Modern.az

Deputat: Məqsəd uşaqları sosial şəbəkələrdən uzaqlaşdırmaq deyil

Deputat: Məqsəd uşaqları sosial şəbəkələrdən uzaqlaşdırmaq deyil

Aktual

Bu gün, 17:52

Sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərin əsas məqsədi uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz iştirakını təmin etmək, onları zərərli məzmun və risklərdən qorumaqdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsi sədrinin müavini Arzuxan Əlizadə saytımıza açıqlamasında deyib.

Deputat bildirib ki, qanun layihəsinə yanaşarkən ilk növbədə onun mahiyyəti düzgün başa düşülməlidir:

"Sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı qanunvericiliyə təklif olunan dəyişiklikləri həm hüquqi, həm də sosial baxımdan qiymətləndirmək mümkündür. Burada əsas məqsəd 16 yaşına qədər olan uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə iştirakını təmin etməkdir. Bu dəyişikliklər sosial şəbəkələrdən istifadəyə qadağa qoymaq məqsədi daşımır. Məsələyə ilk növbədə bu prizmadan yanaşmaq lazımdır".

Arzuxan Əlizadənin sözlərinə görə, təklif olunan mexanizm beynəlxalq təcrübəyə əsaslanır və dünyanın bir sıra ölkələrində artıq analoji tənzimləmələr tətbiq olunur:

"Bir çox aparıcı ölkələrdə sosial şəbəkələrdə yaş məhdudiyyətləri artıq qüvvəyə minib, digər ölkələrdə isə bununla bağlı qanunvericilik təşəbbüsləri müzakirə edilir. Azərbaycanda da nəzərdə tutulan dəyişikliklər həmin beynəlxalq təcrübəyə uyğun şəkildə hazırlanır".

Deputat qeyd edib ki, layihəyə əsasən sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın yoxlanılması tətbiq ediləcək. Bununla yanaşı, 16 yaşadək şəxslər üçün qeydiyyata məhdudiyyət, 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı mexanizmi nəzərdə tutulur.

Onun fikrincə, bu yanaşma uşaqların internetdən təhlükəsiz istifadə imkanlarını artıracaq və onları müxtəlif risklərdən qorumağa xidmət edəcək.

Əlizadə bildirib ki, sosial şəbəkələr və internet resursları böyük imkanlar yaratmaqla yanaşı, müəyyən təhlükələr də formalaşdırır:

"Bir çox hallarda yeniyetmələr kiberdələduzluqların qurbanına çevrilə, müxtəlif manipulyasiyaların təsiri altına düşə bilərlər. Onların internetdən istifadə təcrübəsi kifayət qədər formalaşmadığı üçün zərərli vərdişlərə yönləndirilmələri, yaşlarına uyğun olmayan məzmunla qarşılaşmaları mümkündür".

Deputat vurğulayıb ki, qanun layihəsində məhz belə risklərin qarşısının alınması hədəflənir:

"Yaşa uyğun olmayan kontentə çıxış imkanlarının məhdudlaşdırılması yeniyetmələrin təlim-tərbiyəsi və sağlam inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlər də məhz bu istiqamətə yönəlib".

Arzuxan Əlizadə hesab edir ki, qanunun qəbul olunması özlüyündə kifayət etmir. Onun sözlərinə görə, əsas məsələ tətbiq mexanizmlərinin səmərəli qurulmasıdır.

"Qanunun effektiv işləməsi üçün nəzarət mexanizmləri yüksək səviyyədə qurulmalıdır. Bu səbəbdən qanunun bir ildən sonra qüvvəyə minməsi nəzərdə tutulur. Həmin müddət ərzində mütəxəssislərin rəyləri əsasında elə mexanizmlər hazırlanmalıdır ki, 16 yaşına qədər olan şəxslər müxtəlif vasitələrlə bu məhdudiyyətləri asanlıqla keçə bilməsinlər".

Deputat bildirib ki, qanunun uğurlu tətbiqi yalnız hüquqi mexanizmlərdən asılı deyil. Bunun üçün maarifləndirmə də mühüm rol oynayır.

Onun fikrincə, məktəblərdə kibertəhlükəsizlik mövzularının daha geniş tədris olunması, uşaqların rəqəmsal savadlılığının artırılması və valideynlərin bu sahədə maarifləndirilməsi vacib şərtlərdəndir.

Əlizadə əlavə edib ki, bu prosesdə dövlət qurumları ilə yanaşı ailə, təhsil müəssisələri və sosial şəbəkə platformalarını idarə edən texnologiya şirkətləri də məsuliyyət daşıyırlar.

Deputat sonda vurğulayıb ki, qanunun əsas məqsədi uşaqları rəqəmsal dünyadan təcrid etmək deyil:

"Məqsəd uşaqları internetdən uzaqlaşdırmaq deyil. Əsas məqsəd onların rəqəmsal mühitdə, sosial şəbəkələrdə və internet resurslarında təhlükəsiz, məsuliyyətli davranış vərdişləri formalaşdıraraq iştirak etmələrini təmin etməkdir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada