
Sovetllər sistemi dağılandan sonra müstəqilliyini bərpa edən Azərbaycanın kino sahəsində müəyyən durğunluq yarandı. Yalnız son illər kino ilə bağlı müəyyən işlər görülür, filmlər, seriallar çəkilir... Cəmiyyətdə isə yeni filmlər barədə fikirlər birmənalı deyil. Bəziləri uzun müddətli fasilədən sonra kino sahəsində görülən işləri uğurlu hesab etsə də, bir çoxları kinoya ayrılan vəsaitin müqabilində görülən işləri zəif qiymətləndirir. Maraqlıdır, görəsən son illərin məhsulu olan Azərbaycan filmləri geniş auditoriya tərəfindən izlənilirmi? İzlənilirsə, hansı filmlər yaddaşlara həkk olunur?
Modern.az saytının əməkdaşı bu suala cavab almaq üçün müxtəlif respondentlərə müraciət edib. Aldığımız cavablarda isə bəzi yanlışlıqlar olub. Çünki bəzi müsahiblər səhvən sovet dövründə çəkilən filmlərin müstəqillik zamanında lentə alındığını qeyd ediblər. Bu səbəbdən bəzi respondentlərin adlarını və cavablarını ümumiyyətlə yazıdan çıxarmağa məcbur olduq.
“ATV maqazin” jurnalının redaktoru Zakirə Zakirqızı son illərdə çəkilən filmləri yaxşı xatırlamır, xoşladığı filmlər kimi isə Eldar Quliyevin “Bir cənub şəhərində” və Mərahim Fərzəlibəyovun “Mənim ağ şəhərimdə” filmlərinin adlarını çəkdi. Redaktorun sözlərinə görə, bu filmlər hətta onu kövrəldir. “Bu filmlər sırf Azərbaycan modelinə və mentalitetinə uyğundur”.
Vaqif Mustafayevin filmlərinın maraqlı olduğunu deyən müsahibimiz bununla belə, son illərin məhsulu olan serialları qətiyyən bəyənmədiyini söylədi. Eləcə də həm filmlərin, həm də teatr ssenarilərinin çox zəif yazıldığını diqqətə çatdırdı.
“Son illərin filmləri zəifdir. Bu o demək deyil ki, yaxşı rejissor yoxdur. Rejissor Əlisa Nicatın işlərini bəyənirəm. Bilirəm ki, o, müxtəlif film festivallarında mükafatlar qazanır. Bu işlərin əsasında maliyyə dayanır, eyni zamanda dramaturgiya zəifdir” deyən Z.Zakirqızı hesab edir ki, son illərin filmlərinin baxılmamasına bir səbəb də reklam işlərinin düzgün qurulmamasıdır.
Media üzrə ekspert Ələsgər Məmmədli film izləməyi çox sevmədiyini söylədi.
“Yuxu” filmi isə Ə.Məmmədlinin xatırladığı son illərin yeganə filmidir. Müsahibimizin fikrinə görə, son dövrlərdə çəkilən filmlərin xatırlanmamasında iki səbəb əsas ola bilər. Filmin keyfiyyəti –səviyyəsinin aşığı olması və filmin reklamının düzgün qurulmaması. Bu iki amil düzgün istiqamətlənəndə uğur əldə etmək mümkündür.
“Mərkəz” qəzetinin mədəniyyət yazarı Cəvahir Səlimqızı hesab edir ki, son illər çəkilən filmlər bir o qədər də yadda qalmır. Onun fikrinə görə, yeni çəkilən filmləri sadəcə bir dəfə filmin prezentasiyasında görmək mümkündür. Bu isə filmin yaxşı və ya pis olması haqqında fikir söyləməyə kifayət etmir.
Son dönəmlərdə çəkilən filmlərdən hansıların yadda qalmasına gəlincə, C.Səlimqızı Şamil Mahmudbəyovun “Qala”, Eldar Quliyevin “İstanbul reysi”, Samir Kərimoğlunun “Niyyət”, Oqtay Mirqasımovun “Günaydın mələyim”, Ramiz Həsənoğlunun “Cavid ömrü”, Ramiz Fətəliyevin “Hökmdarın taleyi ” filmlərinin adlarını çəkdi.
İşi ilə bağlı olaraq bütün filmlərin prezentasiyasına dəvət aldığını deyən həmsöhbətimiz “Mərkəz” qəzetində son illər çəkilən filmlərlə bağlı müxtəlif tanınmış insanlar arasında sorğu keçirdiyini söylədi.
“Sorğuda iştirak edənlər birmənalı şəkildə son dövrlər lentə alınan filmlərdən heç birinin adını çəkmədilər. Hətta tanınmışlardan biri Vaqif Mustafayevin “Yerlə Göy” arasında filminin adını çəkmişdi. Halbuki, bu film uzun müddət bundan əvvəl çəkilib”.
C.Səlimqızı son dövrlər çəkilən filmləri arxiv materialları adlandırdı. “Cavad xanla bağlı tarixi əsəri Rövşən Almuradlı kimi böyük kinoda izi olmayan rejissorun çəkməsi nəticəsində ortaya zay məhsul çıxıb. Mən belə filmləri arxiv materialları adlandırıram. Çünki çəkilməsi ilə arxivə getməsi bir olur”.
“Kinonu biznesə çevirə bilməmişik. Azərbaycanda kinonun nəinki xarici, heç daxili bazarı da yoxdur”- deyən xanım jurnalist eyni zamanda klip rejissorlarının, xüsusilə də Ülviyyə Könül və Elxan Cəfərovun dövlət sivarişli filmləri çəkməsinin də doğru hal olmadığını da söylədi.
“Gün.az” saytının baş redaktoru Elnur Baimov son zamanlar yaddaqalan filmlərin çəkilmədiyini dedi. Bununla yanaşı, E.Baimov son illər lentə alınan filmlər arasından ikisini xatırladığını deyərək “Təhminə və Zaur”la “Fəryad”ın adını çəkdi.
“İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi son illərin məhsulu olan “40-cı qapı", "Aktrisa", "Niyyət", "Sahə" filmlərini xatırlayır. Həmsöhbətimizin sözlərinə görə, bu sahədə potensial var. “Sadəcə vəsait potensialin istedadli tərəfinə ayrilsa, ciddi uğurlar olar”.
V.Qazi eyni zamanda maraqlı film kimi Ayaz Salayev çəkdiyi son filmi gözlədiyini söylədi.
“Oxu məni” qəzetinin əməkdaşı Mətanət Şamilqızı son illər çəkilən filmləri xatırlamadığını deyir. Müsahibimiz uzun zaman öncə çəkilən “Görüş”, “Ögey ana”, “Bəxtiyar”, “Bizim Cəbiş müəllim” filmlərinə baxmağı üstün tutur.
“Tərbiyəvi əhəmiyyət daşıyan bu filmlərə baxanda göz yaşlarımı saxlaya bilmirəm. “Ögey ana” filmini göz yaşlarımla izləyəndə indiki nəslin nümayəndələri bunu anlamır. Bilmirəm zamanə dəyişib, yoxsa gənclər”-deyən M.Şamilqızı son dövrlərdə nəinki bu filmlərlə eyni səviyyədə, heç bunlara yaxın filmlərin çəkilmədiyini söylədi.
“Son dövrlərdə çəkilən filmlərdən hec birini indi xatırlamıram”.
İTV-nin əməkdaşı Anar Yusifoğlu sorğumuza cavabında bildirdi ki, “Məhəllə”, “Döngələr” filmini xatırlayır.
Jurnalist Azər Həsrət son dönəmlərin məhsulu olan heç bir filmi xatırlamır. “Azərbaycan televiziya kanallarına demək olar ki, baxmıram, kinoya da getmirəm. Daha çox Türkiyə telekanallarına baxıram”.
A.Həsrət son dövrlərdə çəkilən filmlərə bağmadığı üçün filmlərin səviyyəsi haqqında fikir söyləmək istəmədi. “Ancaq bəzilərinə baxmışam, açığı, məni qane etməyib”.
“Day.az” portalının redaktoru Vüqar Vüqarlı son illərdə çəkilən “İstanbul reysi” və “Sahə” filmlərini xatırladığını söylədi.
“Reytinq” qəzetinin əməkdaşı Elşad Ümid bir sıra yeni filmlərə baxdığını bildirsə də, onların adlarını xatırlamaqda çətinlik çəkdiyini söylədi. Baxdığı filmlər kimi isə “Bir cənub şəhərində” və “Hökmdarın taleyi” filmlərinin adını çəkdi.
Son illər lentə alınan filmlərin səviyyəsindən E.Ümid də narazıdır. “Son illər çəkilən filmlər haqqında fikirlər birmənalı deyil, filmlərin səviyyəsi insanları qane etmir. Bəzən bunu vəsaitlə əlaqələndirirlər. Aktyorun yaxşı oyunu üçün böyük vəsait lazım deyil. Güclü aktyor oyunu da yoxdur. Yəni elə bir kaset yoxdu ki, əldən-ələ gəzsin”.
E.Ümid hesab edir ki, filmlərin yadda qalan olmamasının bir səbəbi də bu işdə peşəkarların çalışmamasıdır. “Filmləri peşəkar insanlar çəkmir. Güclü ssenari, rejissor yoxdur. Bəzən tamaşacıya adi kütlə kimi baxırlar. Bu düzgün hal deyil, çünki tamaşacılar müxtəlif insanlardan ibarətdir”-deyə həmsöhbətimiz əlavə etdi.
Sədaqət SÜLEYMANOVA