Modern.az

Şəhid xanımlarından Mehriban Əliyevaya TƏBRİK: “Bizi heç vaxt tək qoymadı...”

Şəhid xanımlarından Mehriban Əliyevaya TƏBRİK: “Bizi heç vaxt tək qoymadı...”

26 Avqust 2021, 10:40

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən şəhid ailələrinin və qazilərin problemlərinin həlli xüsusi yer tutur. Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu vətən uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır.

 

Birinci xanımın tapşırığı ilə Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. 

 

Birinci vitse-prezidentin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən Aprel döyüşləri zamanı, eyni zamanda, 44 günlük Vətən müharibəsində ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin müharibədə sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib, bundan əlavə bir çox şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

 

Bu gün cəmiyyətin bütün təbəqələri kimi, şəhid və qazi ailələri də Mehriban Əliyevanın xüsusi diqqətindədir. Birinci xanım daim onlara qayğı ilə yanaşır, müraciətlərinə həssaslıqla baxır və problemlərin həll olunması üçün lazımi addımlar atır. 

 

Mehriban Əliyevanın xeyirxah əməllərini yüksək qiymətləndirən şəhid xanımları Modern.az vasitəsilə Birinci xanımı doğum günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və işlərində uğurlar diləyiblər.

 

 

Aprel şəhidi polkovnik Raquf Orucovun xanımı,  “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova bildirib ki, şəhid ailələri və qazilərimiz hər zaman Mehriban xanım Əliyevanın diqqətindədir:

 

"Mehriban xanım hər zaman bizə dəstək olub. İstənilən formada şəhid ailəsi tərəfindən ona ünvanlanan müraciətlər, eyni zamanda Heydər Əliyev Fonduna edilən müraciətlər diqqətlə araşdırılır. Lazım olduqda bizim də rəyimiz alınır. Mehriban xanımla münasibətimdə şəhid və qazi ailələrinin onun üçün necə həssas olduğunu görmüşəm. Heydər Əliyev Fonduna bu sahədə edilən müraciətlərə anında baxılır və çalışdıqları qədər köməklik göstərilir. Bunların hamısı Mehriban xanımın bizə diqqət və sayğısının göstəricisidir. Onun xoş münasibəti gəncliyimiz, dövlət qurumları və məmurlar üçün nümunədir.

 

Bir şəhid ailəsinin “Mehriban xanıma müraciət edəcəyəm” deməsi ona güvənin nəticəsidir. Vətən Müharibəsindən sonra qazi və şəhidlərin sayı artdı, biz o qayğını və sayğını yenə də hiss edirik".

 

 

Vətən Müharibəsi şəhidi Zaur Ələsgərlinin həyat yoldaşı Vəfa Ələsgərova:

 

"Bizim üçün çox əziz və adı kimi mehriban olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edirəm. Bir şəhid xanımı olaraq cənab Prezidentimiz və Birinci xanımla fəxr edirəm. Hər zaman bizim qayğımıza qalırlar, bizə dəstək olurlar. Mehriban xanıma uzun ömür, cansağlığı arzulayıram”.

 

 

Şəhid Şəhriyar Ağamalıyevin həyat yoldaşı Nərmin Ağamalıyeva:

 

"Mehriban xanıma uzun ömür, can sağlığı, fəaliyyətində böyük uğurlar arzulayıram. Bizə göstərdiyi qayğıya görə minnətdarlığımı bildirirəm. Yeni yaşında ona müvəffəqiyyətlər arzu edirəm. Mehriban xanım hər bir şəhid ailəsinin yanındadır, bizim qayğımıza qalır, problemlərimizlə daim maraqlanırlar".

 

 

Vətən Müharibəsi şəhidi Qəzənfər Mütəllimovun həyat yoldaşı Zöhrə Mütəllimova:

 

"Hörmətli və əziz Mehriban xanımın doğum gününü təbrik edirəm. Allahdan ona cansağlığı arzulayıram. Torpaqlarımız hər zaman bütöv olsun, düşmən bizə baxıb xar olsun. Şəhid ailələrinə göstərdiyi qayğıya görə Mehriban xanıma minnətdaram. O hər zaman bizə dəstək olub, şəhid ailələrini heç vaxt tək qoymayıb”.

 

 

Şəhid İbrahim Hüseyinlinin həyat yoldaşı Sürfanə Hüseynova:

 

“Ölkəmizin birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. İşlərində müvəffəqiyyətlər arzulayıram. Şəhid yoldaşı olaraq bizi və digər şəhid ailələrinin üzvlərini diqqətdən kənar qoymadığı üçün təşəkkür edirəm. Prezidentimiz və birinci xanım hər zaman bizə dəstək olur, şəhid ailələrini tək qoymurlar".

 

Qeyd edək ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

 

Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir