Bu gün Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan məşhur rəssam Səttar Bəhlulzadənin ad günüdür.
Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu ilin bu günündə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə daxil olan S.Bəhlulzadə 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirib. O, 1933-cü ildə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur və 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib.
V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olan Səttar Bəhlulzadə yaradıcılığa «Kommunist» qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. Onun 1931-33 illərdə müasir məzmunlu ilk karikaturaları çap olunub.
Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri «Babək üsyanı», «Fətəli xan», «Xəttat Mir Əli» və s. əsas yer alıb. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaradıb.
Daha sonralar Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənir və o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayıb. 1946-47 illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri («Buzovna neft mədənləri», «Əmircan» və s.) nümayiş etdirilib.
S.Bəhlulzadə 1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi , 1963-cü ildə Azərbaycan xalq rəssamı adına layiq görülüb. O, eyni zamanda 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatıdır.
Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir.
Görkəmli rəssamın fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilib. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.
Səttar Bəhlulzadə bir sıra orden və medallarla təltif edilib. Rəssamın əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və başqa şəhərlərin muzeylərində saxlanılır.
"Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı, "Şahnabat", "Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" kimi əsərləri rəssamın yaradıcılığında əsas yer tutur.
14 oktyabr 1974-cü ildə Moskvada vəfat edən Bəhlulzadə doğulduğu yerdə-Əmircanda dəfn olunub.
Modern.az-ın məlumatına görə, bəzi araşdırmaçılar Səttar Bəhlulzadəni Azərbaycanda yaşayıb-yaratmış ən məşhur dərviş hesab edirlər.
Azərbaycan İslam dininə ibadət edildiyi bir ölkə olduğundan burada da dərviş zümrələri mövcud olub, indi də var. Orta əsr Azərbaycan miniatürlərində dərviş rəqslərini təsvir edən səhifələr var. Vaxtilə İran, Türkiyə, Orta Asiyadan dərvişlər həmişə böyük ürfan alimi, Şəms Təbrizinin müəllimi Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gəlirmişlər. Bəzi araşdırmaçılar tanınmış rəssam Səttar Bəhlulzadəni Azərbaycanda yaşıyab-yaratmış ən məşhur dərviş hesab edirlər.
Rəvayətə görə, vaxtilə Şeyx Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksindəki türbəsini ziyarətə gələn dərvişlərdən biri burada kiçik yaşlı Səttar Bəhlulzadə ilə rastlaşır və onunla bir müddət söhbət edir. Deyilənə görə, Səttara dərvişliyi təlqin edən həmin şəxs ona dərviş fəlsəfəsini aşılaya bilib.
Modern.az