Azərbaycan Avropa ilə əlaqələrini sistemli şəkildə gücləndirir və bu istiqamətdə son dövrlərdə baş tutan yüksək səviyyəli səfərlər diqqət çəkir. Bu prosesin davamı olaraq Çexiyanın Baş naziri Andrey Babişin Qəbələyə səfəri xüsusi önəm daşıyır. Prezident İlham Əliyevlə keçirilən görüşlər, təşkil olunan biznes forum və səsləndirilən mesajlar iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Tahir Mirkişili bildirib ki, İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər Bakı–Praqa münasibətlərində iqtisadi komponentin getdikcə daha ön plana çıxdığını göstərir.
“Siyasi dialoqun fəallaşması fonunda tərəflər artıq əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə daha şaxələndirilmiş və dayanıqlı iqtisadi tərəfdaşlıq modelinə keçidi hədəfləyirlər. Mövcud rəqəmlər əməkdaşlığın dinamikasını aydın göstərir. Ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması müsbət tendensiyadır. Lakin bu göstəricinin strukturunda Azərbaycan neftinin dominant mövqeyi qalmaqdadır. Bu isə münasibətlərin iqtisadi baxımdan dərinləşdirilməsi üçün əsas çağırışı diversifikasiya zərurətini gündəmə gətirir. Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, əsas məqsəd ticarət dövriyyəsinin yalnız həcmini deyil, struktur keyfiyyətini də yaxşılaşdırmaqdır. Bu kontekstdə Çexiyadan geniş iş adamları heyətinin Azərbaycana səfəri və biznes-forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin dövlətlərarası səviyyədən biznes subyektləri səviyyəsinə keçidini sürətləndirən mühüm addımdır”.

Onun sözlərinə görə, yeni təmasların qurulması və konkret sərmayə layihələrinin müzakirəsi qarşıdakı dövrdə qeyri-neft sektorunda əməkdaşlığın genişlənəcəyini göstərir:
“Sənaye, yüksək texnologiyalar, nəqliyyat-logistika və kənd təsərrüfatı kimi sahələr bu baxımdan prioritet istiqamətlər kimi çıxış edə bilər. Energetika isə hələ də əməkdaşlığın əsas dayağı olaraq qalır. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması və ölkəmizin Avropa üçün etibarlı enerji təchizatçısı kimi mövqeyi iqtisadi münasibətlərin strateji çərçivəsini formalaşdırır. Bununla yanaşı, Azərbaycan qazının Avropa bazarlarında genişlənən coğrafiyası hazırda 16 ölkəyə ixrac və onların 10-nun Avropa İttifaqı üzvü olması ölkəmizin enerji diplomatiyasının effektivliyini təsdiqləyir. Çexiyaya qonşu ölkələrə qaz tədarükü isə bu əməkdaşlığın regional təsir dairəsini genişləndirir.”
Energetika əməkdaşlığının artıq ənənəvi ixrac–idxal modelindən çıxaraq daha geniş iqtisadi çərçivəyə inteqrasiya olununur:
“Tərəflər bu sahəni uzunmüddətli investisiya, texnologiya mübadiləsi və enerji təhlükəsizliyi kontekstində qiymətləndirirlər. Bu yanaşma həm Azərbaycanın, həm də Çexiyanın iqtisadi maraqlarına cavab verir və əməkdaşlığı daha dayanıqlı edir. Müdafiə sənayesi də iqtisadi baxımdan perspektivli istiqamətlərdən biri kimi önə çıxır. Çexiyanın bu sahədəki texnoloji təcrübəsi və Azərbaycanın yerli istehsal potensialını artırmaq strategiyası qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır. Artıq təkcə məhsul tədarükü deyil, birgə istehsal və sənaye kooperasiyası istiqamətində konkret layihələrin müzakirə olunması iqtisadi əlaqələrin dərinləşdiyini göstərir. Bu, eyni zamanda sənayeləşmə və texnoloji inkişaf baxımından da mühüm əhəmiyyət daşıyır. Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı razılaşma isə iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından vacibdir. Bu platforma vasitəsilə müxtəlif sektorlar üzrə layihələrin koordinasiyası və icrasının sürətləndirilməsi mümkün olacaq. Cənab Prezidentin bəyanatı göstərir ki, Azərbaycan–Çexiya iqtisadi münasibətləri enerji sektoruna əsaslanan modeldən daha geniş, çoxşaxəli və balanslı əməkdaşlıq formatına doğru transformasiya olunur. Mövcud siyasi iradə, artan biznes marağı və konkret layihə gündəliyi bu tərəfdaşlığın yaxın illərdə daha da genişlənəcəyini və yeni iqtisadi imkanlar yaradacağını deməyə əsas verir” – deyə T. Mirikişli vurğulayıb.

Deputat Mehriban Vəliyeva isə bildirib ki, ilk görüşün məhsuldar keçməsi və geniş gündəliyi əhatə etməsi isə əməkdaşlığın sistemli şəkildə inkişaf etdirildiyini təsdiqləyir.
“Regional və qlobal məsələlər ətrafında fikir mübadiləsinin aparılması Azərbaycan–Çexiya əlaqələrinin təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmadığını, daha geniş geosiyasi kontekstdə də əhəmiyyət qazandığını ortaya qoyur. İqtisadi sahədə əməkdaşlıq xüsusi diqqət mərkəzində olub. Hazırda ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması müsbət dinamikanı əks etdirsə də, struktur baxımından balanssızlıq qalmaqdadır. Azərbaycan neftinin ixracının üstünlük təşkil etməsi tərəfləri iqtisadi əlaqələrin diversifikasiyasına sövq edir. Bu baxımdan, biznes-forumun keçirilməsi, Çexiyadan geniş iş adamları heyətinin Azərbaycana səfəri və konkret sərmayə layihələrinin müzakirəsi qarşıdakı dövrdə qeyri-neft sektorunda əməkdaşlığın genişlənəcəyinə işarədir. Bu, həm də Azərbaycanın iqtisadi şaxələndirmə strategiyasına uyğun gəlir”.
Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması və ölkəmizin Avropa üçün etibarlı enerji təchizatçısı kimi qəbul edilməsi Bakı–Praqa xəttində strateji əhəmiyyət daşıyır:
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qazının 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə ixracı ölkəmizin enerji diplomatiyasının uğurunu nümayiş etdirir. Çexiyaya qonşu ölkələrə qaz ixracı isə bu əməkdaşlığın dolayısı ilə Praqanın enerji təhlükəsizliyinə töhfə verdiyini göstərir. Bununla yanaşı, tərəflər energetika əməkdaşlığını daha geniş prizmadan qiymətləndirir. Söhbət təkcə resursların ixracından deyil, uzunmüddətli və çoxşaxəli enerji tərəfdaşlığından gedir. Bu yanaşma Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın rolunu daha da gücləndirir və Çexiya ilə münasibətləri strateji səviyyəyə yüksəldir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq da diqqət çəkən istiqamətlərdəndir. Uzun illərdir davam edən hərbi-texniki əməkdaşlıq artıq yeni mərhələyə – birgə istehsal və texnologiya mübadiləsi mərhələsinə keçməkdədir”.
Deputat bildirib ki, Azərbaycanın müdafiə sənayesində yerli istehsalı genişləndirmək siyasəti Çexiyanın bu sahədəki təcrübəsi ilə uzlaşır və qarşılıqlı faydalı sinerji yaradır:
“Bu həm Azərbaycanın müdafiə potensialının güclənməsinə, həm də sənaye əməkdaşlığının dərinləşməsinə xidmət edir. Səfər çərçivəsində Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı razılıq əldə olunması da münasibətlərin institusional inkişafına əlavə təkan verəcək. Bu mexanizm müxtəlif sahələr üzrə əməkdaşlığın koordinasiyalı şəkildə genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Ümumilikdə, Prezident cənab İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Çexiya münasibətləri təkcə enerji əməkdaşlığı ilə məhdudlaşmır, siyasi, iqtisadi və sənaye sahələrini əhatə edən çoxşaxəli strateji tərəfdaşlığa doğru inkişaf edir. Mövcud dinamika və qarşılıqlı maraqlar fonunda bu əlaqələrin yaxın perspektivdə daha da genişlənəcəyi və dərinləşəcəyi gözlənilir” – o bildirib.