1991-ci ilin oktyabrında müstəqillik əldə ediləndə o vaxt hakimiyyətdə olanlar ərazi bütövlüyümüzü qoruya bilmədilər. Hakimiyyətə can atanlar faktiki olaraq Şuşanı, Laçını, o cümlədən bax, bu gözəl kəndi Ermənistana, demək olar ki, satmışdılar.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığı və kəndə qayıdan sakinlərlə görüşü zamanı deyib.
Dövlət bşçısı bildirib ki, o vaxt hakimiyyət uğrunda mübarizə gedirdi:
"Ovaxtkı hakimiyyət hakimiyyətdə qalmaq istəyirdi. Hakimiyyətə can atan AXC-Müsavat istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Buna görə də təxribat nəticəsində bu gözəl diyarımız Ermənistana verildi ki, yenidən Azərbaycan bu fəlakətlə üzləşsin. Ondan sonrakı dövr də sizin yadınızdadır: vətəndaş müharibəsi, torpaqlarımızın itirilməsi. Şuşa, Laçın işğal ediləndən sonra bu kənd də işğal olunub. Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılıb və əfsuslar olsun ki, ondan sonra işğal 30 il davam etmişdir.
Biz güc yığırdıq, güc toplayırdıq - həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə".