Modern.az

Oğluna qovuşan ŞƏHİD ANASI - Bağışla, səni koronavirusdan xilas edə bilmədik

Oğluna qovuşan ŞƏHİD ANASI - Bağışla, səni koronavirusdan xilas edə bilmədik

27 Sentyabr 2021, 15:48

"Vətən oğlumla bərabər bətnimdə başladı... Vətəni 9 ay bətnimdə böyütdüm... 24 il gecəm-gündüzüm olmadı... Vətənə, oğluma qulluq etdim. Vətən və torpaq... Hər ikisi oğlumdur... Şəhid oğlum" -  Vətən müharibəsi şəhidi Ruslan Səfərovun anası Ramiyə Səfərova hər gün belə məktublar yazırdı oğlu Ruslana.

Vətən qəhrəmanlarının kitabını yazmağa başlayanda Sumqayıtda ziyarətinə getmişdim. O gündən mənimlə dost oldu. Zəngləşdik, danışdıq, dərdinə şərik olmağa çalışırdım. Bilirdim ki, özümü də, onu da aldadıram. Mənə deyirdi ki, hər şey ötüb keçəcək, gülüşlə yola ver.... Özü də dərdinə-kədərinə gülürdü... Elə gülürdü ki... Adam qorxurdu gülüşlərindən...


Evdə otura bilmirdi.... Hər təzə ayın 2-də gedirdi Füzuli tərəfə, gedirdi oğlunun xidmət keçdiyi 877 saylı hərbi hissəyə.... Oradakı şəhidlərin boş çarpayıları ilə danışırdı... Oğlunun evdəki paltarlarını qoxlayırdı, sığallayrıdı... Və bütün bunları videolentə çəkirdi. Hər dəfə onun sosial şəbəkə üzərindəki paylaşımlarını görəndə ciyərim yanırdı, ürəyim min yerdən param-parça olurdu.


16 sentyabrda sosial şəbəkədə bir paylaşımını gördüm. Yazmışdı ki, anam və mən COVID-19-a yoluxmuşuq. Özünüzü qoruyun. Yazını oxuyan kimi zəng vurdum ona, xəbər bildim. Dedim ki, get xəstəxanaya... Sərt bir ciddiyyətlə "Yox... getmərəm... Xəstəxanada Ruslan şəhid olmazdan 3 ay əvvəl atam öldü koronadan. Evdə sağalacam..."- dedi. Səsi xoşuma gəlmədi.
Tez Sumqayıt Təcili Yardım Xəstəxanasının Baş həkimi İlkin doktora zəng vurdum. Şəhid anası haqqında məlumat verdim. Sağ olsun, İlkin həkim, həmin ünvanı nəzarətə götürdü. Həkim briqadası göndərdi, dərmanlarla təchiz elədi. Hər gün doktora zəng edib xəbər bilirdim. Həm də Ramiyə xanımla danışırdım. Yalvarırdım, dilə tuturdum ki, get xəstəxanaya. "Yox!" deyib dayandı. Bir də 20 sentyabrda zəng vurudm, dedim ki, sənin vəziyyətin xoşuma gəlmir, get xəstəxanaya. Dedi ki, narahat olma, indi həkimlər gəlib aparacaqlar... O gündən sonra Ramiyə xanımla danışa bilmədim. Fikirləşdim ki, yəqin reanimasiyadadır. Ona görə telefonlarıma cavab vermir. Yəqin canı ağrıyır, ona görə cavab vermir, yəqin nəfəsi çatmır, ona görə cavab vermir...


Bu gün də cavab verməyəndə yenə İlkin doktoru yığdım. İlkin doktor eşitmək istəmədiyim o qara xəbəri dedi mənə. Dedi ki, "Yeni Klinika"da rəhmətə gedib bir neçə gün əvvəl....


İndi əlim-qolum quruyub yanıma düşüb. Rumiyə Səfərovaya sahib çıxa bilmədim. Çox üzgünəm, çox yanıb-yaxılıram...


Ruslan Səfərov Sumqayıtdakı şəhidlər Xiyabanında dəfn olunub. Bundan sonra Ruslanı kim ağlayacaq, şəklini kim sevəcək?


Ramiyənin qonşusu Vətən müharibəsi şəhidi Mehman Süleymanovun həyat yoldaşı Günel xanıma zəng vurdum, soruşdum . Günel dedi ki, Ramiyə xala evdən aparılanda gördüm. Dedi ki, Günel mənim axırımdır. Gedirəm Ruslanımın yanına...."....


Ramiyə Səfərova oğluna olan o boyda sevgisi ilə bu dünyada yaşaya bilməzdi, gülə-gülə aldatdı bizi.... Gülə-gülə oğlunun yanına getdi.


Şəhidimiz Mehman Süleymanovun həyat yoldaşı Günel: “Ramiyə xala ölən gündən tək qaldım, qəm sirdaşım idi. Hər gün ağlayırdım onun üçün. Ancaq , dünən yuxumda gördüm ki, Ruslanla əl-ələ verib gülür... İndi özümə söz vermişəm ki, daha Ramiyə xala üçün ağlamayacağam. Çünki Ruslanına qovuşub..”.


Bu gün Şəhidlərimizin Anım Günüdür. İndi Ramiyə xanım oğlunun boynunu qucaqlayıb öpüb-oxşayır onu. İndi daha paltarlarını deyil, başını tumarlayır, ətrini sinəsinə çəkir. Ramiyə xanım, bizi bağışla... Bilmirəm ki, səndən sonra oğlun Ruslanı sənin kimi axtaran olacaqmı...


Sumqayıtın Şəhidlər Xiyabanına gedən şəhid anaları, şəhid qohumları, hər zaman Ruslan Səfərovun da məzarının üstündə dayanın, Rumiyə ananın əvəzinə ona baş çəkin, ağı deyin, sevin o baş daşını...


Aida Eyvazlı GÖYTÜRK

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır