Modern.az

Dövlət qulluğunda işləmək istəyənlər üçün yeni müsabiqə elan olunub

Dövlət qulluğunda işləmək istəyənlər üçün yeni müsabiqə elan olunub

31 Avqust 2010, 20:17

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sentyabrın 1-dən 11 dövlət orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan 67 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edib.
Komissiyadan Modern.az-a verilən məlumata görə, vakant dövlət qulluğu vəzifələrindən 32-si müsabiqəyə, 35-i isə müsahibəyə çıxarılıb.
Müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, 1-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir vətəndaş müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü - dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahəsində bilikləri yoxlanılacaq.
İmtahana hazırlaşmaq üçün ətraflı məlumat, Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib.

Müsahibəyə çıxarılan vakant vəzifələrdən 25-i inzibati vəzifələrin altıncı təsnifatına, 1-i inzibati vəzifələrin yeddinci təsnifatına, 4-ü inzibati vəzifələrin səkkizinci təsnifatına, 5-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı beş il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikasının vətəndaşları öz sənədlərini 30 gün, müsahibədə iştirak etmək üçün isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.
Müsabiqə və müsahibəyə dair ətraflı məlumat sentyabrın 1-dən Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az və www.csc.gov.az yerləşdiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir