Modern.az

Sumqayıt hadisələri: Qriqoryan erməni qızlarını niyə zorlayıb?..

Sumqayıt hadisələri: Qriqoryan erməni qızlarını niyə zorlayıb?..

Aktual

28 Fevral 2021, 10:57

Keçmiş SSRİ-nin ali hakimiyyət orqanları və erməni agenturasının Sumqayıt şəhərində törətdiyi hadisələrin 33-cü ildönümüdür.

1988-ci ilin 27-29 fevralında yaşanan həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Ermənilərin bu hadisələrin baş verəcəyindən əvvəlcədən xəbərləri olub. Həmin ərəfədə yüzlərlə erməni banklardakı əmanətlərini əvvəlcədən çıxarıblar.

1988-ci il fevralın son günlərində SSRİ DTK-sının himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra, fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

Günahsızların həbsi

Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü  inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.

Ölüm hökmü

İstintaq qrupu hadisənin səbəblərini, cinayətin törədilməsinə yarıdılmış şəraiti, əsl təşkilatçıları və qatilləri müəyyənləşdirməyib. Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilib. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhəmdova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Amansız hökm 17 ay sonra icra olunub.

Əhməd Əhmədov 1964-cü ildə Sumqayıtda fəhlə ailəsində anadan olmuşdu. Orta texniki peşə təhsili olan soydaşımız Sumqayıt hadisələri vaxtı Xovlu-iplik fabrikində fəhlə işləyirdib. O, həbs olunandan bir müddət öncə nişanlanıbmış. Yaşı 70-i haqlayan təqaüdçü valideynləri 1988-ci ilin yayında Əhmədi evləndirmək niyyətində imişlər. Ə.Əhmədov ilk dəfə fevralın 29-da axşam saatlarında işdən evə dönərkən şəhərdə keçirilən kütləvi aksiyaya qoşulub, lakin heç bir qətlin törədilməsində iştirak etməyib. 1988-ci il martın 12-də Sumqayıtda günahsız həbslər həyata keçirən prokurorluq nümayəndələri Əhmədgilə də basqın edirlər. Onu vanna otağından yarımçılpaq vəziyyətdə çıxarıb həyətdə gözləyən maşına basırlar…
Ə.Əhmədov Sumqayıtdakı 41a məhəlləsində 6 erməninin ölümündə təşkilatçı və iştirakçı qismində təqsirləndirilib.  SSRİ Ali Məhkəməsində soydaşımızın günahı sübut olunmasa da, Ə.Əhmdova ən ağır cəza kəsilib.


Zərərçəkən Mejlumyan istintaqda onu zorlamış Eduard Qriqoryanı göstərir.

Sumqayıtda baş vermiş kütləvi iğtişaşlar 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunub üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan “Paşa” ləqəbli Eduard Qriqoryan, onun Albert və Ernis adlı daha iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmaqla bilavasitə icra edilib. Dağlıq Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırıb, ona Sumqayıtda yaşayan və separatçıların yaratdıqları "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını verib, aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin edib, hadisələr zamanı isə Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryanla birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylayıblar.
Eduard Qriqoryan ətrafına topladığı özü kimi cinayət meylli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylayıb, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyib və onları öz arxasınca Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparıb. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, ermənilərdən intiqam almağa çağırıb, onda burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyərək, ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri "Qarabağ bizimdir!", "Erməniləri qırın!" kimi şüar və çağırışlarla "Qarabağ" (komitəsi) və "Krunk" (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirib, talan və digər cinayətlərdə fəal iştirak etmiş və  şəxsən 6 nəfər ermənini qətlə yetirib.

O, hətta hadisələr zamanı Marina və Karina Mejlumyanlar adlı erməni qızlarını da zorlayıb.

Bütün bunlar məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır edib. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriyqoryana cəmi 12 il cəza verilib.
6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi-xidmət orqanları çox çalışıblar. Təsadüfi deyil ki, bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb.

Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından məlum olub ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak edib və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunublar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunub. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edildiyini birmənalı təsdiq edir.

DTK-nın arxiv materiallarından həmçinin görünür ki, Sumqayıtda separatçı "Qarabağ" komitəsinin fəalı olan Konstantin Pxakadze adlı-soyadlı şəxs, həmin komitənin, habelə "Krunk" cəmiyyətinin digər fəalları təxribat xarakterli fəaliyyətlə məşğul olublar.
İstintaq materiallarına əsasən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər.
İstintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən ekstremist "Krunk" cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir. 

Azərbaycanlı Ə.Əhmədova qondarma ittihamlar əsasında güllələnmə hökmü kəsiləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məkbutu göndərilsə də, onların heç birinə cavab verilməyib. Hətta SSRİ xalq deputatı A.Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə, baxılmayıb.

1989-cu il mayın 27-də Azərbaycan SSR Prokurorluğu Ə.Əhmədovun yaşlı valideynlərinin hislərinə toxunacaq bir hərəkətə yol verib. Prokurorluqdan valideynlərə göndərilən məktubda SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əhməd Əhmədova verilən güllələnmə cəzasının dəyişdirilərək həbslə əvəz olunduğu bildirilib. Lakin tezliklə bu məktubun həqiqətə söykənmədiyi aşkar olunub. 1990-cı il aprelin 4-də SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun vəkili Y.Məmmədovu təqsirləndirilən şəxsə hüquqi yardım göstərmək üçün Moskvaya dəvət edib. Əhmədovlara oğlanları barədə hökmün dəyişdirilə biləcəyi bildirilib.
Vəkil Y.Məmmədov SSRİ Ali Məhkəməsinə, Prokurorluğuna və ölkə prezidentinə şikayət ərizəsi təqdim etmək üçün Moskvaya çatdıqdan bir gün sonra-aprelin 6-də Ə.Əhmədov güllələnib. Hökmün müəyyən qüvvələrin təzyiqi altında icra olunduğu istisna deyil.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi