Modern.az

Azərbaycanda İŞİD-ə dəstək verəcək vəhhabilər azdır - deputat və ekspert

Azərbaycanda İŞİD-ə dəstək verəcək vəhhabilər azdır - deputat və ekspert

4 Sentyabr 2014, 14:13

İraq Şam İslam Dövləti (İŞİD) radikal terror qruplaşmasının hədəfə aldığı dövlətlərin sayı hər gün  artır. Suriya və İraqda daha çox ərazilər ələ keçirən terror qruplaşması şəriət qanunlarına söykənən dövlət qurmaq iddiasındadır. Bundan başqa, coğrafi baxımdan yaxın olmayan ərazilər də hədəf seçilməklə müxtəlif hücum taktikaları sadalanır.  

Görünür, Suriya və İraqda qətliamlar törədən terror təşkilatı,  adıçəkilən dövlərlərdə  “hakimiyyət” qura bilmələrindən bir az da ruhlanıblar. Halbuki, İŞİD-in möhkəmləndiyi ərazilərdə siyasi xaos hökm sürdüyündən, həmin dövlətlərdə möhkəmlənmək çətin olmaya da bilər.

İŞİD  növbəti “qurbanlarını” Çeçenistan və Cənubi Qafqazda axtarır. Video vasitəsilə  yeni müharibəni olacağından xəbər verən İŞİD deyəsən, növbəti “oyun” mərhələsinə qədəm qoymaq arzusundadır.  Təbii ki, Azərbaycanda da müxtəlif dini təriqətlərin mövcudluğu bu məsələdə az rol oynamır.

Maraqlıdır, Azərbaycandakı radikal vəhhabilər İŞİD-in hücumlarına necə və hansı formada don geyindirir?!  Hər halda, qanunlarla idarə olunan dövlətlərdə xüsusi mühafizə orqanları, mühafizə dəstələrinin olması İŞİD üçün keçərli deyil.

Modern. az saytı İŞİD-in Cənubi Qafqaza hücum edəcəyinin həqiqəti nə dərəcədə əks etdirdiyini, eyni zamanda, Azərbaycanda yaşayan vəhhabilərin bu məsələyə qrup şəklində cavab verə bilmələrinin mümkün olub-olmayacağına Milli Məclisin deputatı Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Orucun münasibətini öyrənib:

“İŞİD mahiyyətcə dünyada müsəlmanların böyük əksəriyyətinin hiddət və nifrətini qazandığına görə onların məhz dini əsasda xilafət quracağı və bununla da müxtəlif coğrafiyalara əl uzadacaqlarının real olduğunu iddia edənlər yanılırlar. Bunlar hamısı, sadəcə kimlərinsə mövqeləridir. İŞİD-in Cənubi Qafqazda dini birliklərlə, hansısa məzhəblərlə, bütün vəhhabilərlə birgə İslam modelində dövlət yaratması qeyri-realdır. İŞİD bu gün dünyəvi miqyasda bir nömrəli və ən qorxulu qüvvə deyil. Onu o cür qələmə vermək də yanlışlıqdır. Azərbaycana gəldikdə, düşünmürəm ki, bizdəki vəhhabilərin başlıca məqsədi siyasi mübarizələrə qatılmaq, öz ideyalarını gerçəkləşdirmək üçün xaricdən dəstək alaraq ölkənin əsas siyasi sərvətlərini nəzarətlərinə götürməkdir. Azərbaycanda İŞİD-ə pərəstiş edənlərin olduğu haqqında iddiaları da yanlış sayıram. Hətta əminəm ki, vəhhabilər də İŞİD-i müsəlman aləminə zərbələr vuran bir qüvvə kimi pisləyirlər. Əslində belə də olmalıdır”.

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabiti, ekspert İlham İsmayıl da Azərbaycanda olan radikal vəhhabilərin heç də İŞİD-i dəstkələdiyini düşünmür:

“Əvvəla, İŞİD-lə Azərbaycanin sərhəd yaxınlığı yoxdur. Başqa terror təşkilatlarından fərqli olaraq, haranısa partladıb qaçmırlar. Sadəcə, dayanıb o yeri əllərində saxlayırlar. Burda böyük bir layihənin, projenin olması da hiss olunur. Azərbaycanı, Cənubi və Şimali Qafqazı təhdid etmələrinə gəldikdə, bütün bunlar təhdiddən başqa heç nə deyil. Coğrafi nöqteyi-nəzərdən onların gəlib bura çıxması çox böyük çətinliklə ölçülür. Maksimum terror hadisəsi törədə bilərlər. Amma nəsə əldə etmək üçün bir çox ölkələri keçməlidirlər. Bu da mümkün deyil. İrandan keçmələri də mümkün deyil. Çünki İran da İŞİD-in əleyhinədir. Bütün vəhhabilər İŞİD-i dəstəkləmir. Azərbaycandakı vəhhabilərin də radikal qanadı var. Bunlar zaman-zaman Azərbaycanda özlərini göstəriblər. Ancaq İŞİD-in vəhşilikləri Azərbaycanda mövcud olan radikal dindarların da arasında pis qarşılanır. Ona görə də fikirləşməyək ki, burda radikal vəhhabilər hansısa etiraz formasında zaman-zaman özlərini göstərdiklərindən bu, mümkündür. Sadəcə, dövlətin bu məsələdə kifayət qədər nəzarəti var. İstər xüsusi xidmət orqanlarının, istərsə də başqa hüquq-mühafizə orqanlarının  nəzarəti var. Ona görə də İŞİD-in Azərbaycanda əlaltıları varsa da, onlara nəzarəti gücləndirmək lazımdır. Lakin Azərbaycanda İŞİD-in əlaltılarının təhlükəsinin miqyası kiçikdir”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir