Qapının tıqqıltısından diksindim. Onsuz da iki gündür yaman səksəkəli olmuşam. Hər dəfə çöldən səs gələndə vahiməyə düşürəm. Qapını açmağa əlim gəlmədi. “Açım-açmayım?” deyə beynimdə ildırımsürətli fikirlər dolaşdı. Sanki kimsə mənə deyirdi ki, açsan, qarşına hansısa dövlət məmurunun “qəzəbli” baxışları çıxacaq və “Təcili evi boşaldın” əmrini verəcək. Başqa bir hiss isə “Açmasan belə, sökəcəklər” fikrini pıçıldayırdı. Bu dolaşıq fikirlərlə əlləşərkən qapının arxasından yanıqlı yalvarış səsi eşidildi. Yalvaran məmur görmədiyimçün ürəklənib qapının məndilini çəkdim. Çox şükür, evimi sökməyə deyil, Allah yolunda kömək istəməyə gələn zavallı bir adam dayanmışdı qarşımda…
Otağa qayıdanda gözüm masanın üzərindəki qəzet səhifəsinə sataşdı. “Təkrar oxuyum, bəlkə qorxmağıma əsas yoxdur, dərk etmədiyim hikmət var” deyib gözlərimi və məntiqimi işə saldım:
Bu günlərdə Heydər Əliyev Sarayının arxasında Füzuli və Şəmsi Bədəlbəyli küçələrində yaşayan sakinlərlə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nümayəndələri və polislər arasında qarşıdurma oldu. Səbəb isə “Qış bulvarı”nın tikintisi ilə əlaqədar sözügedən küçələrdəki evlərin boşaldılması qərarıymış. Belə ki, icra nümayəndələri əvvəlcədən bütün evlərə “insanicə xəbərdarlıq ediblər” ki, bir-iki saatdan sonra binanızın suyu, qazı və işığı kəsiləcək. Dedikləri kimi də olub. Çox keçməyib ki, Füzuli və Ş.Bədəlbəyli küçələrində yaşayan sakinlərin suyu, qazı və işığı kəsilib.
Daha sonra əraziyə ağır texnikalar gətirilib. İcra nümayəndələri ilə əraziyə baxan Səbayel Rayon Polis İdarəsinin əməkdaşları Füzuli küçəsi boyunca yerləşən mağazalara və binalara girərək evləri boşaltmağı tələb ediblər. Çox keçməyib ki, mənzil və ticarət obyektləri tamamilə boşaldılıb və kənarı hasarlanıb. Lakin bu vaxt bəzi “ictimai asayişi pozma” halları müşahidə olunub. Yəni, evlərinin sökülməsinə etiraz edən sakinlər yolu bağlamağa cəhd edərək “Evimizi sökməyin”, “Pulumuzu verin” şüarları səsləndiriblər. Təbii ki, polisin “vaxtında və lazımi” müdaxiləsi nəticəsində bu “dağıdıcı qrup” zərərsizləşdirilib. “Yolkəsənlərin” etirazının səbəbi isə o olub ki, oradakı bütün ev və mağazaların hər kvadratmetrinə dövlət tərəfindən 4 min manat kompensasiya ayrıldığı halda, sakinlərə hər kvadratmetrə 1500 manat çatacaq.
Ə nooolsun? Aha, indi mənə hər şey aydın oldu. Bizim vətəndaşlar da lap ağını çıxarıb ha. Heç yaxşılıq-pislik anlamırlar. Hökumətimizin, rəsmilərimizin yeritdiyi məqsədyönlü siyasətin mahiyyətini dərk etmədikləri yetmir, hələ bir “haqq-hüquq” deyə qan qaraldırsınız. Əziz başçılarımız siz nahaq yerə özünüzü yormayın. İzin verin sizin danışan diliniz olum və bu “cahilləri” başa salım:
Ay camaat nə hay-küy salmısınız? Bu boyda əziyyət çəkib evlərinizi boşaldanlara, qollarını çirməyib dükanlarınızı sökməyə kömək edənlərə, gecə-gündüz şəhərin abadlığının qayğısını çəkənlərə hər kvadratmetrə 2500 manatı çoxmu görürsünüz? Cibimizə qoymuruq ki? Şəhərin başqa bir hissəsindəki sakinlərin evləri sökülən zaman onlardan toplanan “ianə” ilə bunu üst-üstə qoyub “Qış bulvarı”na dekorativ gül alacağıq. Elə şüvən qoparmısınız ki, güya dünyanın bir tərəfi uçmaq üzrədir. Cəmi-cümlətani 240-dan bir az çox ailə evsiz-eşiksiz qalacaq vəssalam. Lakin qarşılığında Saraydan Füzuli meydanına kimi böyük ərazidə müasir tipli istirahət guşəsi tikilərək paytaxt sakinlərinin ixtiyarına veriləcək.
Bəh-bəh. Təsəvvür edirsiniz, şəhərin mərkəzini “bərbad” göstərən yaşayış binaları və ticarət obyektləri tamamilə sökülür, yerində başdan-başa çil-çıraqla bəzədilmiş nəhəng gəzinti məkanı yaradılır və şəhərimizə gələn qonaqlar baxıb feyziyab olurlar. Yaşasın! Səd-afərin! Amma sən gəl indi bunu bir qrup sakinə başa sal ki, ay balam bulvar hara, sənin daxman hara? Anlamırlar ki, Bakının mərkəzində kasıb-kusub yaşaya bilməz. Gərək hər kəs öz yerini bilsin. Xaricdən gələn qonağa necə izah edəsən ki, mülkiyyət toxunulmazdır, insan haqları müqəddəsdir, sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin istədiyi yerdə yaşamaq haqqı var?
Bu ərazidə evləri sökülən 240 ailə orta hesabla min nəfər edir. Nədir ki? Allaha şükür, məmləkətimizdə boş torpaq “N” qədərdir. Gedin rayonlarda, kəndlərdə, cəhənnəm Bakının ətraflarında yaşayın da. Gərək məhz şəhərin ortasında, gəlib-gedənlərin gözü önündə yaşayıb, öz cır-cındırlarınızı nümayiş etdirəsiniz? Verilənə də qane olun ki, onu da əlinizdən başqa vasitələrlə almayaq. Böyük işlərin qarşısında min nəfərin haqqının tapdanması boş şeydir. Əsas odur ki, şəhərimiz yenilənsin, abadlaşsın, gözəlləşsin...
İnanırsınız ki, birdəfəlik evlərinizi sökməklə sizə necə yaxşılıq etmiş oluruq? Bu gün ölkədə ölüm hökmünə çarpdırılan və oturub ölüm anını gözləyən milyonlarla “məhkum” var. Hamının ürəyi vahimə içindədir ki, nə vaxt gəlib evimi sökəcəklər, torpağımı müsadirə edəcəklər, obyektimi cərimələyəcəklər, emalatxanamın qapısına möhür vuracaqlar, işığımı-qazımı kəsəcəklər və sair. Hələ iş yerlərindən hər an səbəbsiz-filansız atılmasını gözləyən “məhbusları” demirəm. Amma sizin evlərinizi birdəfəlik söküb, özünüzü küçələrə atmaqla sizə böyük yaxşılıq edirik. Niyə anlamırsınız?
Digər bir “vicdanlı” əməlimizə diqqət yetirin: Köhnə evləri söküb yerində çoxmərtəbəli, yaraşıqlı yaşayış binaları tikdiyimiz zaman diliniz boğazınıza sığmır ki, pul qazanmaq dərdinə düşmüşük. Axı indi sizin komaların yerində binalar tikmirik, park salırıq, park. Gərçi doğrudan da əsl hündürmərtəbəli bina yeridir, ancaq söz dildən çıxar. Bunu əvvəlcədən düşünməliydik. Nəysə dediyim kimi, sizin istirahət və gəzintiniz üçün “Qış bulvarı” yaradırıq. Heç olmasa, nə vaxt yolunuz Bakının mərkəzinə düşsə, gəlib orada bir az dolaşar və fikrinizi dağıdarsınız. Bina tiksəydik, qarşısında polis məntəqəsi qursaydıq, ərazidən içəri addım ata bilməsəydiniz, kənardan baxıb-baxıb köks ötürsəydiniz, halınız necə olardı? Odur ki, canımıza dua edin.
Sevincimdən atılıb-düşürdüm. Axır ki, hökumətimizin “uzaqgörən” siyasətinin səbəbi-hikmətlərindən birinə vaqif olmuşdum. Bu nə xoşbəxtlik! Bu nə gözəllik! Bu nə hikmət! Qəfildən qulağım səsə düşdü. Qonşu mənzildə kimsə ucadan danışır və arabir “Quran”dan sitatlar gətirirdi. Diqqətimi cəmlədikdə aşağıdakı sözləri eşitdim:
“Dünyanın sultanı və Allahın elçisi Həzrəti Süleyman öz saysız-hesabsız qoşunu ilə səfərə çıxmışdı. Süleymanın əzəmətindən və ordunun qüdrətindən dünya-aləm vahiməyə düşmüşdü. Yol Süleymanın yolu idi və heç kim cürət edib onun yoluna çıxa bilməzdi. Birdən qoşunun önündə gedən Peyğəmbər dayandı və əsgərlərinə dayanmağı əmr etdi. Qarşıda heç nə görünmürdü. Hamı təəccübdən donub qalmışdı. Bu vaxt Süleyman arxaya çevrilib qoşuna əmr verdi: Burda bir qarışqa yuva salıb. Biz yolumuza davam etsək, onun evini dağıda bilər və ahını almış olarıq. Odur ki, yolumuzu dəyişirik. Geriyə!”
Biz Süleyman deyilik. Nə onun qədər imanımız, nə var-dövlətimiz, nə də hüdudsuz hökmümüz var. Bəs bir qarışqa qədər dəyərimiz də yoxdurmu? Dünyanın əşrəfi olan insan bu məmləkətdə həşəratdan dahamı qiymətsizdir? Ağ saçlı analarımızın ahı qarışqanın ahından azmı keçərlidir? Amma belə getməz. Qulun bir hesabı varsa, Allahın da bir hesabı var. Mənim tanıdığım Allah nə zalımın cəzasını, nə məzlumun haqqını, nə də uzunsaçlının ahını yerdə qoymaz...