Azərbaycan Avropa ilə siyasi və iqtisadi əlaqələrini ardıcıl şəkildə genişləndirir. Son həftələrdə bir sıra Avropa liderlərinin ölkəmizə səfərləri bu dinamikanın göstəricisi kimi qiymətləndirilir. Bu çərçivədə Çexiyanın Baş naziri Andrey Babişin Qəbələyə səfəri də diqqət çəkir. Səfər zamanı Prezident İlham Əliyevlə keçirilən görüşlər, biznes forum və verilən mesajlar tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Deputat Kamran Bayramov bildirib ki, biznes forum son günlərdə Azərbaycan və Avropa ölkələri tərəfindən keçirilən sayca ikinci biznes forumudur - birincisi Azərbaycan və Latviyanın nümayəndə heyətlərinin iştirakı ilə keçirildi. İki Avropa ölkəsini əhatə edən ardıcıl biznes forumlarının keçirilməsi Avropa İttifaqının Azərbaycanla iqtisadi əməkdaşlığa verdiyi böyük diqqəti nümayiş etdirir.
Onun sözlərinə görə, Bakı və Praqa arasındakı münasibətlər ənənəvi olaraq böyük böhranlar olmadan davamlı şəkildə inkişaf edib. İndi tərəflər əməkdaşlığını yeni məzmunla zənginləşdirmək imkanına malikdirlər. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 807 milyon dollara çatdı, Azərbaycan isə 42 faiz bazar payı ilə Çexiya Respublikasına ən böyük neft tədarükçüsü oldu.

Kamran Bayramov vurğulayıb ki, qaz tədarükü də eyni dərəcədə vacib bir istiqamətə çevrilir.
“Azərbaycan qazının Mərkəzi Avropa bazarlarına çıxışı ilə Çexiya Respublikası artıq fəaliyyətdə olan Cənub Qaz Dəhlizi, habelə İtaliya və Avstriyadan keçən marşrutlar vasitəsilə idxalçılar sırasına qoşula bilər. Bu, Praqanın genişlənən Avropa enerji sisteminə daxil olması deməkdir və burada Bakının rolu durmadan artır. İlham Əliyevlə mətbuat üçün birgə açıqlamasında bunu təsdiqləyən Andrey Babiş bildirib ki, Çexiyanın milli enerji operatoru olan ČEZ də Azərbaycandan təbii qaz almaq niyyətindədir. Azərbaycanın qaz hasilatını tədricən artırdığını söyləyən Babiş deyib: "Şirkətin rəhbəri də bu gün bizimlədir və Azərbaycanla qaz təchizatı üçün uzunmüddətli müqavilə bağlaya bilsək, çox məmnun olarıq".
"Azərbaycan Avrasiyanın nəqliyyat qovşağı kimi də Avropa üçün vacibdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu Avropanın Orta Asiya və Yaxın Şərqlə əlaqələrini gücləndirib. Azərbaycan Şərq və Qərb arasında coğrafi mövqeyini maksimum dərəcədə istifadə etməyə çalışır, Çexiya isə etibarlı xammal təchizatı kanalları, yeni bazarlar və Cənubi Qafqazın logistika imkanları ilə maraqlanır. Buna görə də, hazırkı görüş təkcə ikitərəfli gündəlik üçün deyil, həm də Avropanın regionla əməkdaşlığının daha geniş arxitekturası üçün əhəmiyyətlidir", deyə K.Bayramov əlavə edib.
Deputat eyni zamanda qeyd edib ki, iqtisadi komponent fundamental olsa da, Azərbaycan və Avropa ölkələri arasında gələcək əməkdaşlıqda yeganə komponent deyil. Belə ki, bir neçə gün əvvəl Azərbaycan və Çexiya müdafiə nazirliklərinin nümayəndələri tərəfindən 2026-cı il üçün Hərbi Əməkdaşlıq Planının imzalanması da Çexiya Baş nazirinin ölkəmizə səfərinə əlavə əhəmiyyət verir. Azərbaycanın artan rolu Çexiya Baş naziri tərəfindən yerində ifadə edildi: "Burada deyə bilərəm ki, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır. Buna görə də münasibətlərimizin də dostluğa əsaslanmasından məmnunam. Azərbaycan açıq-aydın dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski buraya səfər etdi və Corcia Meloni tezliklə səfər edəcək. Bu, sizin gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir."
Kamran Bayramov əlavə edib ki, qlobal siyasət və iqtisadiyyatın qarışıqlığı Avropa ölkələrini əlverişli coğrafi mövqeyi olan, razılaşmaların icrasında etibarlılığını sübut etmiş və strateji baxış və idarəetmədə ustalığa malik olan ölkələr arasında tərəfdaş axtarmağa vadar edir. Bununla da, yuxarıda göstərilən bütün keyfiyyətlərə malik olan Azərbaycan Avropa üçün unikal tərəfdaşa çevrilir.

Deputat Zaur Şükürov isə bu əməkdaşlığın müxtəlif sahələrə göstərəcəyi inkişafı xüsusilə vurğulayıb:
“Azərbaycan və Çexiya arasındakı siyasi, ticari-iqtisadi və humanitar münasibətlər 15 sentyabr 2015-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əsasında hər iki ölkənin maraqlarına uyğun şəkildə davamlı inkişaf etməkdədir. Əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə alaraq, qeyd edilməlidir ki, Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri və Qəbələdə keçirilən yüksək səviyyəli görüşlərlə münasibətlər yeni bir strateji mərhələyə qədəm qoymuşdur”.
Azərbaycan Çexiyanın enerji balansında həlledici rol oynayır və bu ölkənin neft idxalının 42 faizini təmin etməklə onun əsas təchizatçısına çevrilib
O bildiri ki, Prezident İlham Əliyev və Baş nazir Andrey Babiş arasında Davos İqtisadi Forumundan başlayan səmimi dialoq Qəbələdə konkret layihələrin və genişmiqyaslı tərəfdaşlıq planlarının müzakirəsi ilə davam etdirilib:
“Səfər çərçivəsində bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Səfərin yekunlarına dair liderlərin mətbuata bəyanatları, həmçinin biznes-forum zamanı çıxışlarında iki ölkə arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri və hədəflər barədə fikirlər səsləndirildi.
İkitərəfli münasibətlərdə enerji əməkdaşlığı xüsusilə öndə olan sahələrdəndir. Hazırda Azərbaycan Çexiyanın enerji balansında həlledici rol oynayır və bu ölkənin neft idxalının 42 faizini təmin etməklə onun əsas təchizatçısına çevrilmişdir. Bu əməkdaşlıq artıq neft ixracı çərçivəsini aşaraq, gələcəkdə təbii qaz sahəsini də əhatə edə bilər. Çexiyanın ən iri enerji şirkətlərindən biri olan ÇES-in Azərbaycanla uzunmüddətli qaz təchizatı müqavilələri imzalamaq niyyəti Bakının Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu bir daha nümayiş etdirir”.
Deputat qeyd edib ki, iqtisadi əlaqələrin diversifikasiyası prioritetdir. Ticarət dövriyyəsi 800 mln dolları keçsə də, əsas pay neft sektoruna aiddir. Qəbələdə 50-dən çox Çex şirkətinin iştirakı ilə keçirilən forum qeyri-neft sahəsinə sərmayəni təşviq edib. Azərbaycanın 350 mlrd dollar investisiya cəlbi, sabit məzənnə və aşağı xarici borcu investorlar üçün əlverişli mühit yaradır.
Çexiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıqlar bir neçə istiqamətdə inkişaf edəcək:
“Xüsusilə müdafiə sənayesi istiqamətində əməkdaşlıq perspektivli sahələrindən hesab olunur. Çexiyanın bu sahədəki zəngin tarixi təcrübəsi və Aero Vodochody, Colt, Czechoslovak Group kimi dünya şöhrətli şirkətləri ilə Azərbaycanın müdafiə sənayesi sahəsinin əməkdaşlığı bu istiqamətdə səmərəli nəticələr əldə edilməsinə mühüm töhfə verə bilər. Tərəflər yalnız hərbi məhsulların alqı-satqısı deyil, eyni zamanda gələcədə birgə istehsal xətlərinin istifadəyə verilməsi üzərində müzakirələr aparılmasına maraq ifadə edirlər. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər uzun müddət ərzində bu sahədə uğurlu əməkdaşlıq edir və ölkəmiz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alır. İndiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir və bu sahənin genişmiqyaslı olacağı gözlənilir. Nəzərə alsaq ki, Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir, gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə müştərək fəaliyyət xüsusi önəm daşıyır”.
Azərbaycan metrosunun yenidən qurulmasında çüxiya modeli tətbiq edilə bilər:
“Nəqliyyat və infrastruktur sahəsindəki perspektivlər də əhəmiyyətlidir. Bakı Metropoliteninin modernləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində birgə logistik imkanların dəyərləndirilməsi Çexiya texnologiyalarının Azərbaycanın tranzit mərkəzi kimi güclənməsinə töhfə verəcəyini vəd edir. Həmçinin, turizm və mədəniyyət sahəsindəki əlaqələr, xüsusilə Karlovı Varı hava limanının genişləndirilməsi kimi layihələr xalqlararası təmasların artmasına imkan verə bilər” – deyə deputata vurğulayıb.