Modern.az

Cinayətlərin artması pandemiya ilə bağlıdır? - Gizli səbəblər

Cinayətlərin artması pandemiya ilə bağlıdır? - Gizli səbəblər

3 Avqust 2021, 10:50

Son vaxtlar ölkədə cinayət hadisələrinin artması əksər hallarda pandemiya şəraiti ilə əlaqələndirilir. Bir çoxları hesab edir ki, karantin rejimi insanlarda müəyyən qədər psixi gərginlik yaradıb ki, bu da sonda aqresiv addımlarla nəticələnir.

 

Bəs, cinayət əməllərinin başında pandemiya dura bilərmi? Belə ehtimal reallığı əks etdirirmi?

 

 Cinayətkar uşaq yaşından yetişdirilir...

 

 

Mövzu barədə Modern.az-a danışan psixoloq Aytən Ələkbərova hesab edir ki, pandemiya aqresiyaya və işsizliyə səbəb ola bilər, lakin cinayət hadisələrinin törədilməsi digər səbəblərlə əlaqəlidir:

 

“Bir insanın cinayət törətməsi üçün səbəb olaraq pandemiyanın adını dilə gətirmək çox gülüncdür. Cinayətkar uşaq yaşından yetişdirilir. Evdən valideynlərin aqresiyası,  atanın rahatlıqla  anaya əl qaldırması bunlar cinayətlərin başlanması üçün ilkin addımlardır. Hər hansısa oyunlarda  işgəncə tələb edən səhnələr olur və uşaqlar o oyunlarda hər hansı şəxsi bıçaqlayır, sürdüyü maşın xoşuna gəlmir, başqa maşının sahibi döyür, öldürmək dərəcəsinə gətirir və maşını onun əlindən alır. Cinayətləri pandemiyaya bağlamayaq. Son 12- 13 ildir ki, oyunların sayının artması cinayətlərin çoxalmasına səbəb olub. Biz uşaqların uğurunu düzgün şəkildə qiymətləndirməliyik. “Dərslərini yaxşı oxu, sənə playstation alacağam” deməklə yanlışlıq edirik. Növbəti cinayət sayını artıracaq insanlar yetişdirməməliyik. Seriallarda işgəncə və cinayət səhnələrinin yayımlanmağı adi hal alıb, əlbəttə, bu yanaşma doğru deyil. Gənc nəslin beynini məhv etməməliyik, onları inkişaf etdirməliyik. Pandemiya aqresiya, işsizlik yarada bilər, ancaq cinayət əməlinə səbəb ola bilməz”.

 

Cəmiyyətə neqativ informasiya verilir...

 

 

Deputat Aydın Mirzəzadə isə bildirib ki, cinayət törədən şəxsin o yola gəlib çıxana qədər qarşısını almaq üçün yetərincə imkanlar var:   

 

“Koronavirus pandemiyası insanların həyatına ciddi təsir edib və etməkdə də davam edir. Ancaq düşünmürəm ki, cinayətlərin artmasına əsas səbəb pandemiyadır. Ailə dəyərlərinin qorunması və insanların cəmiyyətdə davranışı ilə bağlı geniş şəkildə maarifləndirmə işləri aparmaq lazımdır.

 

Kütləvi informasiya vasitələrində yaxşı nümunələr göstərilməli, mütəxəssislər faydalı çıxışlar etməlidir. Cəmiyyətə verilən informasiyanın əksəriyyəti neqativdir. İndiki dövrdə çəkilən seriallarda aqresiya, ailədaxili münaqişələr, nəsillərin konflikti qabarıq şəkildə göstərilir. Cinayət törədən şəxsin bu yola gəlib çıxana qədər qarşısını almaq üçün yetərincə imkanlar var”.

 

Humay İsgəndərova    

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır