Bu il mayın 1-dən Rusiya Qazaxıstan neftinin tranzitini dayandırır.
Modern.az xəbər verir ki, Almaniyada 1 may tarixindən etibarən Rusiya vasitəsilə Qazaxıstan neftinin tranzitinin dayandırılacağı təsdiqlənib.
Məlumata görə, bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyi “Rosneft Deutschland” şirkətinin bildirişinə istinadən açıqlama verib. Nazirlik qeyd edib ki, Qazaxıstan neftinin tədarükünün dayandırılması ölkə üçün ciddi risk yaratmayacaq. Bununla belə, Almaniyanın Şvedt şəhərində yerləşən neft emalı zavodu fəaliyyətini daha aşağı güclə davam etdirməli olacaq.
Qeyd edək ki, sözügedən zavod Berlin və Almaniyanın şimal-şərq bölgəsini dizel yanacağı, benzin, kerosin və mazutla təmin edir.
Qazaxıstanın energetika naziri Erlan Akkenjenov da may ayında Almaniyaya neft tədarükünün olmayacağını təsdiqləyib. O bildirib ki, bu məsələ ilə bağlı Rusiyadan rəsmi təsdiq verilməsə də, qeyri-rəsmi mənbələr Moskvanın Qazaxıstan neftini nəql etmək imkanının olmadığını açıqladığını göstərir.
Nazir əlavə edib ki, bunun səbəbi, böyük ehtimalla, son dövrlərdə Rusiya infrastrukturuna endirilən zərbələrlə bağlıdır.
Xatırladaq ki, Almaniya Ukraynadakı müharibədən sonra Rusiya neftindən imtina etdikdən sonra Qazaxıstan bu ölkə üçün əsas tədarükçülərdən birinə çevrilib. Qazaxıstan nefti Almaniyaya Polşa üzərindən “Drujba” neft kəmərinin şimal qolu ilə çatdırılır.
Eyni zamanda, Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması da aktiv şəkildə həyata keçirilir. Belə ki, xammal Aktau limanından tankerlərlə Bakıya – Səngəçal terminalına gətirilir, daha sonra isə Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilərək dünya bazarlarına çıxarılır. Bu marşrut SOCAR və “KazMunayQaz” arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır və tranzit həcmləri artıq milyonlarla tonla ölçülür.