Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi davamlılığı ilə diqqətdədir. Bakıda növbəti mötəbər tədbir – İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları keçirildi. Ölkəmizin müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlər üçün ideal məkan kimi seçilməsini şərtləndirən əsas amillərdən biri Azərbaycanın inkişaf yolunda inamla irəliləməsi, hər dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirməsidir. Prezident İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında Azərbaycanın ikinci dəfədir İllik Toplantıya ev sahibliyi etdiyini önə çəkərək bunun sıx əlaqələri, əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə göstərdiyini bildirdi.
Azərbaycan ilk dəfə İllik Toplantıya 2010-cu ildə ev sahibliyi edib. Ötən 16 ilin Azərbaycanla İslam İnkişaf Bankı Qrupu arasında əlaqələrdə, həmçinin ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və digər sahələrdə qazandığı uğurlara şahidlik etdiyi bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, o vaxtdan etibarən Azərbaycanda və ətrafda çox dəyişikliklər baş verib. Dəyişməyən yeganə məsələ Azərbaycanın sabit və uğurlu inkişafı olub. Bu, milli maraqlara əsaslanan, qlobal səhnədə bütün iştirakçılarla yaxşı münasibətlərin qurulmasına, uğurlu inkişafımıza sadiqliyimizə söykənən siyasətin təzahürüdür.
Uğurlu inkişaf bir çox meyara əsaslanır. Azərbaycan 35 ilə yaxındır ki, müstəqilliyini bərpa edib. İlk iki ili istisna etməklə, 1993-cü ilin iyunundan başlanan dövr ölkənin sabit inkişafı ilə yadda qalıb. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu Azərbaycanı dünyaya sabitlik diyarı kimi təqdim edir, qələbədən-qələbəyə aparır. Sabitlik hər bir ölkənin uğurlu inkişafı üçün əsas ilkin şərtlərdən biridir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın davamlı uğurlarını şərtləndirən amillərdən bəhs edərkən bu faktoru xüsusi vurğuladı ki, bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik nəinki inkişafımızın əsas meyarıdır, o cümlədən regional inkişaf göstəricisidir. Çünki Azərbaycan regional və qlobal səviyyədə güclü əlaqələr sayəsində bir çox aspektlərdə artıq mühüm iştirakçıya çevrilib.
Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması dayanıqlı inkişafda əhəmiyyətli rol oynayır. Azərbaycanın müstəqil xarici siyasətinə beynəlxalq ictimaiyyətin güclü dəstəyi göz önündədir. Bu, istər ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında, istər Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin miqyasında, istərsə də qlobal problemlərin həllində ölkəmizin mövqeyinə, yanaşmasına verilən önəmdə öz təsdiqini tapır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti davamlı uğurlara yol açır. Ölkəmizin yeni dostlar, tərəfdaşlar qazanması günümüzün əsas reallıqlarındandır. Ölkəmizə beynəlxalq dəstək yüksək səviyyədədir. Prezident İlham Əliyev çıxışında diqqəti bu reallığa yönəldərək bildirdi ki, bəzən “beynəlxalq ictimaiyyət” sözünü eşitdikdə bəziləri düşünür ki, o, inkişaf etmiş ölkələrdən ibarət bir məhdud qrupdur. Lakin bu, yanlış yanaşmadır. Beynəlxalq ictimaiyyət bütün dünyadan, BMT-yə üzv olan ölkələrdən ibarətdir. Dünyanın tam mütləq əksəriyyətinin dəstəyini qazanmaq yalnız bəyanatlar əsasında deyil, praktiki addımlara əsaslanan hörməti göstərir. İslam İnkişaf Bankı Qrupunun 2010-cu ildə keçirdiyi İllik Toplantısından sonra Azərbaycan bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Sonuncular arasında 2024-cü ildə keçirilmiş COP29 və bu ilin may ayında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası xüsusi yer tutur.
Azərbaycan Avrasiya ölkələrini birləşdirən, enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinə çevrildiyi bir dövrdə irimiqyaslı enerji infrastrukturu layihələrinin təşəbbüsçüsü və iştirakçısıdır. Bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Azərbaycan təbii qazı artıq 16 ölkəyə nəql edir və bu coğrafiya ilbəil genişlənir.
Eyni zamanda, Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilib. Coğrafi mövqeyimiz mühüm üstünlüklərimizdəndir. Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, coğrafi mövqenin üstünlüyü yalnız müasir infrastrukturla tamamlandıqda öz real əhəmiyyətini göstərir. Bu gün Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri getdikcə daha çox ölkə üçün strateji təchizat marşrutuna çevrilir.
2010-cu ildə keçirilən ilk toplantıdan ötən dövr ərzində Azərbaycanın ən böyük uğurlarından biri ərazi bütövlüyü və suverenliyinin tam bərpası oldu. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam təmin edildi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın qalib dövlət kimi sülh təşəbbüsü ilə çıxış etdiyini vurğulayaraq qeyd etdi ki, bu gün artıq bölgədə sülh reallığa çevrilib. Müharibənin acı nəticələri, işğal dövründə törədilən dağıntılar və Xocalı soyqırımı heç vaxt unudulmasa da, Azərbaycan gələcəyə baxaraq əməkdaşlıq və sabitlik gündəliyini irəli sürür.
Tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Hazırda bu ərazilərdə təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır. Dövlət büdcəsindən azad edilmiş ərazilərin bərpasına 15 milyard dollardan çox vəsait ayrılıb, ümumi investisiya həcmi isə 17 milyard dollara yaxındır.
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında gələcəyə hesablanmış prioritetlər də açıqlandı. Bağlantılar, ərzaq təhlükəsizliyi, bərpaolunan enerji və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirildi. Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casirinin Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən, dözümlülük və yenilənmə nümunəsi olan ölkə kimi qiymətləndirilməsi də ölkəmizin beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Tədbir çərçivəsində imzalanan sənədlər isə Azərbaycan ilə İslam İnkişaf Bankı Qrupu arasında gələcək əməkdaşlığın yeni yol xəritəsini formalaşdırır.
Malik Həsənov,
Milli Məclisin deputatı