
Milli Şurada təmsil olunan siyasi partiya rəhbərlərinin ABŞ-a səfəri gündəmin hadisəsinə çevrilib. Artıq səfərin tarixi təxmini bəllidir. Milli Şura üzvü Zəfər Quliyevin sözlərinə görə, müxalifət liderlərinin Amerika səfəri iyulun 10-a planlaşdırılıb.
ABŞ səfərində Müsavat başqanı İsa Qəmbər, Milli Şura sədri Rüstəm İbrahimbəyov, Eldar Namazov, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbərin iştirak edəcəyi gözlənilsə də, Liberal Partiyasının lideri Lalə Şövkətin bu siyahıda adı çəkilmir.
L.Şövkətin ABŞ səfərində iştirak edib-etməyəcəyi ilə bağlı ALP sədri Əvəz Temirxandan münasibət öyrəndik.
Modern.az-a açıqlamasında partiya rəhbəri səfərin nə zaman baş tutacağının bəlli olmadığını söyləyərək, bu haqda bir söz deyə bilməyəcəyini bildirib.
“Bu səfərin nə zaman baş tutacağı hələ bəlli deyil. Ona görə də indidən biz söz demək çətindir. Liberal Partiyanın gündəlik icra fəaliyyətinə mən rəhbərlik edirəm. Lalə Şövkət strateji məsələləri həll edir. Bu məsələnin özünün gündəmdə nə dərəcədə olduğu bəlli olmadığından Lalə Şövkət haqqında nə isə deməyə ehtiyac duymuram”-deyə ALP sədri vurğulayıb.
Qeyd edək ki, Milli Şuranın əsas tərəfdarlarından olan ALP prezident seçkilərində partiya adından Rüstəm İbrahibəyovun namizədliyini irəli sürüb.
Anar RÜSTƏMOV