Modern.az

Həqiqətə uyğun olmayan məlumatlar haradan qaynaqlanır?

Həqiqətə uyğun olmayan məlumatlar haradan qaynaqlanır?

Aktual

2 Avqust 2021, 13:21

Son günlər bəzi media orqanlarında ilin sonunadək Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız, həqiqətə uyğun olmayan məlumatlar yayılır və bu mövzu ətrafında fikirlər bildirilir, müzakirələr aparılır. Əslində bu, müəyyən siyasi qüvvələr tərəfindən ortaya atılan və ölkə gündəmini belə mənasız iddia ilə məşğul etmək məqsədi daşımaqdan başqa bir şey deyil.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

 

Rəşad Mahmudovun bildirdiyinə görə, yayılan və müzakirə olunan xəbərlərin əsasında elə bir güclü arqument, müddəa səsləndirilmir. Çünki irəli sürülən fikirlər ölkədə cərəyan edən hadisələrin gedişi ilə heç bir uyğunluq təşkil etmir. Ona görə ki, son illərdə ölkədə genişmiqyaslı struktur və kadr islahatları aparılıb, Milli Məclisə seçkilər keçirilib və bunun nəticəsində dövlət idarəetməsinin səmərəliliyi, şəffaflığı daha da artırılıb, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması, layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli yüksək səviyyədə gerçəkləşdirilib. Bir sözlə, istər parlamentə keçirilən son seçkilər, istərsə də dövlət idarəetmə islahatlarının uğulu reallaşdırılması sosial-iqtisadi islahatların sistemliliyini və dayanıqlılığını təmin edib, ölkənin davamlı inkişafını şərtləndirib. Ən əsası respublika həyatının bütün sahələrində islahatların sistemli şəkildə gerçəkləşdirilməsi bu prosesə inamı daha da artırıb. Bu isə Azərbaycanın ictimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf etdiyini göstərib.

 

Ümumiyyətlə, hazırda Azərbaycanda təkmil və ahəngdar dövlət idarəçiliyi mövcuddur və aydın hakimiyyət bölgüsü var, eləcə də müxtəlif dövlət qurumları bir- birinin fəaliyyətini tamamlayır və səmərəliliyi daha da artırır.

 

Rəşad Mahmudovun sözlərinə görə, belə olan halda bəzi media orqanlarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatların heç bir real və ciddi əsası yoxdur. Bir az əvvəl vurğuladığım kimi, bu, şübhəsiz ki, müəyyən siyasi qüvvələrin təxəyyülü, bəzi şəxslərin bilərəkdən yalan üzərində qurduqları xəbərlərdir.

 

Milli Məclisin deputatı açıqlamasını belə yekunlaşdırıb:

 

“Milli Məclisin VI çağırışından sonra bu orqanda reallaşdırılan stuktur yenilənməsi, eyni zamanda, qanunvericilik təşəbbüslərində, qanun layihələrinin müzakirəsində intensivliyin artması, deputat fəallığının yüksəlməsi bu gün heç kəsə sirr deyil. Parlamentin say tərkibi, eləcə də tərkibin formalaşdırılması üçün tətbiq olunan seçki sistemi isə uzun illərin sınağından uğurla çıxıb və Milli Məclisin səmərəli fəaliyyəti ilə günün tələblərinə tam uyğun olduğu təsdiqini tapıb.

 

Bu məsələlər son beynəlxalq hesabatlarda da diqqətə çatdırılıb. Həmin sənədlərdə Azərbaycanda dövlət idarəetməsində çevikliyin artırılması, həmçinin müxtəlif dövlət qurumları arasında yaranan sıx münasibətlərin idarəetmədə səmərəliliyin daha da yüksəlməsini şərtləndirdiyi xüsusi vurğulanıb. Bütün bunlar isə Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyinin, Milli Məclisin buraxılacağının əsassız fikirlər olduğundan xəbər verir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!