Modern.az

Bakıdakı çirkli Böyükşor gölü belə gözəlləşdiriləcək - FOTOLAR

Bakıdakı çirkli Böyükşor gölü belə gözəlləşdiriləcək - FOTOLAR

Təhsil

22 Aprel 2014, 21:07

Böyükşor gölü yaxın gələcəkdə öz simasını tamamilə dəyişəcək. Böyükşor gölünün reabilitasiyası üzrə birinci mərhələ üzrə landşaft dizaynı artıq hazırlanıb. 
Böyük Şor gölü - Abşeron gölləri içərisində ən böyük su səthi olan və gərgin ekoloji vəziyyətdə olan göldür. Böyük Şor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları sərhəddində yerləşir. Aparılmış müşahidələrin nəticələrinə əsasən göl akvatoriyasının açıq yerlərində dərinliklər 3,40-3,95 m, maksimal dərinlik isə 4,20 m təşkil edir. Gölün yaxın hissələrində dərinlik 0,50-1,70 m arasında dəyişir. Oval formada olan gölün uzunluğu şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənməklə 10 km-ə çatır, maksimal eni isə 1,5-2,0 km-dir. Göl şimal tərəfdən qədim Xəzərin terrasından ibarət olan maili, cənubdan isə düzbucaqlı kəsilmiş yamacla əhatə olumuşdur. Hazırda Böyük Şor gölü, bütün ətraf ərazilərdən yeraltı su axınının yönəlmiş olduğu qapalı bir hövzədir. Gölün su səthi 1300 ha, həcmi isə 45 mln kub metrdir.

Böyük-şor gölünə şəhərin Binəqədi, Sabunçu və Nərimanov rayonlarının göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan məişət, ticarət və digər obyektlərindən, fərdi evlərdən tullantı suları axıdılır. Hal-hazırda 49 mənbədən gölə gün ərzində 18 min m3 sənaye və məişət suları daxil olur. Gölün əsas çirklənmə mənbələrindən biri gölün şərq hissəsində Suraxanı rayonu ərazisindəki Balaxanı zibilxanasıdır. Böyük Şor gölünün əsas çirklənmə mənbəyi keçən əsrin 30-cu illərindən başlayaraq ətraf ərazilərdə neft çıxarılması zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılması olub. Statistik məlumatlara görə 1929-cu ildə Keşlə kanalı vasitəsilə gölə neft-mədən suları axıdılıb. Bu suların 60%-i bilavasitə qazma, qalanı isə mədənlərdə istifadə olunmuş, bilavasitə dənizdən su xətləri ilə götürülmüş sulardan ibarət olmuşdur. 1970-ci illərdən başlayaraq gölə fekal, təsərrüfat-məişət və sənaye suları axıdılıb. Təsərrüfat-fekal sular gölə təmizlənmə prosesi keçmədən, sistemsiz formada açıq kanal və çökəkliklər vasitəsilə axıdılıb ki, bu da ərazinin sanitariya vəziyyətini xeyli pisləşdirmiş, gölün dibi və sahil zolağı neft məhsullarının bitum qatı altında qalmışdır. İsti havalarda neft məhsullarının buxarlanması səbəbindən atmosferdə neftin yüngül konsentrasiyaları yayılaraq kəskin qoxu yaranmasına səbəb olur.

Suyunun minerallaşmasına görə Böyük Şor gölü şor sulu göllər qrupuna aiddir və onun suyunun minerallaşması YVQH-dən dəfələrlə çoxdur. Gölün oksigen rejimi tam pozulub. Həll olmuş oksigenin göl suyunda cüzi olmasının əsas səbəblərindən biri çirkləndirici maddələrin oksidləşməsi nəticəsində bioloji proseslərin sürətlənməsidir. Məhz bununla bağlı Böyük Şor gölündə oksigenin biokimyəvi sərfi normadan bir necə dəfə çoxdur. Təbii faktorların və gölə atılan çirkab sularının təsiri nəticəsində Böyük Şor gölünün sularının minerallaşmasının artması ilə yanaşı suyun tərkibindəki kation və anionların konsentrasiyaları da kəskin şəkildə çoxalır. Belə ki, kalsium, maqnezium və xloridlərin miqdarı sanitar normadan dəfələrlə, sulfatlar isə bir necə dəfə yüksəkdir. Gölün əsas çirkləndiriciləri olan neft məhsulları və fenolların konsentrasiyaları YVQH-dən dəfələrlə coxdur. Göldə sintetik yuyucu maddələr də normadan çoxdur. Göldə əsas çirkləndirici maddələr kimi ağır metallardan mis, kadmium, dəmir, sink, manqan YVQH-dən bir-necə dəfə çoxdur.

Suyun inteqral çirklənmə indeksinə əsaslanaraq demək olar ki, 2000-ci ildə Böyük Şor gölü keyfiyyət sinfinin çox çirkli su sinfinə aid оlmuşsа, bu göstərici 2004-cü ildən başlayaraq fövqəladə çirkli su sinfinə aid edilib.

Modern.az Day.az-a istinadən fotoları təqdim edir:











Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir