Autizm spektr pozuntusu ilə bağlı son illərdə dünya səviyyəsində məlumatlılıq artsa da, diaqnozun gec qoyulması hələ də qlobal problem olaraq qalmaqdadır.
Azərbaycan Psixologiya Akademiyası (APAK) məsələ ilə bağlı maraqlı, dövrün çağrışlarına cavab verən yazı hazırlayıb və valideynlərə müraciət edib.
Həmin yazını təqdim edirik.
- Narahatedici əlamətləri bir çox hallarda valideynlər uşağın həyatının ilk illərində müşahidə etsələr də, müxtəlif səbəblərdən mütəxəssisə müraciət etməkdə gecikirlər.
Halbuki müasir elmi məlumatlar göstərir ki, erkən aşkarlanma və erkən reabilitasiya uşağın gələcək inkişafına əhəmiyyətli təsir göstərə bilər. Araşdırmalar və təcrübəmiz göstərir ki, autizmin bəzi əlamətləri həyatın ilk ilindən etibarən müşahidə oluna bilər. Adı çəkiləndə reaksiya verməmək, göz kontaktının məhdud olması, jest və mimikalardan az istifadə etmək, sosial qarşılıqlı əlaqədə çətinliklər və ya nitq inkişafında ləngimə valideynlərin diqqət etməli olduğu siqnallar sırasındadır. Təcrübəli mütəxəssis tərəfindən aparılan qiymətləndirmə ilə autizm diaqnozu əksər hallarda 2 yaş ətrafında etibarlı şəkildə müəyyən edilə bilir.
Təəssüf ki, praktikada valideynlərə tez-tez "bir az böyüsün, danışar", "oğlan uşaqları gec danışır", "hələ tezdir" kimi fikirlərl hakim kəsilir. Bu yanaşma isə bəzən ayların, hətta illərin itirilməsinə səbəb olur. Halbuki inkişaf sahəsində vaxt xüsusi əhəmiyyət daşıyır. Erkən dövrdə beynin plastikliyi daha yüksək olduğundan, düzgün planlaşdırılmış reabilitasiya proqramlarının effektivliyi də daha yüksək olur. Müasir yanaşmada məqsəd yalnız diaqnoz qoymaq deyil. Əsas məqsəd uşağın güclü və zəif tərəflərini müəyyən etmək, fərdi inkişaf planı hazırlamaq və onun potensialını maksimum səviyyədə üzə çıxarmaqdır.
Bu səbəbdən autizmli uşaqların dəstəklənməsində psixiatr, psixoloq, loqoped, xüsusi pedaqoq və ailənin birgə əməkdaşlığı mühüm rol oynayır. Son dövrlərdə aparılan tədqiqatlar valideyn iştiraklı erkən müdaxilə proqramlarının da əhəmiyyətli olduğunu göstərir.
Ailə üzvlərinin gündəlik həyat daxilində tətbiq etdiyi ünsiyyət və inkişaf dəstəyi metodları reabilitasiya prosesinin effektivliyini artırır. Bu səbəbdən müasir reabilitasiya yalnız uşağa deyil, eyni zamanda ailəyə yönəlmiş proses kimi qəbul edilir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən autizmli şəxslərin inkişafı üçün erkən aşkarlanma, sübuta əsaslanan psixososial müdaxilələr, inklüziv təhsil və cəmiyyət dəstəyinin vacibliyini xüsusi vurğulanır. Mütəxəssislər hesab edirlər ki, autizmlə bağlı ən böyük fərqi yaradan amillərdən biri diaqnozun adı deyil, uşağın nə qədər erkən və keyfiyyətli dəstək almasıdır.
Azərbaycan Psixologiya Akademiyası açıqlamasında bildirir ki, autizm sahəsində əsas prioritet valideynlərin maarifləndirilməsi, erkən qiymətləndirmənin təşviqi və elmi əsaslı reabilitasiya xidmətlərinin əlçatanlığının artırılmasıdır. Çünki vaxtında göstərilən dəstək bir uşağın sosial, akademik və gündəlik həyat bacarıqlarının formalaşmasında mühüm rol oynaya bilər. Autizmli uşaqların gələcəyini müəyyən edən əsas amil diaqnozun özü deyil, onların ehtiyaclarının nə qədər erkən müəyyənləşdirilməsi və bu ehtiyaclara nə qədər sistemli şəkildə cavab verilməsidir.