Modern.az

İlham Əliyev NATO-nun sammitində iştirak edib

İlham Əliyev NATO-nun sammitində iştirak edib

Təhsil

4 Sentyabr 2014, 20:10

 

Sentyabrın 4-də Uelsin Nyuport şəhərində NATO-nun sammiti keçirlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitin açılışında iştirak edib.

Modern.az AzərTAc-a istinadən məlumat verir ki, tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər. Həmçinin BMT-nin və Avropa İttifaqının ali nümayəndələri də sammitə qatılıblar.

NATO-nun baş katibi Anders Foq Rasmussen və Böyük Britaniyanın Baş naziri Devid Kemeron Prezident İlham Əliyevi və digər dövlət və hökumət başçılarını salamlayıblar.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxil idi.

Sammitin Əfqanıstan üzrə görüşündə çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen dövlət və hökumət başçılarını salamlayıb. Bildirilib ki, bu görüş təhlükələrin yaşandığı dünyada sabitliyə nail olmaq istiqamətində önəmli tədbirdir. NATO-nun öz əməliyyatlarının mühüm hissəsini Əfqanıstanda həyata keçirdiyini deyən A.F.Rasmussen İSAF qüvvələrinin hələ də bu ölkədə xidmət keçdiyini diqqətə çatdırıb. NATO-nun məhz onların xidmətləri sayəsində bu gün dünyada ən güclü Alyansa çevrildiyini vurğulayan baş katib Əfqanıstanda sabitliyin qorunmasının ilin sonunadək yerli təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyini bildirib. Əfqanıstana dəstəyin bundan sonra da davam etdiriləcəyini söyləyib. Baş katib gündəlikdə nəzərdə tutulan məsələlərlə bağlı müzakirələrin məhsuldar keçəcəyinə əminliyini ifadə edib.

Sonra Əfqanıstanda həlak olan hərbçilərin xatirəsi ehtiramla yad olunub.

Böyük Britaniyanın Baş naziri Devid Kemeron da sammitin Uelsdə keçirilməsindən məmnun olduğunu deyib. "NATO bizim gələcəyimiz üçün çox vacib alyansdır", - deyən Devid Kemeron İSAF proqramında iştirak etməklə Əfqanıstanda təhlükəsizliyə töhfə verən ölkələrə təşəkkür edib. Bildirib ki, NATO Əfqanıstandakı missiyasını uğurla başa vurur və bu ölkədə ordunun yaradılması ilə bağlı əldə olunan nəticələrdən qürur hissi keçirir.

Sammit öz işini sentyabrın 5-də davam etdirəcək. Burada Avstraliya, Gürcüstan, İordaniya, Finlandiya və İsveç ilə əməkdaşlığın növbəti mərhələsi barədə müzakirələr nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəlki sammit 2012-ci ilə Çikaqoda keçirilib.


Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü