Modern.az

“Beşmərtəbəli evin altıncı mərtəbəsi”

“Beşmərtəbəli evin altıncı mərtəbəsi”

Ölkə

22 İyun 2014, 20:56

Əgər xalq yazıçısı Anarın bu əsəri sovet vaxtı yox, bu gün çıxsaydı, deyərdim ki, yəqin oxucu cəlb etmək üçün belə maraqlı ad qoyulub. İçini oxumamışdan bu cür qərar verərdim. Çünki ad vacib məsələdir. Əsər də insan kimidir. Paltarına görə qəbul edirlər, ağlına görə yola salırlar.

Məzmunu yox, adı baxımından mən bu əsəri fantastik əsərlər sırasına daxil edərdim. “Sehrli xalat”, “Kapitan Nemo” filmlərində maraqla baxdığımız, sanki bir xülya olan sualtı gəmi, kosmosa uçuş, çəkib o saat da göstərən kamera, daha nələr, nələr bu gün sadəcə reallıqdır. Hətta köhnəlib desəm, yanılmaram. Hər ölkə bu fantastik əsərlərdən özü bildiyi kimi yararlanıb. Yeni ixtiralar edib. Bu xəbərlər də Azərbaycana indi-indi gəlib çatıb. Yazıçı Anar da axır ki, Azərbaycanın inşaat sektoruna öz töhfələrini verib desəm, yanılmaram.

Uçan xalça çoxdan reallaşıb – təyyarəyə dönüb. Sehrli güzgü – AzTV-yə. Ən nəhayət “Beşmərtəbəli evin altıncı mərtəbəsi” düşüb yadlarına. Nə edək, nə edək, gəlin yazıçı Anarın bu əsərini, daha doğrusu əsərinin adını fantastikadan reallığa çevirək. Fantastika janrında yazanlar öz xülyalarının reallığa necə çevrildiyini görmədi, heç olmasa Anar görüb şad olsun. Dünya miqyasında ilk olsun. Şəhərin küçələrində gəzdikcə fəxrlə desin: “Ədəbiyyat inkişafın lokomotividir”.

Bu məqsədlə ilk növbədə müxtəlif institutlar məsələyə cəlb ediliblər. Hesablamalar aparılıb. Qərara alınıb ki, beşmərtəbəli evlərin bünövrə ətrafları “kruqovoy” qazılsın. Yeni bünövrə tökülsün. Düz beşinci mərtəbəyədək dəmir-beton dayaqlar qaldırılsın. Və əsərdə də deyilən kimi, 50 ildir beşmərtəbəli olan evin altıncı mərtəbəsi qaldırılsın. Sonra bir az da irəli gediblər. Üçmərtəbəli sökük-salxaq binaları da bu minvalla dörd-beş mərtəbəli ediblər.

Deyəcəksiniz ki, sovet dövründə də bu cür eksperimentlər vardı. Qədimi, ikimərtəbəli klassik evlərin də üstünə sonradan bir-iki mərtəbə artırırdılar. Amma mövzudan kənara çıxmaq istəməzdim. Axı, söhbət Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərindən gedir. Axı, o dövrdə altıncı mərtəbələr görsənməsə də, müasir zamanda bu da görsənməyə başlayıb. Həm əsli, həm də məcazi. Hətta altıncı mərtəbəni ağ aqalayla elə bəzəyirlər ki, heç beşinci mərtəbəyə baxmaq istəmirsən. Beşinci mərtəbələr çoxdan dəbdən düşüb.

İnşaatçılarımız bununla görəsən nəyə nail oldular? Birinci sübut etdilər ki, Anar hələ 30-40 il əvvəl Bakımızın bu gününü görübmüş. Sovet azərbaycanlısına fantastika kimi görünən bu əsərin özü də, adı da artıq reallıqdır. İnşaatçıların ikinci addımları isə daha möhtəşəm oldu. Fikirləşdilər ki, axı niyə biz bu addımları atmalıyıq, əziyyət çəkməliyik, amma yazıçının əsəri bir daha gündəmə gəlməlidir? Əziyyət çəkən biz, adı çəkilən Anar. Ona görə də başladılar yeniliklərə imza atmağa. Məsələn ev 16 mərtəbədir. Amma qıraqdan saymağa başlayırsan 18 edir. Yaxud 19 mərtəbədir, qıraqdan sayırsan, görürsən ki, 21 mərtəbəlidir.

Yazıçı Anar bu dəqiqə bir çox gənc yazıçının ustadıdır. Onlar da ustadlarına oxşayıb axı nə yazsınlar? 16 mərtəbəli evin 17-ci mərtəbəsi? Yox, bu artıq var. 16 mərtəbəli evin 18-ci mərtəbəsi? O da var. 19, 20 hələ axtarsan 21 də var.

Hörmətli inşaatçılar, axı adam bu qədər də qansız olmaz? Ofis, mağaza üçün ayrılan 2,3,4, mərtəbəni evin mərtəbə hesabına qatmırsınız, hələ mansardları demirəm. Nəticədə çörək qazanırsınız, qazandırırsınız. Sonda isə yaranmaqda olan fantastik janr yazıçılar nəslini beşiyindəcə boğursunuz. Əgər o da varsa...

Bu dəm nəvəm mənə yaxınlaşır.

- Baba, iki vur iki neçə edir?

- Nə deyim, ay bala. Biz oxuyanda, sovet vaxtı dörd edirdi. Amma indi lazım olsa, beş də ola bilər, altı da, yeddi də. Amma sən dörd yaz. Yoxsa “2” alarsan. Böyüyəndə, işləyəndə, əlin çörəyə çatanda beş, altı, yeddi də yazarsan. Həyatda riyazi qanunlar keçmir. Yoxsa ac qalarsan.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı