Modern.az

Paris öz küçələrindəki zorakılığı unutdu, Bakıya “insan haqları” dərsi keçir: "Özünə umac ova bilmir..."

Paris öz küçələrindəki zorakılığı unutdu, Bakıya “insan haqları” dərsi keçir: "Özünə umac ova bilmir..."

Ölkə

Bu gün, 16:04

“Fransada baş verən son hadisələr bir daha göstərir ki, Parisin dünyaya təqdim etdiyi “insan haqları”, “demokratiya” və “azadlıq” obrazı ilə Fransanın siyasi və hüquqi praktikasının arasında kifayət qədər ciddi məsafə var. Bu məsafə artıq yalnız ayrı-ayrı hüquq müdafiə təşkilatlarının hesabatlarında deyil, Fransa cəmiyyətinin gözü qarşısında baş verən hadisələrdə də görünür”.

Modern.az xəbər verir ki, bu fikirləri Musavat.com-da Milli Məclisin deputatı Elçin Mirzəbəyli səsləndirib.

O diqqətə çatdırıb ki, bu gün Fransanın müxtəlif şəhərlərində tələbələrin, məktəblilərin, müəllimlərin və digər sosial qrupların iştirak etdiyi kütləvi etiraz aksiyaları keçirilir: “Etirazların ilkin səbəbləri təhsil sistemindəki problemlərlə bağlı olsa da, proses qısa müddətdə ölkədə yığılıb qalmış sosial, siyasi və institusional narazılığın ifadəsinə çevrilib. Oktyabrın 6-da keçirilən aksiyalarda Fransa hakimiyyətinin açıqladığı rəqəmlərə görə, 266 min nəfər iştirak edib. Eyni zamanda yüzlərlə insan saxlanılıb, xeyli sayda nümayişçi və polis əməkdaşı yaralanıb. Daha ciddi məqam isə ondan ibarətdir ki, etirazların iştirakçıları arasında yetkinlik yaşına çatmayanlar da var. Son günlərdə polis müdaxiləsi nəticəsində yeniyetmələrin ağır xəsarət alması ilə bağlı faktlar Fransa hakimiyyətinin qarşısında ciddi suallar yaradıb. Məsələn, Lens şəhərində 15 yaşlı məktəblinin polis müdaxiləsi zamanı əlini itirməsi ilə bağlı istintaq başladılıb. Bundan əvvəl 14 yaşlı başqa bir məktəblinin polis tərəfindən istifadə olunan gözyaşardıcı qumbara ilə ağır yaralandığı barədə məlumat yayılıb. Bu mənzərənin fonunda Parisin başqa ölkələrə demokratiya və insan hüquqları dərsi keçmək cəhdi ən azı siyasi baxımdan ciddi paradoks yaradır. Çünki məsələ yalnız bu gün baş verənlərlə məhdudlaşmır. Fransada polis zorakılığı ilə bağlı problem illərdir müzakirə olunur. “Sarı jiletlilər” etirazları zamanı nümayişçilərə və jurnalistlərə qarşı güc tətbiqi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında dəfələrlə əksini tapıb. “Human Rights Watch” Fransada etirazların işıqlandırılması zamanı jurnalistlərin hüquq-mühafizə orqanlarının zorakılığına məruz qalması ilə bağlı faktları qeyd edib”.

Deputatın sözlərinə görə, “Amnesty International”ın Fransaya dair son hesabatlarında da vəziyyət Paris üçün heç də ürəkaçan görünmür: “Təşkilat 2025-ci ildə dinc nümayişlərə həddindən artıq məhdudiyyətlər tətbiq edildiyini və polisin gücdən əsassız istifadə hallarının davam etdiyini bildirir. Daha da diqqətçəkən məqam odur ki, “Amnesty International” artıq son tələbə aksiyaları ilə bağlı Fransa hakimiyyətinə birbaşa müraciət edərək polis müdaxiləsinin qanuni, zəruri və mütənasib olmasını tələb edib. Deməli, söhbət hansısa “anti-Fransa” mövqedən və ya ayrı-ayrı siyasi qüvvələrin Parisə qarşı iradlarından getmir. Söhbət Fransanın özünün imzaladığı və özünü müdafiəçisi kimi təqdim etdiyi hüquq və azadlıq prinsiplərinin ölkənin daxilində nə dərəcədə təmin edilməsindən gedir. Sual olunur, əgər insan hüquqları universal prinsipdirsə, niyə həmin prinsip Fransaya münasibətdə bir cür, Azərbaycana münasibətdə isə tamam başqa cür tətbiq edilir?

Fransada jurnalistin polis tərəfindən təzyiqə məruz qalması “mürəkkəb ictimai-siyasi vəziyyət”, Azərbaycanda jurnalistin konkret cinayət əməlinə görə, hüquqi məsuliyyətə cəlb edilməsi isə avtomatik olaraq “söz azadlığına təhdid” kimi təqdim edilə bilməz.

Hüququn ən fundamental prinsiplərindən biri də məhz budur ki, eyni fakta fərqli siyasi coğrafiyalarda fərqli hüquqi qiymət vermək olmaz.

Təəssüf ki, rəsmi Parisin Azərbaycanla bağlı mövqeyində məhz bu ikili standart getdikcə daha qabarıq görünür. Azərbaycanda hüquqi proses baş verən kimi Fransa siyasi dairələrinin bir hissəsi istintaqın nəticəsini gözləmədən, məhkəmənin qərarını nəzərə almadan, prosesin hüquqi mahiyyətini araşdırmadan siyasi hökm çıxarmağa tələsir. Parisdə isə vəziyyət tamam başqadır. Burada etirazçılar həbs olunur, polis tərəfindən güc tətbiq edilir, jurnalistlər xəsarət alır, yeniyetmələr ağır yaralanır, lakin bütün bunların siyasi qiymətləndirilməsi məsələsində eyni həssaslığı görmək mümkün deyil. Bu, artıq insan hüquqlarının müdafiəsi deyil, insan hüquqları məsələsinin siyasi alətə çevrilməsidir”.

Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı | İqtisadiyyat.az

E.Mirzəbəyli Fransanın Azərbaycana qarşı mövqeyinin başqa bir tərəfini də açıqladı: “Paris uzun illərdir özünü “demokratik dəyərlərin müdafiəçisi” kimi təqdim etməklə yanaşı, keçmiş müstəmləkəçilik tarixinin yaratdığı siyasi-iqtisadi münasibətlər sistemindən tamamilə imtina etməyib. Fransanın Afrika siyasəti bu baxımdan xüsusilə diqqət çəkir. Fransanın sabiq prezidenti Fransua Mitteranın “XXI əsrdə Afrikasız Fransanın tarixi olmayacaq” fikri əslində Parisin Afrika ilə münasibətlərinin mahiyyətini ifadə edən olduqca simptomatik etirafdır. Jak Şirakın Fransanın Afrikadakı tarixi istismarına münasibətdə səsləndirdiyi fikirlər isə bu siyasətin mahiyyətini daha açıq şəkildə ortaya qoyurdu.

Məsələ burasındadır ki, müstəmləkəçilik formal olaraq başa çatsa da, onun siyasi düşüncə tərzinin müəyyən elementləri tamamilə yox olmayıb. Fransa özünün keçmiş müstəmləkələrinə münasibətdə uzun illər boyu formalaşdırdığı “böyük dövlət – kiçik dövlət” münasibət modelindən birdən-birə imtina edə bilməyib. Neokolonializm də məhz burada meydana çıxır. Müasir Fransanın problemi yalnız keçmiş müstəmləkə ərazilərini itirməsi deyil. Problem həm də ondan ibarətdir ki, Parisin siyasi elitasının müəyyən hissəsi dünyanın başqa dövlətlərini hələ də öz siyasi təsir dairəsinin təbii elementi kimi görür. Başqa dövlətlərin müstəqil qərar qəbul etməsi, öz milli maraqlarına uyğun siyasət yürütməsi isə bəzən Parisdə qəbul edilmir.

Afrikada Fransanın mövqelərinin zəifləməsi də təsadüfi proses deyil. Mali, Burkina-Faso, Niger və digər ölkələrdə Fransa təsirinin geriləməsi göstərdi ki, uzun illər davam edən patronaj münasibətləri artıq əvvəlki formada işləməyəcək. Azərbaycan artıq öz təhlükəsizliyini, ərazi bütövlüyünü, xarici siyasət prioritetlərini və regional mövqeyini hansısa Avropa paytaxtının diktəsi ilə müəyyən edən dövlət deyil. Məhz bu səbəbdən Parisin Azərbaycana münasibətdəki aqressiv ritorikasının arxasında yalnız “demokratiya narahatlığı” axtarmaq doğru olmazdı. Burada geosiyasi maraqlar, Cənubi Qafqaz uğrunda rəqabət, Ermənistanla münasibətlər və Fransanın regionda itirdiyi təsir imkanlarını bərpa etmək cəhdi də nəzərə alınmalıdır. Əslində isə Parisin Azərbaycana demokratiya və insan hüquqları dərsi keçməzdən əvvəl cavab verməli olduğu suallar kifayət qədər çoxdur. Niyə Fransada dinc nümayiş hüququ amansız şəkildə məhdudlaşdırılır? Niyə jurnalistlər etiraz aksiyalarını işıqlandırarkən polis zorakılığına və təqiblərə məruz qalır? Niyə yeniyetmələrin iştirak etdiyi aksiyalarda polis gücünün tətbiqi ağır xəsarətlərlə nəticələnir? Paris hansı hüquqi və siyasi əsasla başqa dövlətlərin məhkəmə və istintaq proseslərinə qiymət verir, amma öz ölkəsində baş verən analoji hadisələrə münasibətdə “müstəqil hüquqi prosedurlar”ın arxasında gizlənir?

İnsan haqları siyasi sifariş, demokratiya isə ixrac məhsulu deyil. Əgər Fransa həqiqətən universal dəyərlərin müdafiəçisidirsə, ilk növbədə həmin dəyərlərin öz ölkəsində universal olduğunu nümayiş etdirməlidir. Paris küçələrində məktəblilərin polis qarşısında dayanması, nümayişçilərin saxlanılması, jurnalistlərin xəsarət alması və hüquq-mühafizə orqanlarının güc tətbiqinin beynəlxalq təşkilatlar tərəfindən tənqid olunması Fransanın bu məsələdə başqalarına dərs keçmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Məşhur Azərbaycan məsəlində deyildiyi kimi, “özünə umac ova bilmir, başqasına əriştə kəsir”. Fransa əvvəlcə öz küçələrində hüquq və azadlıqların necə qorunduğuna cavab verməlidir. Sonra başqalarına demokratiya dərsi keçə bilər. Bütün bunlar sübuta yetirir ki, Parisin insan hüquqları ilə bağlı bəyanatları siyasi maraqların diktə etdiyi selektiv hüquq ritorikasıdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az