Modern.az

“Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ

“Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ

Aktual

19 Oktyabr 2021, 14:54

Bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin cinayət əməlləri üzrə ittiham aktı elan edilib.

Məlum olub ki, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Avropa Oyunları və Formula-1 yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib.

 

Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 min manat istəyib. Onu Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 min manat tələb edib.

Daha sonra hakim zərərçəkmiş Elmar Əliyevə söz verib. Zərərçəkmiş bildirib ki, Ata Abdullayev onun haqqında yalan və rüsvayedici faktlar paylaşıb: 

"Mən özüm ingilis dilini bildiyimə görə bir sıra xarici şirkətlərdə mühasib kimi çalışmışam. "Bakı Şəhər Halqası" əməliyyat şirkətində çalışırdım. Biznes şərikimlə problemim yaranmışdı. O da Ata Abdullayevə zəng edib mənim haqqımda ittihamlar səsləndirib. Ata Abdullayevlə aramda 3 dəfə telefon danışığı olub. Birinci danışıqda məni dövlətin malını mənimsəməkdə, “Formula-1”də işlədiyim müddətdə orada olan mebel və soyuducuları satmaqda ittiham edib. Ata Abdullayev məndən 10 min manat, daha sonra “iPhone 11 Pro Max” telefonu istədi”.

Zərərçəkmiş A.Abdullayevdən ona aldığı telefonu geri qaytarmasını tələb edib.

A.Abdullayev isə ona qarşı sürülən ittihamlarla razı olmadığını deyib. 

Növbəti proses oktyabrın 26-na təyin edilib.

Qeyd edək ki, A. Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür