Modern.az

Elmar Hüseynovun qətlinin 5-ci ildönümü ilə bağlı müraciət yayıldı

Elmar Hüseynovun qətlinin 5-ci ildönümü ilə bağlı müraciət yayıldı

Media

22 Fevral 2010, 14:04

Modern.az xəbər verir ki, “Yeni Nəsil” Jurnalistlər Birliyi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 5-ci ildönümü ilə bağlı Azərbaycan İctimaiyyətinə müraciət edib. Müraciət bildirilir: - 2010-cu il mart ayının 2-si ölkə mətbuatı tarixində ən ağır və ciddi hesabat günlərindən biri olmalıdır. Beş il əvvəl məhz həmin gün XXI əsrdə ilk dəfə olaraq Azərbaycan jurnalisti peşə fəaliyyəti ilə əlaqədar olaraq öz evinin qapısı qarşısında amansızcasına qətlə yetirildi…   

...Elmarın qətlindən bəri keçdiyimiz beşillik mürəkkəb yola baxıb indi deməliyik ki, bu müddət ərzində tərəflərdən heç biri verdiyi vədlərə əməl edə bilmədi. Medianın müstəqillik nümunələri gülləsiz ölməyə başladılar, mətbu sözün kəsəri azaldı, ifadə azadlığının çərçivələri daraldı, özünüsenzura gücləndi, jurnalistika süstləşdi. Dövlət orqanlarının Elmar Hüseynovun qatilləri, qətlin sifarişçiləri barədə son dərəcə ziddiyyətli versiyalarına nəinki aydınlıq gətirilmədi, hətta bu barədə məlumatların da arası kəsildi. Elmar Hüseynov küçəsi olmadı, parkı salınmadı, adına təsis edilmiş mükafat ənənəyə çevrilmədi, hətta onun ailəsindən də aramızda nişanə qalmadı… 

Tarixini unudanlar, onu təkrarlamağa məhkumdurlar. Elmarın qurban getdiyi idealların bərpası, onun qətlinin günahkarlarının dərhal aşkarlanıb cəzalandırılması kimi məqsədlərə nail olmaq bu gün real görünməsə də, dəyərli, cəsur və ömrünün son anınadək peşəsinə sadiq həmkarımızın xatirəsini yaşatmaq hamımızın ümumi borcudur. “Yeni Nəsil” Jurnalistlər Birliyi ölkə ictimaiyyətinə, Azərbaycanın dövlət, qeyri-hökumət və media institutlarına müraciət edərək təkliflər irəli sürüb:

 

- 2010-cü ilin mart ayının 2-dən 12-dək Azərbaycan mətbuatı «Elmar Hüseynovun xatirəsinə həsr olunmuş ongünlük» keçirsin, onun fəaliyyətinə həsr edilmiş materiallar dərc olunsun və yayımlansın;

- dövlət orqanları jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinə dair qanuni öhdəliklərini tam həcmdə yerinə yetirmək məqsədi ilə tədbirlər həyata keçirsinlər, həbsdə olan jurnalistlərə azadlıq verilsin, media işçilərinin fəaliyyətlərini əsassız olaraq məhdudlaşdıran qanun dəyişiklikləri yenidən nəzərdən keçirilsin, diffamasiya haqqında qanunun qəbulu prosesi sürətləndirilsin;

- qeyri-hökumət təşkilatları Azərbaycanda söz və ifadə azadlığı sahəsində problem və vəzifələrin ictimai müzakirəsini təmin etmək üçün tədbirlər silsiləsi (dəyirmi masalar, vəkillik kampaniyaları, debatlar və s.) keçirsinlər, mart ayının 12-nə təyin olunmuş “Söz və ifadə azadlığı” Forumunun işinə yaxından dəstək versinlər. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi