Modern.az

Qısqanclıq nəyi bilir?

Qısqanclıq nəyi bilir?

Ölkə

4 İyul 2012, 15:51

Bəxşəndə Rahilqızı (B.R. – “43” yazımı ithaf etdiyim şəxs) filoloq və məsləhətinə hər zaman ehtiyac duyduğum insandır. Müştərək maraq mənbəyimiz olan ədəbiyyatdan kəlamlar toplayır. Ayrı-ayrı yazıçıların əsərlərindən. Birini də o gün mənə dedi. “Qısqanclıq hər şeydən çox bilir”. Müəllifini o dəqiqə tanıdım – Qabriel Qarsiya Markes.

Bu cümləni yadda saxlamamaqmı olar!? Markesin dörd əsəri kimi, həmin kəlamın olduğu “Hüznlü fahişələrim” romanının tərcüməçisi mənəm.

Tərcümə ədəbiyyatının keyfiyyəti ilə bağlı polemika barədə də B.R. vasitəsi ilə xəbər tutdum. Bir tərcüməçi kimi mənə daş atıldığından da.

Yazını oxudum. Mülahizələrin yönəldiyi hədəf əslində, “Qanun” nəşriyyatı idi. İstər polemikada, istərsə də şərhlərdə onun bədii tərcümələrinə xeyli iradlar vardı. “Qanun”un vəkili, əlbəttə, mən yox, Şahbaz Xuduoğludur. Mən yalnız özümü və öz işimi müdafiə edə bilərəm və etməliyəm.

“Pero” imzalı şərhdə mənə irad tutulur: “Sizin (“Qanun” nəşriyyatı – Ə.R.) sayənizdə Markesi oxudum, çox sağ olun, amma yazıçıdan iyrəndim. “Eşq və başqa cinlər” kitabının sonuna çata bilmədim...” Daha sonra “Tərcümə etmək üçün dahi olmağa ehtiyac yoxdur, sadəcə, Azərbaycan dilinin qrammatikasını və izahlı lüğətini bilmək yetərlidir. Sizin tərcümələr çox qurudur... Markesi Azərbaycanda öldürülər. Türkiyə türkcəsində eyni kitab o qədər rahat və axıcıdır ki, bəzi tərcümələrə verdiyim pula heyfim gəlir... Tənqidləri geri çevirənə kimi bu sahədə bacarıqlarınızı artırmaqla məşğul olsaydınız, sizi peşəkar sayardım”.

Peşəkarlığıma şübhə edənə cavabım: on illik tərcüməçi təcrübəmə istinadən bilirəm ki, bir dildən başqa dilə ideal çevirmə yoxdur. Ən azı ona görə ki, insan zəkasının və əlinin yaratdığı hər hansı bir nəsnədə mütləq kamilliyə yetişmək absurddur. Heç bir təkmilləşdirmə ilə də ona yetişmək olmur. Yəni yaradıcılıqda bəşər övladı Tanrı ilə yarışacaq gücə malik deyil.

İkincisi, əgər söhbət bədii tərcümədən gedirsə, bu aksiomu qəbul etməliyik – tərcüməçi ikinci müəllif, yaxud həmmüəllifdir. Çünki istənilən tərcümə yüzə-yüz “copy-past” ola bilməz. Ən azı ona görə ki, hər dilin öz qanunları var. Qüsurlar? Bəli, o, hamıda, bütün tərcüməçilərdə var. Hətta dahi saydığımız yazıçıların özündə də. O cümlədən Markesdə. Tərcüməçi olaraq onun özünün xətalarını tapmışam. Məsələn, “Vəba günlərində eşq”də bir yerdə məktubun 60, digərində 70 səhifəlik olduğu qeyd olunur (Prinsipcə ədəbiyyatda bu yenilik deyil. Dostoyevski də “Cinayət və cəza”da bir yerdə kvadrat, digər yerdə oval masa ifadəsini işlədir).

Üçüncüsü, tərcüməyə üslubuna gəldikdə, iş prosesində şəxsən mən müqayisəli metoddan istifadə edir, yəni türk və rus mətnlərini yanaşı qoyuram. Niyə? Çünki onların hər birində bağışlanmaz qüsurlar var: çıxarılmış abzaslar, itmiş cümlələr, tərcüməçi özbaşınalığı. Səbəb – təkrar biliyin anasıdır – hamımız insanıq və mütləq kamillik bizim üçün əlçatmazdır.

“Eşq və başqa cinlər”in Anadolu türkcəsinə tərcümə variantının rahat və axıcı olması fikrini bölüşürəm. Amma “Pero”nun bu axıcılığı azəri türkcəsində görə bilməməsi ən azı təəccüblü, ən çoxu da qərəzlidir. Hər iki variantı yanaşı qoyduqda “Pero”nun fərqi tapacağına heç inanmıram. Çünki mən peşəkaram!

Dördüncüsü, “Markesi Azərbaycanda öldürürlər” qənaəti də mənim üçün anlaşılmazdır.

Beşincisi, “Pero”nun bacarıqlarımın şkalasını da hansı meyarla ölçməsini heç başa düşmədim...

Peşəkar tərcüməçi olaraq hər cür müzakirəyə hazıram. Amma bu cür polemikaların məramı qaşınmayan yerdən qan çıxarmaqdırsa, orda yoxam. İndiki məqamda tərcümələrin keyfiyyəti ilə bağlı müzakirələrə də, “Pero” və s. “oxucular”ın şərhlərinə də bunun müəyyən işartılarını eynəksiz belə görürəm.

Nəhayət, qeydlərimin əvvəlində insan fitrətini danışdım. İndi xislətini də yada salmaq gərəkdir.

Həqiqət budur ki, bəzən kimlərsə başqalarının uğurundan qıcıqlanır, onu qısqanır – insan adlı varlıq üçün bu, təbiidir. Amma bu, qısqanclığın hər şeydən çox bilməsi mənası verirmi?

Yox, buna inanmıram. Hətta müəllifi Markes olsa da.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı