Modern.az

Cavid Qurbanov Ziya Məmmədovla ayrılma xəbərindən danışdı: “Səbəb nədir ki, ayrılaq?”

Cavid Qurbanov Ziya Məmmədovla ayrılma xəbərindən danışdı: “Səbəb nədir ki, ayrılaq?”

18 Aprel 2014, 17:31

Milli Məclisin deputatı Cavid Qurbanov son günlər rəhbərlik etdiyi “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tərkibindən çıxacağı ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib. Modern.az saytı xəbər verir ki, C.Qurbanov bu cür əsassız xəbərlərə inanmamağı tövsiyyə edib.

“Bir vaxtlar deyirdilər ki, Brejnev sağdır və 18 yaşında bir xanımla haradasa yaşayır. Azərbaycanda kimin hansı vəzifədə işləməsini cənab Prezident həll edir. Mən onun əsgəriyəm. Prezident məni hansı küncə qoysa, orada da duracağam”-deyə Cavid Qurbanov bildirib.

Rəhbərlik etdiyi “Azəryolservis”in Nəqliyyat Nazirliyinin balansından çıxarılacağı ilə bağlı xəbərə münasibət bildirən millət vəkili qeyd edib ki, belə bir bölünməyə ehtiyac yoxdur.

“Bizim bir problemimiz yoxdur. Biz Nəqliyyat Nazirliyinin tərkib hissəsiyik. Niyə ayrılmalıyıq ki? Səbəb nədir ki, ayrılaq? Qanunverici, icraedici orqan var, məhkəmə orqanı var, jurnalistlər-dördüncü hakimiyyət var. Qanunvericiliklə müəyyən olunub ki, ölkədə nəqliyyat siyasətini Nəqliyyat Nazirliyi həyata keçirir. Müəyyən edilib ki, hansı müəssisələr Nəqliyyat Nazirliyinin tərkib hissəsidir. Bizim naziriliyin tərkibində işləməyimizin nəyi pisdir ki?”.

Sərnişindaşıma xidmətinin Nəqliyyat Nazirliyindən alınıb Bakı meriyasına verilməsinə də münasibət bildirən millət vəkili qeyd edib ki, həmin xidmətin nazirlikdən ayrılması barədə xəbərlər də düz deyil.

“Həmin siyasəti yenə də Nəqliyyat Nazirliyi aparacaq. Nazirlikdən lisenziya alan şirkətlər var. Həmin şirkətlərdən biri də yeni yaradılan “BakuBus” olacaq. Lisenziya alacaq, marşrutları götürəcək, avtobuslar alacaq və lisenziya əsasında fəaliyyət göstərəcək”.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu