Ermənistanın hakim komandasında prezident postu uğrunda pərdəarxası mübarizə başlayıb. Buna səbəb kimi dövlət başçısı Vaaqn Xaçaturyanın səhhətində ciddi problemlərin yaranması göstərilir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, səhhətindəki problemlər səbəbindən Vaaqn Xaçaturyan səlahiyyət müddəti başa çatmamış vəzifəsindən gedə bilər.
Qəzet qeyd edir ki, hakimiyyətdaxili qüvvələr artıq mümkün varis namizədlərini nəzərdən keçirirlər. Prezident postu uğrunda əsas iddialılar kimi aşağıdakı şəxslərin adları hallanır:
Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan.
Məlumata görə, Arayik Arutyunyanın namizədliyi hələ əvvəlki prezident seçkiləri zamanı da müzakirə olunub, lakin o vaxt hakim komandanın üzvləri onun təyinatına qarşı çıxıblar.
Xatırladaq ki, Vaaqn Xaçaturyan 2022-ci ildə 7 illik müddətə Ermənistan prezidenti seçilib.