İsveçrənin Bürgenştok şəhərində iyunun 19-na planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayacaq.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər arasında keçirilməsi nəzərdə tutulan görüş ləğv olunub. Bununla belə, qərarın hansı səbəbdən qəbul edildiyi barədə rəsmi açıqlama verilməyib.
İsveçrə Xarici İşlər Nazirliyi danışıqların gələcəkdə keçirilib-keçirilməyəcəyi və ya yeni tarix müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi ilə bağlı da məlumat paylaşmayıb.
Qeyd edək ki, Bürgenştok görüşünün ABŞ və İran arasında son aylarda intensivləşən diplomatik təmasların davamı kimi keçirilməsi planlaşdırılırdı. Danışıqlarda iki ölkə arasında münasibətlər, regional təhlükəsizlik məsələləri və nüvə proqramı ilə bağlı mövzuların müzakirə olunacağı gözlənilirdi.