Modern.az

Enerji siyasətindən geosiyasi gücə uzanan strategiya

Enerji siyasətindən geosiyasi gücə uzanan strategiya

Ölkə

Bu gün, 21:06

Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin açılış mərasimində səsləndirdiyi fikirlər yalnız enerji sektoruna dair hesabat xarakteri daşımırdı. Bu çıxış, əslində, Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, formalaşdırdığı enerji diplomatiyasının və dəyişən qlobal geosiyasi reallıqlarda tutduğu mövqeyin siyasi təqdimatı idi.

Dövlət başçısı çıxışında xüsusi olaraq vurğuladı ki, “Caspian Oil and Gas” sərgisi Azərbaycanın müasir enerji tarixinin başlanğıc nöqtələrindən biri olub. Həqiqətən də, 1990-cı illərin mürəkkəb siyasi və iqtisadi reallığında enerji sektoru Azərbaycan üçün sadəcə iqtisadi seçim deyil, dövlət müstəqilliyinin qorunması vasitəsinə çevrilmişdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həmin dövrdə ölkə ağır sosial-iqtisadi böhran, enerji asılılığı, yüksək yoxsulluq və işğal problemi ilə üz-üzə idi. Bu kontekstdə Prezidentin çıxışının əsas mesajlarından biri təbii sərvətlərə münasibət məsələsi oldu.

Ölkə başçısı açıq şəkildə bildirdi ki, neft və qaz ehtiyatlarına malik ölkələr günahlandırılmamalı, əksinə, onların həmin resurslardan necə istifadə etdiklərinə diqqət yetirilməlidir. Bu yanaşma son illərdə dünya siyasətində enerji keçidi və karbon gündəliyi ətrafında gedən mübahisələrə verilmiş praktik cavab kimi də qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın enerji siyasəti ilə bağlı səsləndirdiyi fikirlərə xüsusi yer verməsi də diqqət çəkən məqamlardan idi. Prezidentin fikrincə, son dövrlər enerji sektorunda müşahidə olunan praqmatik yanaşma dünya iqtisadiyyatının real ehtiyaclarını nəzərə alır. Bu yanaşma Azərbaycanın uzun illər müdafiə etdiyi “enerji təhlükəsizliyi ilə yaşıl transformasiyanın paralel inkişafı” konsepsiyası ilə üst-üstə düşür.

Prezident İlham Əliyevin çıxışının mühüm hissəsi Azərbaycanın enerji təhlükəsizliyində artan roluna həsr olunmuşdu. Ölkə başçısı Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının artıq 16-ya çatdığını, onların 10-nun Avropa İttifaqı üzvü olduğunu vurğuladı. Bu rəqəm təkcə iqtisadi göstərici deyil, həm də Azərbaycanın Avrasiyanın enerji xəritəsində strateji aktora çevrilməsinin göstəricisidir. Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan kimi layihələr artıq yalnız boru xətti infrastrukturu hesab olunmur. Bunlar regional əməkdaşlıq, siyasi koordinasiya və enerji diplomatiyasının konkret nəticələridir. Prezidentin “Azərbaycan aparıcı qüvvə olub” fikri də, məhz bu geosiyasi reallığa işarə edir. Eyni zamanda, çıxışın diqqətçəkən tərəflərindən biri bərpaolunan enerji ilə bağlı açıqlamalar idi. Ölkə başçısı 2032-ci ilədək ölkənin yaşıl enerji gücünün 8 giqavata çatdırılmasının planlaşdırıldığını bildirdi.

Qarabağ və Şərqi Zəngəzurun hidroenerji potensialının xüsusi vurğulanması isə postmünaqişə dövründə həmin bölgələrin iqtisadi reinteqrasiyası baxımından mühüm siqnal sayıla bilər. Burada maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan enerji siyasətini artıq yalnız neft-qaz ixracı üzərində qurmur. Elektrik kabel layihələri, Qara dəniz enerji marşrutu, Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı göstərir ki, Bakı özünü gələcəyin enerji tranzit və istehsal mərkəzlərindən biri kimi mövqeləndirməyə çalışır.

Prezident İlham Əliyevin çıxışında nəqliyyat dəhlizlərinə və Zəngəzur dəhlizinə toxunması da təsadüfi deyildi. Bu, enerji, logistika və geosiyasi əlaqələrin artıq vahid strateji konsepsiya daxilində nəzərdən keçirildiyini göstərir. Prezidentin “Bakı Enerji Həftəsi”ndə səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan artıq yalnız enerji resurslarını ixrac edən ölkə deyil, regional gündəliyi formalaşdıran, qlobal enerji təhlükəsizliyinə təsir göstərən və öz milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə müdafiə edən mühüm siyasi güc mərkəzinə çevrilib.
 
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlıların olduğu gəmiləri kim vurdu? - Ölənlər sayı açıqlandı