Modern.az

MSK prezident seçkisində «exit-poll» keçirməyə icazə verəcək

MSK prezident seçkisində «exit-poll» keçirməyə icazə verəcək

Ölkə

5 Avqust 2013, 12:23

Azərbaycanda bu ilin 9 oktyabrında keçiriləcək prezident seçkisinə tezliklə start veriləcək. Seçkiyə qalan vaxt daraldıqca bu marafonla bağlı gərginliklər də şübhəsiz artacaq. Maraqlıdır, seçkidə «exit-poll» olacaqmı, onu hansı yerli və xarici təşkilat keçirəcək? Mərkəzi Seçki Komissiyası (MSK) rəsmiləri bu barədə danışmağın tez olduğunu bildirsələr də, bəzi məlumatlara görə, yerli QHT-lərdən prosesə hazırlıq görənlər var.

MSK prezident seçkiləri ilə bağlı “exit poll” keçirilməsinə icağə verəcək. Bu barədə Modern.az-a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O, bildirib ki, qanunun tələbinə uyğun fəaliyyət göstərən təşkilatlara seçkilərdə “exit poll” keçirməyə icazə veriləcək.

“Qanunla fəaliyyət göstərən, bu sahədə təcrübəsi olan təşkilatlara “exit-poll” keçirməyə icazə veriləcək. “Exit-poll”un keçirilməsi ilə bağlı MSK təlimat qəbul edib. Bu təlimatın tələblərinə uyğun fəaliyyət göstərən təşkilat olmalıdır” –deyə Azər Sarıyev bildirib.

MSK rəsmisi onu da qeyd etdi ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı hələ ki, heç bir təşkilat “exit poll” keçirmək üçün müraciət etməyib.

«Exit-poll» bu gün bütün dünyada geniş tətbiq olunur, yəni seçki günü seçki məntəqəsinin çıxışında səs vermiş seçicinin rəy sorğusu aparılır, onun hansı namizədə səs verdiyi öyrənilir. Bu yolla seçki komissiyasının seçkinin nəticələrini rəsmən elan etməsindən öncə ilkin nəticələri əldə etmək imkanı yaranır. Qeyd etmək lazımdır ki, yalnız elmi metodologiyaya uyğun keçirilən «exit-poll»un nəticələri seçkilərin nəticələrini düzgün qiymətləndirməyə imkan verir.

Hələ 2005-ci ildə beynəlxalq müşahidəçilər belə qənaətdəydilər ki, «exit-poll» sorğusu tədricən Azərbaycanda da seçkiləri müşayiət edən, seçkilərin demokratik keçirilməsini və legitimliyini qiymətləndirməyə imkan verən bir vasitəyə çevriləcək.
Amma aradan keçən müddət göstərdi ki, hələlik ölkəmizdə seçki məntəqələrinin çıxışında həyata keçirilən bu təkrar sorğuya birmənalı münasibət yoxdur.

Qeyd edək ki, Azərbaycanda beynəlxalq təşkilatların iştirakı ilə «exit-poll» sorğusu ilk dəfə 2005-ci ilin noyabrında keçirilən parlament seçkilərində təşkil olunub və o zaman onun nəticələri müxalifət və iqtidar tərəfindən heç də normal qarşılanmayıb.
Xatırladaq ki, 2005-ci il noyabrın 6-da keçirilən parlament seçkiləri zamanı bir neçə təşkilat «exit-poll» keçirmişdi. Onlardan ən əsası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi «PA Consulting Group» şirkəti idi ki, onun da Azərbaycanda yerli tərəfdaşları «Sorğu» Tədqiqatlar Mərkəzi və Sosial Tədqiqat üzrə Beynəlxalq Mərkəz idi.

2005-ci ildə «PA Consulting Group»un keçirdiyi «exit-poll»un nəticələri ABŞ hökuməti, ATƏT, Avropa Şurası tərəfindən də qəbul olunurdu və buna görə də əsas diqqət bu qurumun təşkil etdiyi sorğuya yönəlmişdi. Bunu nəzərə alan Azərbaycan müxalifəti də o zaman («Azadlıq» bloku) əvvəlcədən bəyan etmişdi ki, yalnız «PA Consulting Group»un keçirdiyi «exit-poll»un nəticələrini tanıyacaq. Amma «PA Consulting Group» «exit-poll»un nəticələrini elan edəndə məlum oldu ki, göstəricilər MSK-nın nəticələri lə 80 faiz üst-üstə düşür. Belə nəticə isə müxaifəti razı salmadı.

2005-ci ilin parlament seçkiləri zamanı ABŞ-ın digər qeyri-hökumət təşkilatı olan «Mitofski İnterneşnl» də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə birgə «exit-poll» keçirmişdi, lakin onların elan etdiyi nəticələr ciddi qəbul olunmadı. Çünki bu sorğu zamanı şəffaflıq tam təmin olunmamışdı. Hətta «Azadlıq» bloku «Mitovski İnterneşnl» qrupunun keçirdiyi «exit-poll»un hakimiyyətin sifarişi ilə təşkili barədə bəyanatla çıxış etmişdi. 2005-ci il seçkilərində Estoniyanın «Saar-poll», Azərbaycanın  «İnamlı Səs» QHT-lər Birliyi, «Proqnoz» təşkilatının keçirdiyi «exit-poll»un nəticələrinə də onların özlərindən başqa heç kim əhəmiyyət vermədi.

Artıq Azərbaycanda yeni seçki marafonu yaxınlaşır, hələlik «exit-poll» keçirəcək beynəlxalq və yerli təşkilatlar barədə səs-soraq yoxdur.

Gültəkin ƏLƏSGƏR   

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı