
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) prezident seçkilərində iştirak edəcək namizədini müəyyən edib. Partiya sədri Yusif Bağırzadə Modern.az saytına verdiyi açıqlamada AMİP-in seçkilərə öz namizədi ilə gedəcəyini və artıq bu şəxsin kimliyinin bəlli olduğunu deyib. O bildirib ki, namizədin adı yaxın günlərdə açıqlanacaq.
Partiya sədrinin sözlərinə görə, AMİP seçkilərdə başqa namizədi - Milli Şura sədri Rüstəm İbrahimbəyovu dəstəkləməyəcək.
Y.Bağırzadə partiyanın namizədinin kimliyinin bəlli olduğunu bildirsə də, ad açıqlamaqdan imtina edib.
“Biz Milli İstiqlal Partiyası olaraq seçkidə iştirak edəcəyik. Bəyan edim ki, seçkilərə öz namizədimizlə gedirik. Biz heç bir namizədi və ya siyasi birliyin namizədini dəstəkləməyəcəyik. Bu, son qərarımızdır. Artıq deyim ki, AMİP-in namizədi də bəllidir. Mən onun adını hələlik demək istəmirəm. Yaxın günlərdə partiya öz namizədinin adını açıqlayacaq”.
AMİP sədri daha sonra partiya lideri Etibar Məmmədovun namizədliyindən söz açıb. Bildirib ki, E.Məmmədov öz istəyi ilə bundan imtina edib.
Y.Bağırzadə özünün namizədliyinə gəlincə, bu variantı təkzib etməyib. Onun sözlərinə görə, partiya artıq seçkilərə hazırdır.
“Mənim namizədliyimə gəlincə, hər şey ola bilər. Bizim daimi fəaliyyət göstərən seçki qərargahımız var. Biz hazırıq seçkiyə getməyə”.

Anar RÜSTƏMOV