Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır. Artıq Kənd Təsəsrrüfatı, Maliyyə, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təqaüd yaşı çatmış dövlət işçilərinin ixtisarları barədə məlumat vermişik. Digər nazirlik və komitələrdə isə təqaüd yaşı çatmış işçilərin siyahısı hazırlanır.
Modern.az-ın əməkdaşı daha iki dövlət qurumundan bu istiqamətdə hansı işlərin aparıldığını öyrənməyə çalışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov bildirib ki, onlarda 65 və ondan yuxarı yaşda əməkdaş işləmir. “Bizim kollektivin 99 faizi gənclərdən təşkil olunduğu üçün komitədə 65 yaşdan yuxarı işçi yoxdur”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə komitədə 65 yaşdan yuxarı yalnız 3 nəfər işçinin olduğunu qeyd edib. Onun sözlərinə görə, üç əməkdaşdan birinin işinə artıq baxılıb və qanunun tələbinə uyğun olaraq onunla bir illik müqavilə bağlanıb.
““Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə görə, dövlət işində çalışan 65 yaşdan yuxarı işçi ilə 70 yaşa qədər hər il bir illik müqavilə bağlanıla və həmin əməkdaş işində saxlanıla bilər. Bizdə bir nəfərlə belə müqavilə bağlanılıb”.
E.Nağızadə digər iki əməkdaşın işi ilə bağlı isə hələ qərarın verilmədiyini vurğulayıb.
“Bildiyimiz kimi, ali təhsil ocaqlarına qəbul yeni başa çatdığı üçün bizim əməkdaşlarımız indi məzuniyyətə gedirlər. Ona görə də qalan iki nəfərin işinə məzuniyyətdən sonra baxılıb, qərar qəbul olunacaq”.
Aytən ƏLİYEVA