Bakıda hər gün eyni yollarda və eyni ərazilərdə təkrarlanan tıxaclar hamı üçün ciddi problemə çevrilib. Bəs illərdir davam edən bu problemin alternativ həlli yoxdur? Eyni yerdə yaranan tıxacların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov Modern.az-a açıqlama verib:
“Söhbət kifayət qədər ciddi bir problemdən gedir. Bu, həm sosial, həm iqtisadi, bir qədər dərinə getdikdə isə hətta tibbi baxımdan əhalinin bütün həyat tərzinə və həyat keyfiyyətinə təsir edən problemdir. Bu istiqamətdə çox ciddi işlər görülməlidir. Açığı deyim ki, həmin işlərin görülməsi üçün həm böyük vaxt, həm də ən başlıcası, külli miqdarda investisiya lazımdır. Bu istiqamətdə qanunvericilikdə və dövlətin nəzərdə tutduğu tədbirlərdə, planlarda müəyyən müddəalar var. Ötən il Bakı şəhəri və ətraf ərazilərin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair Dövlət Proqramı qəbul olundu. Bir neçə il bundan əvvəl, 2024-cü ildə Bakı şəhərinin Baş Planı təsdiqləndi və orada nəqliyyatla bağlı çoxlu məsələlər öz əksini tapıb. Həmin məsələlər icra olunmalıdır. Amma incəlik odur ki, bu tədbirlərin həyata keçirilməsi külli miqdarda vəsait tələb edir. Milyardlarla manat investisiya yatırılmalıdır və bu, davamlı olmalıdır. Nəqliyyat elə bir sahədir ki, hər il investisiya qoyuluşu tələb olunur”.
Ekspertin sözlərinə görə, şəhər nəqliyyatının dayanıqlılığı və rahatlığı yüksək iqtisadi inkişaf səviyyəsinə malik ölkələrdə daha çox təmin olunur. Onun sözlərinə görə, həmin ölkələr iqtisadi inkişaf hesabına əldə etdikləri gəlirlərin bir hissəsini nəqliyyat infrastrukturuna yatırırlar. Azərbaycanda da bu istiqamətdə işlərin davam etdirilməsi, xüsusilə metro şəbəkəsinin genişləndirilməsi, tramvay nəqliyyatının bərpası və ictimai nəqliyyatın şaxələndirilməsi vacibdir. Eyni zamanda avtobus şəbəkəsi daha geniş və əhatəli olmalı, yol-nəqliyyat infrastrukturundakı problemlər aradan qaldırılmalıdır.
Ərşad Hüseynov söyləyib ki, nəqliyyat probleminin həllində yalnız yolların və ictimai nəqliyyat vasitələrinin sayının artırılması kifayət etmir. Məskunlaşma ilə bağlı problemlər də diqqətdə saxlanılmalıdır. Bakı şəhərinin şimal, şərq və şimal-şərq istiqamətlərindən hər gün on minlərlə şagirdin şəhər mərkəzində yerləşən məktəblərə gətirilməsi buna nümunədir. Bunun əsas səbəblərindən biri həmin ərazilərdə plansız məskunlaşmanın həyata keçirilməsi, məktəblərin və iş yerlərinin kifayət qədər olmamasıdır. Nəticədə insanlar hər gün şəhər mərkəzinə gedib-gəlməyə məcbur qalırlar.
“Bütün bunların həlli üçün dəqiq və aydın strategiya olmalıdır. Dövlət Proqramlarında və şəhərin Baş Planında nəzərdə tutulan tədbirlərin bir çoxu artıq müəyyənləşdirilib və əsas məsələ onların icrasıdır. Metro şəbəkəsi genişləndirilməli, yüzlərlə yeni stansiya yaradılmalı, tramvay şəbəkələri bərpa olunmalı, ictimai nəqliyyat daha da şaxələndirilməlidir. Eyni zamanda şəhərin müxtəlif ərazilərində məktəblərin və iş yerlərinin yaradılması ilə bağlı problemlər həll olunmalıdır. Bunun üçün isə külli miqdarda vəsait və davamlı sərmayə qoyuluşu tələb olunur. Əsas yol budur”, - nəqliyyat eksperti bildirib.
Nicat Rüstəm