Modern.az

Cəbhə bölgəsinə gedən deputat: “Əsgərlərdə döyüş ruhunun yüksək olduğunu gördük”

Cəbhə bölgəsinə gedən deputat: “Əsgərlərdə döyüş ruhunun yüksək olduğunu gördük”

Aktual

30 Oktyabr 2012, 16:13

Bu gün bir qrup deputat cəbhə bölgəsinə səfər edib. Modern.az xəbər verir ki, Milli Məclisin sədr müavini Bahar Muradova əsgərlərlə görüş zamanı bildirib ki, “cəbhə bölgəsində olmaq, əsgərlərin əhval-ruhiyyəsini öyrənmək bizim üçün şərəfdir. Burada biz əsgərlərdə döyüş ruhunun yüksək olduğunu gördük”.

“Ermənistan işğal olunmuş ərazilərdə hərbi təlimlər keçməklə öz hərbi kontingentindən istifadə edərək ordusunun möhkəmliyini dünyaya çatdırmaq istəyir. Bununla Azərbaycanı qorxutmaq istəyir” -deyə B.Muradova vurğulayıb.

Modern.az-ın cəbhə bölgəsində olan müxbiri xəbər verir ki, Milli Məclisin sədr müavini Bahar Muradova düşmən səngəri ilə 450 metr aralıda olduqlarını bildirib:

“Bu bizim cəbhə bölgəsinə növbəti səfərimizdir. Düşmən səngəri ilə 450 metr aralıdayıq. Biz burada layiqli ordumuzu gördük. Dağlıq Qarabağ bizim öz problemimizdir. Hər millət öz ordusuna güvənməlidir. Söz yox ki, bu problem də bizim ölkənin problemidir. Ermənistan tərəfi işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir. Onlar hərbi kontingentindən istifadə edərək ordusunun möhkəmliyini dünyaya çatdırmaq istəyir. Bununla Azərbaycanı qorxtmaq istəyir. Amma biz onların ordusuna bələdik. Bu oyuncaq təlimlərlə bizi qorxuda bilməzlər”-deyə B.Muradova bildirib.

Millət vəkili onu da bildirib ki, bu ordunun qarşısında heç bir məsələ qeyri-müəyyən deyil. Ali baş komandanın bir əmri yetər ki, bu ordu ildırım sürətilə torpaqlarımızı işğaldan azad etsin.

Qeyd edək ki, cəbhə bölgəsində deputatlardan Musa Quliyev, Bəxtiyar Sadıqov, Arif Rəhimzadə və Sahibə Qafarova, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu, Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə, hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səadət Bənəniyarlı səfər ediblər.

Təmas xətti ilə üzbəüz dayanan hərbçilərlə görüşən deputatların səfərində məqsəd torpaqlarımızın keşiyində dayanan əsgər və zabitlərin vəziyyəti ilə tanış olmaq, onlarda ruh yüksəkliyi yaratmaqdır.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı