam edir general Elçin Quliyev. Generalın biz jurnalistlərə Zəngilanda gecə tonqal başında dediyi aşağıdakı sözləri indi çox yaxşı xatırlayıram: "Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımız İlham Əliyev  44 günlük Vətən müharibəsində mümkün olan hər şeyi etməklə yanaşı, mümkün olmayan hər şeyidə etdi. Azərbaycan xalqı böyük qələbə sevincini möhtərəm liderinin qətiyyəti, şanlı Azərbaycan Ordusu hesabına, rəşadətli oğullarının qanı bahasına yaşadı:

 

Mən gördüklərimi yazdım. İllərin xronikasına toxundum. Hələ çox az, cüzi bir hissəsinə toxundum o illərin. Sonda yenə də ötən gün Şuşada - Cıdır düzündə yaşanan möhtəşəm görüşə qayıtmaq istərdim. Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşaya, daha doğrusu, öz evinə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə Heydər Əliyev Fondunun təşkil etdiyi "Musiqi irsi və Qarabağ atları Cıgır düzündə" adlanan musiqili kompozisiyanın gedişində qeydə alınan o şıdırğı rəqs də bir yaddaqalan oldu. Cənab Prezidentin səmimi rəqsi...möhtəşəm görüntülər. Dünyaya gülə-gülə də sərt bir mesaj. General Elçin Quliyevin də qismətində Cıdır düzündə iki prezident qarşısında  rəqs etmək varmış və deyərdim ki, haqqı çatan bir rəqs oldu bu rəqs.

 

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev başda bütün sərhədçilərimizi 16 iyun-Yalama Əlahiddə  buraxılış məntəqəsinin -indiki Xudat sərhəd dəstəsinin  yaranması günü münasibətilə təbrik edirəm. Dövlət sərhədinin mühafizəsində bu gün  öz səyini əsirgəməyən, ucqar-yaxın bütün ərazilərdə xidmət edən hər bir sərhədçimizi təbrik edirəm. Təbii ki, Vətən müharibəsində itirdiyimiz 47 şərhədçi şəhidimizin ruhunu da hörmətlə anıram. Ruhları qarşısında baş əyirəm. Vətən sağ olsun. O Vətən ki, sərhəddən  başlayır....

 

Aytəkin ALXASLI

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar