Modern.az

Taqanroq diviziyasının igid döyüşçüsü Şamil Yadigarov - FOTOLAR

Taqanroq diviziyasının igid döyüşçüsü Şamil Yadigarov - FOTOLAR

23 İyun 2021, 12:43

O, ilk əsgər addımlarını Sumqayıt çöllüklərində atmışdı, sonralar bütün həyatını da elə bu yerlərlə bağladı 


Tale elə gətirmişdi ki, əslən bağlı-bağatlı Tovuzdan olan, o zaman 18 yaşı yenicə tamam olmuş Şamil Yadigarovun i
lk əsgərliyi 26 fevral 1943-cü ildə Sumqayıtdan, daha doğrusu, o zaman ucu-bucağı görünməyən boz çöllərdən başlamışdı. Bu, o dövr idi ki, Sovet Ordusu müharibədə artıq ilk qələbəsini qazanmışdı -  neçə ay idi ki uğrunda qanlı döyüşlərin getdiyi, ağır silahlarla aramsız atəşə tutulmaqla üzərinə 500-dən artıq  tankın hücuma keçdiyi, başı üstünə minlərlə bomba yağdırılan və sonda alman faşistlərinin çox çətinliklə də olsa ələ keçirdikləri Stalinqrad, nəhayət ki yanvarın əvvəllərində düşməndən tam azad edilmişdi və SSRİ-nin müxtəlif millətlərindən olan əsgərlərin döyüşdüyü orduda böyük ruh yüksəkliyi yaranmışdı. 


Ötən əsrin 80-ci illərində Şamil kişi ilə respublikamızın ən nəhəng metallurgiya müəssisəsinin - Azərbaycan Boru-prokat zavodunun eyni - prokat sexində çalışmışdıq. Əməksevərliyinə, səmimiyyətinə, düzlüyünə, prinsipiallığına görə böyük ehtiram bəslədiyim çox sadə, təmiz vicdanlı bu adamla sonralar uzun müddət idi ki görüşmürdük. Odur ki, keşməkeşli həyat yolu keçmiş bu müharibə veteranını 4 il əvvəl – 2017-ci ilin 9 may ərəfəsində axtarıb, taparaq çox böyük sevinc və ehtiramla görüşmüşdük. İkimizin də coşqun təbiətli ötüb-keçən illərimizi nostalgiya ilə yada salmaqla yanaşı artıq yaşa dolmuş bu müdrik, ağsaqqal adamın döyüş yollarına da nəzər salmışdıq...


Şamil kişi hərbi xidmətə çağrıldığı o uzaq 1943-cü ili xatırlayaraq bildirmişdi ki, o vaxtlar Sumqayıtın indiki yeri bomboz çöllük idi. Dənizin yaxınlığında, qumlu sahələrdə üzümlüklər də vardı, ancaq ətraf yerlər daha çox kol-kosla, tikanlıqlarla örtülmüşdü. Heç bir ağac bitməyən şoranlıq sahələr uzandıqca uzanıb gedirdi. Qədim Corat kəndindəki 40-50 evdən başqa ətrafda heç nə gözə dəymirdi. Azərbaycan Milli diviziyasının 1079-cu ehtiyat atıcı polku burda yerləşirdi... 


HAŞİYƏ (rəsmi mənbələrdən):
  Zaqafqaziya Hərbi Dairəsi komandanlığının əmrinə əsasən Azərbaycanın 416-cı milli atıcı diviziyasının formalaşdırılmasına mərkəzi ştabı Ucarda olmaqla 1942-ci ilin fevralında  başlanılmışdı. Onun 4 polkundan ikisi Ağdamda, biri Göyçayda, digəri isə Sumqayıtda yaradılmışdı. Diviziyanın şəxsi heyətinin 92%-i, yəni 11 min nəfərdən çoxu azərbaycanlılar idi. Onun tərkibində 291 nəfər rus, 225 erməni, 110 gürcü, 99 ukraynalı, 28 yəhudi, 23 belorus və digərləri də vardı. Diviziyanın silah-sursat arsenalı üçün 5156 tüfəng, 1022 avtomat, 167 əl pulemyotu, 217 tank əleyhinə silah,  308 puşka, 181 minomyot, 65 maşın verilmişdi.


***


Şamil Yadigarovun dediyinə görə, diviziyanın komandiri ortaboy, qarayanız bir adam olan cəsur polkovnik Tərlan Əliyarbəyov idi (Taqanroq uğrunda uğurlu döyüş əməliyyatlarına görə sonralar ona general-mayor rütbəsi verilmişdi). Hələ gənc Şamil hərbi xidmətə çağırılanadək Azərbaycan diviziyası 44-cü ordunun tərkibində Şimali Qafqaza səfərbər olunmuşdu. Vəziyyət elə gətirmişdi ki, milli diviziyamız Qafqaz uğrunda mübarizənin ən şiddətli dövründə döyüşlərə atılmışdı. Bu o dövr idi ki, Hitler Almaniyasının "Cənub" ordu qrupu komandanlığına dəqiq vaxt təyin edilərək, neft  Bakısını ələ keçirmək əmri verilmişdi.


Lakin 1942-ci ilin noyabrında sovet qoşunlarının başladığı əks-hücumlar nəticəsində Şimali Qafqaz 3 ay ərzində düşməndən tam azad edilmişdi. Hitlerçilər Qroznı ətrafındakı və Qafqaz dağlarındakı şaxtalı-sazaqlı qış döyüşlərinə tab gətirməyərək, böyük itki verməklə məğlubiyyətə düçar olub, geri çəkilməyə məcbur edilmişdi – neft Bakısını ələ keçirmək planı baş tutmamışdı.


Ş.Yadigarovun xidmət etdiyi polk sonradan yaradılmış ehtiyat atıcı polku idi. Onun əsgərləri hərbi təlimlər keçənə qədər isə əsas diviziyanın döyüşçüləri 1943-cü ilin yanvarının əvvəlinə kimi Qafqazdan Azov sahilinə qədərki böyük bir döyüş yolunu uğurlu əməliyyatlarla keçərək, növbəti döyüşlərə hazırlaşırdılar.


Ş.Yadigarov xidmət etdiyi ehtiyat polkun tərkibində əsgər yoldaşları ilə birgə bir-neçə ay təlim keçdikdən, hərbi qayda-qanunu, nizam-intizamı öyrəndikdən, tüfəng (o vaxtlar avtomatlar çox az idi) və qumbara, tank əleyhinə silahlar və s. ilə “dostlaşıb, dil tapdıqdan” sonra onların polku 1943-cü ilin avqustunda Taqanroqun azad edilməsi üçün ön cəbhəyə göndərilmişdi. Avqustun 17-dən etibarən həmin şəhər istiqamətində başlanmış hücumlarda iştirak edən Azərbaycan milli diviziyası 28-ci Sovet ordusunun tərkibində ağır döyüşlərə atıldı.  Avqustun 28-dən daha da güclənən ağır döyüşlər bütün dəhşətləri ilə Şamil dayının yaddaşında kök salmışdır. 


...Y
ayın həmin qızmar günündə hər tərəf bütünlüklə toz-duman içində idi, güllələr yerdən-göydən yağış kimi yağırdı. Döyüşlər iki gün idi ki ara vermədən davam edirdi. Bütün ətraf sahələr dağıntılar altında, ölənlərlə, yaralılarla dolu idi. O döyüşlərdə sıravi əsgər Şamil Yadigarov da ayağından ağır yaralanır. Belə ki, almanlar yüksəklikdə mövqe tutduqlarından sovet döyüşçülərinin bütün hərəkətini, yerdəyişməsini çox yaxşı görür və onları aramsız atəşə tuturdular. Buna baxmayaraq, Taqanroq diviziyasının əksəriyyəti azərbaycanlı olan döyüşçüləri ölüm-dirim mübarizəsi apararaq, irəliləyirdilər. Artıq avqustun 30-da diviziyanın cəsur döyüşçüləri qətiyyətlə hücuma keçib, faşistləri aramsız atəşlərlə doğrayıb-tökür, qaçmağa məcbur edərək, qovurdular.


O döyüşlər zamanı gənc əsgər Ş.Yadigarov özü də təəccüb qalmışdı ki, düşmən pulemyotunun güllə qəlpəsi onun tüfənginin qundağını necə deşib keçib, lakin onun özünə dəyməyib. Ancaq qəlpə onun sol ayağının orta barmağını qopartmış, pəncə sümüyünü ağır yaralamışdı. Lakin şiddətli döyüşlər getdiyindən gənc əsgər bunu hiss etməyib. Yalnız düşmən xeyli geri çəkildikdən, gecə döyüşlər bir az səngidikdən sonra hiss edib ki, ayağı “su içindədir”. Yaralanmış, şişmiş ayağını yoldaşlarının köməyi ilə çəkmədən zorla dartıb çıxardanda ayağının qan içində olduğunu görüb. Sanitarlar təcili olaraq yarasını təmizləyib bağlayaraq, onu elə gecə ikən digər yaralılarla birgə qospitala göndərmişdilər.18 gün orda ciddi müalicə olunduqdan sonra Ş.Yadigarov yenidən döyüş yoldaşlarının yanına qayıtmışdı. 


Hələ qospitalda ikən eşitmişdi ki, avqustun 30-da diviziya Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük hünər, əzmkarlıq, qəyiyyət və igidlik göstərdiyinə, o ağır döyüşdəki mühüm qələbəyə görə Azərbaycan milli diviziyasına  "Taqanroq diviziyası" fəxri adı verilib. Bu, 18 yaşlı gənc döyüşçü Şamili hədsiz dərəcədə sevindirmişdi. Həmyerlisi, pulemyotçular bölməsinin komandiri, cəsur döyüşçü Ağaşirin Cəfərovun Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi isə onda daha böyük qürur hissi doğurmuşdu. Bir müddət sonra məlum olmuşdu ki, uğurlu Taqanroq əməliyyatlarına görə onun döyüş dostlarının bir çoxu da yüksək döyüş orden və medallarına, özü isə “İgidliyə görə” medalına layiq görülüb. 


Müharibənin dəhşətlərini hələ də unuda bilmir...
 



Şamil dayı müharibədə şahidi olduğu ağrılı-acılı dəhşətləri hələ də unuda bilmir:


- Döyüşlər zamanı yanımda-yörəmdə o qədər əsgər və zabitlərimiz, həmyerlilərimiz həlak olurdu ki... Bəziləri birbaşa dəyən güllədən, bəziləri - iri qəlpələrdən. Bunları görə-görə vuruşmaq, döyüşü davam etdirmək heç də asan deyildi. Ancaq digər tərəfdən də bu, yoldaşlarımızın qisasını, intiqamını almaq istəyimizi daha da gücləndirir, bizi hətta bir az səbrsiz də edirdi. Özü də biz almanların üzərinə hücum edib, irəlilədikcə, arxada bizim yoldaşlarımızın meyidləri ilə yanaşı bir az əvvəl həmin mövqelərdə vuruşub, həlak olan faşistlərin də meyidləri qalırdı. Həlak olanların sifətləri toz-torpaq içində, qap-qara olduğundan onları ancaq hərbi formalarından tanımaq, ayırd eləmək olurdu - hansılar “bizimkilər”, hansılar onlarındı.


Şamil kişi o dəhşətli günləri yada salıb, daha sarsıdıcı bir faktı da dilə gətirməli olur. Deyir ki:


-  O vaxtlar SSRİ-nin iqtisadi vəziyyəti, hərbi hazırlığı zəif olduğundan, nəinki silah-sursat, hətta hərbi geyim çatışmadığından məcbur olub... həlak olan döyüşçülər soyundurularaq, bütün paltarları əyinlərindən çıxarılırdı ki, müharibəyə təzə gəlmiş əsgərlərə verilsin. Ölənlər lüt-çılpaq şəkildə, həm də kütləvi halda, qalaq-qalaq, ümumi bir məzarda basdırılırdı (əslində  -  dərin bir quyuda. Hərəyə bir qəbir hardaydı ki? Ağır döyüşlərin getdiyi yerlərdə bu, heç cür mümkün deyildi). Bəlkə də, onların arasında ölümcül olan, lakin tələsiklik olmasaydı, sağalmaq ehtimalı olanlar da vardı... Ancaq gözləməyə vaxt yox idi, müharibə, döyüşlər aman vermirdi. Həlak olan döyüşçülərin  basdırılma yerləri xüsusi xəritədə göstərilirdi və siyahı tutularaq, ad-familiyaları qeyd olunurdu. Dediyim kimi, onların hərbi geyimləri müharibəyə təzə gələn gənc əsgərlərə verilirdi, yəni əsgər paltarlarına qənaət edilirdi. Dəfələrlə gözümlə görmüşəm. Bu, çox dəhşətli bir mənzərə idi. Onu fikirləşmək ki, bir gün səni də belə aqibət gözləyə bilər, adama lap ağır gəlirdi...


Bilirsiz, axı əsgərlərin çoxusunun 18 yaşı vardı. Əslində belə baxanda 18 yaş nə idi ki? Çoxusu elə parta arxasından əsgərliyə çağırılanlar idi. Nə gizlədim, ağır döyüşlər zamanı elələri də olurdu ki, müharibənin, döyüşlərin vahiməsinə, top-mərmi gurultusuna dözə bilmirdi, ürəyi tab gətirmirdi. Təəssüf ki, hərdən güllə dəyməmiş ürəyi partlayıb, ölənlər də olurdu.


Yəqin ki bunu nəzərə alıb, sonradan bir qərar çıxdı ki, bütün “molodoy”lar - cavan əsgərlər toplanmaqla böyük bir eşalon düzəldilərək,  Privoljye hərbi dairəsinə - “uçebni” diviziyaya, hərbi təlimlər keçmək, döyüşə həm fiziki, həm də ruhən, mənəvi cəhətdən hazır olmaq üçün göndərilsinlər.

 
...Taqanroq döyüşlərində 6 min azərbaycanlı döyüşçü iştirak etmişdi və onların ancaq yarısı vətənə sağ-salamat (onlardan da bəziləri yaralı, şikəst halda) qayıda bilmişdi, 3 minə qədəri isə həlak olmuş, döyüş meydanlarında qalmışdı. 


Müharibə davam edirdi...
 


Bir müddət sonra Şamil Yadigarovgilin batalyonunun yerini dəyişdilər. Onlar 8 gün marş-brosok eləməli oldular. Gənc əsgər Şamilə yaşı 40-dan çox olan, Roqozin familiyalı bir sibirli əsgəri də təhkim edərək demişdilər ki, onun gözü gecələr görmür, səngərdə olanda, ya bir yerdən başqa yerə keçəndə onun əlindən bərk yapış ki, yanında olsun, rotadan ayrı düşməsin, azıb-itməsin, düşmən əlinə keçməsin.


- Gecələr səngərdə, kolluqda-zadda gizlənirdik, - deyir Ş.Yadigarov, - marş edirdik, Roqozin də həmişə mənim yanımda. O zalımın da əlləri dəmir kimi, kuvalda (gürz) kimi elə bərk idi, ağır idi ki, əlini əlimdə saxlaya bilmirdim. Eləsini əslində müharibəyə aparmamalıydılar. Bədbəxt gecələr görmürdü axı, həqiqətən əsir düşə bilərdi. Ancaq müharibənin o dəhşətli günlərində kim idi ona baxan, təki döyüşçülərin sayı çox olaydı.


...Ordunun əsasını təşkil edən kiçik komandirlər - serjant heyəti hazırlamaq üçün Privoljye hərbi dairəsinə, “uçebni” diviziyaya göndərilənlər arasında cəmi iki azərbaycanlı vardı – Ş.Yadigarov və daha bir nəfər. Ancaq o birisi sonradan özünü dəliliyə vurub, tərxis olundu. Şamil cəsur və hünərli olduğundan, bütün çətinliklərə dözərək, 3 aylıq kursu uğurla başa vurdu. Ona və digər “məzunlar”a serjant rütbəsi verildi. Onlardan 17 nəfər seçilərək rotada, ştabda saxlanıldı ki, biri də ordakı yeganə azərbaycanlı Ş.Yadigarov idi. Hərbi nizam-intizama dəqiq əməl etdiyinə,döyüş təlimlərini yaxşı yerinə yetirdiyinə görə onu rota komandiri özü saxlatmışdı orda. Həm də komandir onun Azərbaycandan gələn, rus dilini zəif bilən əsgərlər üçün daha yaxşı təlim keçə biləcəyinə tam əmin idi. Gənc əsgərlər 3 aylıq təlim keçdikdən sonra digər hərbi hissələrə, cəbhəyə göndərilirdi. Şamil Yadigarovun təlim keçdiyi kursantlar adətən daha hazırlıqlı, nümunəvi olurdular. Bunu o, gənc əsgərlərdən ilk növbədə özünün şəxsi nümunəsi, davranışı, hərbi intizama sadiqliyi, hərbi işi mükəmməl bilməsi ilə “tələb edirdi”. 


Müharibədən sonra...
 



Alman faşizmi üzərində SSRİ-nin tarixi qələbəsindən sonra Şamil Yadigarov xeyli müddət Sovet Ordusu sıralarında xidmətini davam etdirməli oldu. 1953-cü ildə Omskda piyada “uçiliş”ini minomyotçu kimi bitirərək, leytenant rütbəsi aldı. Lakin bir müddət sonra rus zabitlərinin xeyli hissəsi ixtisara salındı, milli diviziyaları isə öz respublikalarına göndərdilər.


Ş.Yadigarov sonrakı hərbi xidmətini Azərbaycanın Zaqafqaziya hərbi dairəsinə daxil olan Suvorov ordenli, Qırmızı Bayraqlı Taqanroq Milli diviziyası tərkibindəki, Salyan kazarmasında yerləşən hərbi hissədə davam etdirdi. Lakin 1956-cı ildə SSRİ-nin bütün müttəfiq respublikalarındakı milli diviziyalar ləğv edildiyindən, o, bir vaxtlar əsgər kimi ilk addımlarını atdığı Sumqayıta üz tutmalı oldu. Burda o, cəmi 7 yaşı olan gənc şəhərin o vaxtkı rəhbəri Kamran Hüseynovdan xahiş edir ki, Sumqayıtın qurulub-tikilməsində iştirak etmək üçün onu ən ağır sahələrdən birinə adicə bir fəhlə kimi işləməyə göndərsin. Şəhərin rəhbəri onun bu təşəbbüsünü bəyənərək, Bakı Boru-prokat zavodunun (BTZ, indiki “Azərboru”) yenicə tikilməkdə olan prokat sexinə fəhlə işinə göndərir.


O gündən taleyini Azərbaycanın həmin nəhəng metallurgiya müəssisəsi ilə bağlayan Şamil Yadigarov ömrünü bütünlüklə metallurgiya işinə, Sumqayıta həsr edir.


***


Vətən qarşısında borcunu həm döyüşçü, həm də əmək adamı kimi şərəflə yerinə yetirmiş, 2-ci dərəcəli “Böyük Vətən müharibəsi” və “Qırmızı Əmək Bayrağı” ordenləri, “Döyüş xidmətlərinə görə” medalı ilə təltif edilmiş, istefada olan kapitan Şamil Yadigarov hazırda ömrünün  97-ci ilini yaşayır. Dörd övlad atası və nəvələrinin xoşbəxt babası olan Şamil dayıya 4 il əvvəl daha bir sevinc nəsib olub – ikinci nəticəsi dünyaya gəlib.  Nəvəsi ona öz sevimli babasının adını qoyuib – Şamil!


Şərəfli adın estafeti davam edir! 


P.S.
Mən bilərəkdən bu müharibə oçerkini nikbin ruhda tamamlayıram. Son vaxtlar bu igid azərbaycanlımız, gözəl insan, nüfuzlu ağsaqqal Şamil Yadigarovla əlaqə saxlaya bilməsəm də, çox istərdim ki, o, bu gün də yaşamaqda davam etsin, özünün də az rolu olmadığı 9 May qələbəsindən sonra daha bir Qələbənin, Vətənimizin möhtəşəm 8 Noyabr Qələbəsinin, doğma Qarabağımızın sevincini də doyunca yaşasın!



Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi