Modern.az

Azərbaycanda yarım milyondan çox qadın ailə qayğılarına görə işləmir

Azərbaycanda yarım milyondan çox qadın ailə qayğılarına görə işləmir

Ölkə

Bu gün, 14:40

Azərbaycanda işçi qüvvəsinə daxil olmayan qadınların ən böyük hissəsini ev işləri ilə məşğul olan, uşaqlara və ailənin digər üzvlərinə qulluq edənlər təşkil edir.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin sonunda işçi qüvvəsinə daxil olmayan əhalinin 1 milyon 553,9 min nəfəri qadın, 1 milyon 11,7 min nəfəri kişi olub. Beləliklə, ümumilikdə 2 milyon 565,6 min nəfər əmək bazarından kənarda qalıb.

Qadınların 661 min 961 nəfəri, yaxud 42,6 faizi ev işlərini yerinə yetirməsi və ailə üzvlərinə qulluq etməsi ilə əlaqədar işçi qüvvəsinə daxil olmayıb. Kişilər arasında isə bu göstərici 150 min 743 nəfər, yaxud 14,9 faiz təşkil edib. Bu kateqoriyada qadınların sayı kişilərdən təxminən 4,4 dəfə çoxdur.

Əmək bazarından kənarda qalan qadınların digər qruplar üzrə bölgüsü belədir:

Yaşa görə əmək pensiyası alanlar – 363 min 613 nəfər (23,4 faiz);
Təhsil alanlar – 309 min 226 nəfər (19,9 faiz);
Əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlar – 186 min 468 nəfər (12 faiz);
Digər şəxslər – 32 min 632 nəfər (2,1 faiz).

İşçi qüvvəsinə daxil olmayan kişilər arasında isə ən böyük qrupu tələbələr və yuxarı sinif şagirdləri təşkil edib. Onların sayı 303 min 510 nəfər, payı isə 30 faiz olub.

Bundan başqa, iqtisadi cəhətdən qeyri-fəal kişilərin 237 min 750 nəfəri yaşa görə əmək pensiyası alanlar (23,5 faiz), 153 min 778 nəfəri əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlar (15,2 faiz), 165 min 919 nəfəri isə digər şəxslər (16,4 faiz) olub.

Qeyd edək ki, işçi qüvvəsinə daxil olmayan şəxslərlə işsizlər eyni statistik kateqoriya deyil. İşçi qüvvəsi məşğul şəxsləri və işsizləri əhatə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir