Modern.az

Şuşa Bəyamnaməsi Qarabağın təhlükəsizliyinin qarantıdır

Şuşa Bəyamnaməsi Qarabağın təhlükəsizliyinin qarantıdır

Aktual

16 İyun 2021, 17:43

“15 iyun 2021-ci il tariximizin ən parlaq və ən şanlı səhifələrindən biri olaraq yaddaşlarda qalacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin yeni mərhələsinin başlanğıçı hesab oluna bilər”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri tariximizin mühüm səhifələrindən birini təşkil edəcək. Şuşada iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik haqqında Bəyannamənin imzalanması isə Azərbaycan-Türkiyə münasibətlərinə öz möhürünü vurdu. Burada ən mühüm məqam ondan ibarətdir ki,  tərəflər təhlükəsizlik amilinə xüsusi önəm verir. Belə ki, Bəyannamədə  müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.  Yəni, Türkiyə Azərbaycana qarşı hərbi təcavüzü özünə qarşı, Azərbaycan da Türkiyəyə olan hərbi təcavüzü özünə qarşı təcavüz kimi dəyərləndirəcək və bu məsələdə bir birinə açıq dəstək verəcək. Hesab edirəm ki, bu faktor Ermənistana və onun havadarlarına qarşı ciddi mesajdır. Bəyannamənin Qarabağın gözü olan tarixi Şuşa şəhərində imzalanması isə xüsusi məna kəsb edir. Ermənilər və onların havadarları, revanşistlər anlamalıdır ki, əgər Azərbaycana və onun ayrılmaz hissəsi olan Qarabağa nə vaxtsa yenidən hərbi təcavüz etmək niyyətinə düşərlərsə qarşılarında Türkiyəni də görəcəklər. Bəyannamənin Şuşa şəhərində imzalanması hər iki ölkənin bu məsələdə qətiyyətli mövqeyinin ifadəsidir.  1921-ci ildə Naxçıvanın təhlükəsizliyi məqsədilə imzalanan Qars Müqaviləsindən 100 il sonra Türkiyə növbəti müqavilə ilə Qarabağın təhlükəsizliyinin qarantına çevrildi.

 

Fatma Yıldırım qeyd edib ki, Şuşada Türkiyənin konsulluğunun açılması da dostuq və qardaşlığımızın nümunəsi olacaq. Həmçinin ölkəmizdə SİHA müəsisəsinin  yaradılması da nəzərdə tutulur ki, bu da hərbi sənayemizin inkişafında ciddi bir amil olacaq.

 

Sənəddə digər vacib məqamlardan biri də geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri ilə bağlıdır. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq.

 

Deputatın sözlərinə görə, bütövlükdə Türkiyə Prezidentinin  öz ailəsi ilə birlikdə qədim Şuşa şəhərini ziyarət etməsi tarixi hadisədir:

 

“Şuşaya gedərkən yol boyunca cənab Ərdoğan və ailə üzvləri erməni vandalizminin canlı şahidi oldular. Amma bütün bunlar arxada qaldı. Hazırda Qarabağda quruculuq işləri həyata keçirilir və bu prosesdə Türkiyə şirkətləri də yaxından iştirak edirlər. İnanırıq ki, qısa müddətdə doğma Qarabağımız cənnət məkana çevriləcək. Heydər Əliyev Fondu tərəfindən Cıdır düzündə təşkil olunmuş ədəbi-bədii kompozisiya isə milli-mədəni ənələrimizi, Şuşanın mədəniyyətimizin beşiyi olduğunu bir daha təsdiqlədi”.

 

Deputat söyləyib ki, bundan sonra Azərbaycanla Türkiyənin birliyi daha da möhkəmlənəcək: “Prezidentimiz cənab  İlham Əliyevin dediyi kimi Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, cənab Ərdoğanın dediyimi kimi Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır