Modern.az

Prokurorlar, sizə Qabildən şeir var

Prokurorlar, sizə Qabildən şeir var

Ölkə

29 Sentyabr 2013, 21:06

80-cı illərin ortaları idi. Hansısa qəzetdə atamın “Sən də sərhədçisən” adlı bir şeiri çıxmışdı. Düzün desəm oxumamışdım. Çünki mənimçün atamın şeir yazması, yaxud da çapı adi bir şey idi. Alışmışdım. Bir də ki, bacanağı Abbasəli Novruzov sərhədçi idi. Sərlövhəni oxuyan kimi fikirləşdim ki, yəqin ona ithaf edib. Üstündən bir-iki gün keçdi. Evə gələndə atam dedi ki, “bəs bu gün məni Baş Prokurorluğa dəvət etmişdilər”.

Əvvəlcə məəttəl qaldım ki, kriminaldan uzaq, tanınmış şairi görəsən Baş Prokurorluğa niyə dəvət ediblər? Görəsən qələmindənmi nəsə xəta çıxıb? Özü də Baş prokurorun özü. Sonra  “dəvət” sözünün mənasına vardım. “Çağırmayıblar, “dəvət ediblər”sə, deməli hər şey yaxşıdır”. Amma yenə həyəcanla soruşdum: “Niyə?”.

Atam adətincə yenə də “görürsən ki, nə kitab oxuyursan, nə qəzet. Heç olmasa şeirim çıxan qəzetlərə bax. Amma Baş prokuror İlyas İsmayılov, prokurorluq işçiləri oxuyub. Onlara həsr etdiyim “Sən də sərhədçisən” şeirini deyirəm. Buna görə dəvət etmişdi. Minnətdarlığını bildirdi. Söhbət etdik. Vəssalam. Hə... bir də dedi ki, şeiri rus dilinə tərcümə elətdirmək istəyir”.

İlyas müəllim atamın prokurorluq işçilərinə həsr etdiyi şeiri nəinki rus dilinə tərcümə elətdirdi, üstəlik onu SSRİ Prokurorluğunun orqanı olan, Moskvada çıxan jurnalda (üzr istəyirəm adı yadımdan çıxıb) çap elətdirdi.

Bizim bir uzaq qohum vardı. Rayonların birində prokuror idi. Öz gücü, ağlı hesabına bu mərtəbəyə qalxmışdı. Günlərin bir günü bizə gəldi ki, bəs işi çətinə düşüb. Nəsə səhv buraxıb. İlyas İsmayılovun qəzəbinə gəlib. “O da çox sərt, qanunsevən bir insandır. İşdən çıxartmağı öz yerində, ciddi cəzalandıracaq da. Qabil müəllim, qulaq assa-assa... ancaq sənin sözünü eşidər”.
 
Atam belə şeylərdən uzaq adam idi. Amma Gülmalının qohumluqdan əlavə, yaxın dost və  etibarlı həmpiyalə olduğunu nəzərə alıb İlyas müəllimə müraciət etdi. O da şairin xahişini yerə salmadı. Nə Gülmalını cəzalandırdı, nə də rayon prokuroru vəzifəsindən çıxartdı.

Üstündən illər keçdi. Azərbaycan müstəqilliyini qazandı. Bu illər ərzində prokurorluq işçilərinin, ümumilikdə bütün hüquq-mühafizə orqanları əməkdaşlarının həmişə atama xüsusi hörmət və ehtiramını görmüşəm.

1 oktyabr - prokurorluq işçilərinin peşə bayramıdır. Amma bu kiçik xatirəni yazmaqda iki məqsədim var.

Birinci, Baş prokurur Zakir Qaralov başda olmaqla bütün prokurorluq işçilərinin peşə - yubiley  bayramını təbrik etmək. İkincisi isə atamın şeirini yenidən gündəmə gətirmək. Necə deyərlər...

“PROKURORLAR, SİZƏ QABİLDƏN ŞEİR VAR”

SƏN DƏ SƏRHƏDÇİSƏN

Sən də sərhədçisən- mübariz, mətin,
Qanun keşiyində ayıq-sayıqsan.
Yolunu kəsdikcə hər cinayətin
Gül kimi tərtəmiz ada layiqsən.

Sən də sərhədçisən - kim ləkə görüb
Sərhədçi alnında!! Görübmü!! Yox, yox!
Haqqın qalasını kim əyri hörüb!
Uçub dağılar ki... hörübmü!! Yox, yox!

Sən də sərhədçisən – qartal baxışlı...
Yayınmır gözündən şübhəli xal da.
Ömür yaşayırsan baharlı-qışlı,
Düyünlər açırsan sorğu-sualda.

Sən də sərhədçisən – sərhədçi gözü
Kölgəli oldusa... neynirik onu.
Başqa cür tanımır el oğlu, qızı,
Şahin balasını, qartal oğlunu.

Sən də sərhədçisən-sərhəd xətləri
Sənin vicdanından başlanır, fəqət...
Yerinə qoyursan xeyiri, şəri,
Buna vəkil edib səni  məmləkət.

Sən də sərhədçisən – ana diyarın
O var-dövlətinin havadarısan.
Hüququ müqəddəs vətəndaşların
Arxası, köməyi, etibarısan.

Sən də sərhədçisən –bu xalq, bu torpaq
Sənə bir ayrı cür ixtiyar verib
İnsandır qanuna ən böyük dayaq –
İnsan qanun yazıb, qanunlar verib.

Sən də sərhədçisən – sərvət və çörək
Mərdlik və qüdsiyyət keşiyindəsən...
Bir yarpaq, bir kərpic, bir zərif ürək.
Xoş arzu, xoş niyyət keşiyindəsən.

Sən də sərhədçisən- o haqq qılıncın
Gözünün nuruyla ovxarlanıbdır.
Qında korşalmayan parlaq qılıncın
Kəsib o kəsi ki haqqı danıbdır.

Sən də sərhədçisən – haqq-ədalətin
Pozsan sərhəddini onda nə qalar?!
Kökü kəsilməsə bir cinayətin,
Həşaratlar kimi artar, çoxalar.

Sən də sərhədçisən – bəşər bilir ki
Ana Vətənimiz sarsılmaz qala!
Yaxınlı-uzaqlı ellər bilir ki
Əyri əl uzanmaz bu cah-cəlala.

Sən də sərhədçisən – gözlərində kin
İlanı, əqrəbi ayaqla hər an!
İnamla səslənsin ittiham nitqin,
Qanun kitabını varaqla hər an.

1985

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı