Modern.az

...Növbə gənclərindir...

...Növbə gənclərindir...

Ölkə

25 Avqust 2011, 15:37

Bakıətrafı qəsəbə bələdiyyələrinin birində şahidi olduğum hadisə neçə vaxtdır ki, mənə rahatlıq verməyən bu problemi qələmə alıb sizlərlə bölüşmək qərarına gətirdi. Belə ki, bələdiyyəyə hücum çəkmiş orta yaşlı qadın küçədəki zibilin daşınmamasına görə işçiləri ittiham edirdi. Çoxunuz düşünəcəksiniz ki, bu adi bir şeydir və istənilən bələdiyyə ərazisində bu tip hadisələrlə tez-tez rastlaşmaq olar. 

Lakin, çox təəssüflə qeyd etmək istəyirəm ki, həqiqətən də hazırda Azərbaycanın bir çox bələdiyyəsi yalnız zibil daşıyan, küçə süpürən bir qrum səviyyəsindədir.

Bu məqamda məni bir neçə sual düşündürür. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr formalaşdığı bu dar çərçivədən hansı səbəbdən kənara boylana bilmir?! Yaradılarkən gələcəyi parlaq və ümidverici görünən bələdiyyələr girdikləri qəlibdən çıxmaq üçün hansı işlərə can atmalıdırlar?!

Doğrudur, bu gün Azərbaycanda bələdiyyələrin səlahiyyətləri hələ də tam formalaşmayıb. Belə ki, bələdiyyələr həm yerli icra hakimiyyətinin, həm də MİS-in bəzi  səlahiyyətlərini daşıyır. Ancaq tərifindən də açıq göründüyü kimi, bələdiyyələr yerli özünüidarəetmənin tam demokratik formasıdır. Yəni bələdiyyələr digər idarələrlə müqayisədə xalqa bir köynək daha yaxındır. Və heç kimdən asılı deyil, tam demokratikdir, ən yüksək pillədə dayanır.

Bəs görəsən bu demokratik qrum niyə səlahiyyət və vəzifələrini yerinə yetirmir və yaxud da yetirmək istəmir?! Zənnimcə bu iki səbəbdən irəli gəlir. Birincisi, bələdiyyə üzvləri bu posta təsadüfi düşüblər, hələ də daşıdıqları vəzifənin mahiyyətini dəqiqliklə dərk etmirlər. İkincisi isə, hər bir işi maddiyyatla əlaqələndirib oturduqları yerdən tərpənməyə belə acizlik edirlər. Bəli, bu həqiqətən də belədir. Hazırda bələdyyə üzvləri sırasında xeyli sayda savadsız kadrlar mövcuddur ki, onlar da bəldiyyəyə təkcə torpaq satan, vergi yığan qrum kimi baxır. “Nə satılası torpaq var, nəd də vergi verən, işçilərin maaşlarını belə verə bilmirik”, və yaxud da “pul var ki, iş də görmək mümkün olsun” deyən bələdiyyə sədrləri ilə tez-tez qarşılaşmaq olar.

Onlar dərk etmirlər ki, iş görmək maddiyyatla ölçülmür. Qurmaq, yaratmaq istəyən insana heç kim və heç nə mane ola bilməz. Artıq əlini əl üstə qoyub oturmaq zamanı deyil. Bələdiyyə adlı qrum varsa fəaliyyəti də olmalıdır. Heç kənara getməyib qardaş Türkiyə bələdiyyələrinin iş planına nəzər yetirsək çoxlu sayda ürəkaçan faktların şahidi olarıq.

Hər hansı bir bələdiyyə ərazisində yerləşən məktəblərarası olimpiadalar, yarışlar, turnirlər keçirmək, hər hansı bir ədiblə, alimlə şagirdlərin görüşlərini təşkil etmək, müəyyən mərasimlərlə bağlı bayram tədbirləri və ya bədii gecələr hazırlamaq, qəsəbə sakinlərinin muzey və qoruqlara ekskursiyasını təşkil etmək, həyət-bacaların, küçələrin səliqə-səhmanını qorumaq üçün həvəsləndirici “təmiz həyət”, “təmiz küçə” nominasiyaları təyin etmək, bacarıqlı evdar xanımların, şagirlərin əl işlərindən ibarət sərgilər təşkil etmək, yuxarı sinif şagirdləri ilə birgə könüllü dəstələr yaradıb qəsəbənin yaşlı və kimsəsiz qocalarına kömək məqsədilə “yardım günləri” keçirmək və s. heç də böyük maddi vəsait tələb etməyən işlərdir. Bundan başqa, qəsəbədə yaşayan bir neçə imkanlı şəxslə, və yaxud da bazar-dükan sahibləri ilə razılığa gəlib 4-5 kompüter alaraq imkansız, şəhid və əlil ailələrindən oaln uşaqlar üçün kompüter kursları təşkil etmək, yaxud da, müəllimlərin könüllü şəkildə və ya müəyyən miqdar məvaciblə həftədə bircə saat  uşaqlara dil kursları, hazırlıq məşğələləri keçmələrini təşkil etmək olmazmı. görülə biləcək işlərin siyahısını bəs qədər uzatmaq olar. Lakin bununla kifayətlənib fikrimin əsl mahiyyətini açmaq istəyirəm.

Əlbəttə ki, bu tip layihələri həyata keçirmək olar, özü də istənilən qədər. Lakin, hazırda bir çox bələdiyyə üzvləri seçildikləri əraziyə, xalqa xidmət etmək, yeni axtarışlar aparıb bu sahəyə novatorluq gətirmək marağında deyillər. Onları aid olduqları qəsəbə deyil, yalnız təmirə ehtiyacı olan imarətləri, sakinlərin maraqları deyil, özlərinin boşalmış cibləri, qəsəbənin istedadlı gənclərini deyil, quru diploma ehtiyacı olan savadsız övladlarının taleyi maraqlandırır.

Söylədiklərimlə heç də bələdiyyə adlı qrumu tənqid atəşinə tutmaq niyyətində deyiləm. Sadəcə onları silkələyib ayıltmaq, tutduqları postun yalnız şərəfini deyil mahiyyətini, məsuliyyətini dərk etməyə səsləmək istəyirəm. İnsan vəzifəsinin şərəfi ilə yox, məsuliyyəti ilə yaşamalıdır ki, bu məsuliyyət də ona şərəf gətirsin.

Çox primitiv olsa da bir misal çəkmək istəyirəm. Valideyn övlada əvvəlcə ən bəsit bir iş tapşırır və o işi həyata keçirmək üçün müəyyən miqdarda pul da verir. Ona tapşırılmış işin öhdəsindən layiqincə gələndə artıq valideyn həmin övlada etimad göstərir. Daha da məsuliyyətli işlər tapşırır. Müəyyən bir dövrdən sonra da özü təqaüdə çıxdıqda ailəyə başçılıq etməyi, qayğı və problemlərlə ilgilənməyi, evə gələn gəlirin idarə olunmasını da ona həvalə edir.

Sadə müqayisə olsa da bu həqiqətdir. Bəli, bələdiyyələr yaradıldı, iş görmələri üçün müəyyən miqdarda dotasiya və subvensiyalar da ayrıldı. Ancaq ki, çifayda. Etiraf edək ki, bələdiyyələrə özünütəsdiq üçün verilmiş dövr artıq geridə qalıb. Bələdiyyələrsə bu zaman kəsiyində qürurverici heç bir əmələ imza atmayıblar. Bu gün bəzi bələdiyyələr hələ də mürgüdədir, işləmək üçün nə potensiyaları, nə də savadları kifayət qədər deyil.

Azərbaycanda bələdiyyələr öz yerini tutmaq üçün artıq yerində addımlamağı kənara qoyub, yalnız irəli istiqamətdə hərəkət etməlidir. Elə isə nə durmusunuz, yol verin, növbə gənclərindir. Həqiqətən də ölkəsinin, xalqının mənafeyini hər şeydən uca tutan, qurub-yaratmaq əzmiylə axtarışalar aparan, elmi texniki tərəqqidə yeni-yeni ixtiralara imza atan peşəkar gəncliyin bu işlərə cəlb olunmasının vaxtıdır. Artıq bu sahə üzrə savadlı kadrlar da yetişir. Lalın dilini anası bildiyi kimi, işi də biləninə həvalə etmək daha məqsədəuyğundur.

P.S. Yazımla heç bir bələdiyyə işçisini incitmək niyyətində deyildim. Sadəcə bir çoxları özləri də yaxşı bilir ki, bu iş onlarlıq deyil.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı