Modern.az

Azərbaycan reallığı ilə hesablaşmaq vaxtıdır...

Azərbaycan reallığı ilə hesablaşmaq vaxtıdır...

Ölkə

Bu gün, 20:39

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 iyun 2026-cı il tarixli iclasında qəbul etdiyi “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı qətnamə, təəssüf ki, bu təşkilatın ölkəmizə münasibətdə uzun illərdir nümayiş etdirdiyi selektiv və qeyri-obyektiv yanaşmanın növbəti təzahürüdür. Sənədin məzmunu və onun ətrafında aparılan müzakirələr bir daha göstərir ki, Assambleya daxilindəki müəyyən siyasi dairələr regionda formalaşmış yeni geosiyasi reallıqları qəbul etmək əvəzinə, Azərbaycana qarşı təzyiq siyasətini davam etdirmək niyyətindədirlər.

Qətnamənin müzakirəsi zamanı Frank Şvabenin səsləndirdiyi ittihamlar isə hüquqi arqumentlərdən daha çox siyasi qərəzin və ikili standartların təzahürü kimi qiymətləndirilə bilər. Çünki Frank Şvabenin Azərbaycana münasibətdə nümayiş etdirdiyi ardıcıl qərəz artıq təsadüfi siyasi mövqe deyil, sistemli anti-Azərbaycan fəaliyyətinin tərkib hissəsi kimi qəbul olunur. Uzun illərdir Azərbaycana qarşı sistemli şəkildə mənfi mövqe nümayiş etdirən Şvaben ölkəmizlə bağlı məsələlərdə obyektiv vasitəçi və ya neytral müşahidəçi deyil, əvvəlcədən formalaşdırılmış mövqenin daşıyıcısı kimi çıxış edir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Şvaben və onun kimi düşünən siyasətçilər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində yüz minlərlə insanın fundamental hüquqlarının pozulmasına, etnik təmizləmə faktlarına, şəhər və kəndlərin dağıdılmasına, mədəni irsin məhv edilməsinə münasibətdə eyni prinsipiallığı nümayiş etdirməyiblər. Otuz ilə yaxın davam edən işğal dövründə susqun qalan dairələrin bu gün insan hüquqları mövzusunda Azərbaycanla bağlı çıxış etməsi qəbuledilməzdir. 

Reallıq isə ondan ibarətdir ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının təminini, onların müdafiəsini və bərabər əsaslar üzərində qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. Bu yanaşma yalnız normativ-hüquqi çərçivədə bəyanat xarakteri daşımır, həm də praktiki idarəetmədə özünü göstərir. Ölkədə bütün vətəndaşların hüquqlarının qorunması, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və sosial ədalətin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirilir.

 

AŞPA-da aparılan müzakirələr zamanı beynəlxalq hüququn fundamental prinsiplərinə söykənən obyektiv mövqelərin səsləndirilməsi də diqqətdən yayınmamalıdır. Ukrayna nümayəndə heyətinin üzvləri dövlətlərin suverenliyi və ərazi bütövlüyünün beynəlxalq münasibətlər sisteminin toxunulmaz prinsipləri olduğunu vurğulayaraq, bu normaların bütün dövlətlərə münasibətdə istisnasız və bərabər şəkildə tətbiq edilməsinin vacibliyini qeyd ediblər.

Bu gün Cənubi Qafqazın ehtiyacı qarşıdurma ritorikası deyil, dayanıqlı sülh, qarşılıqlı etimad və əməkdaşlıqdır. Siyasi motivli və birtərəfli qətnamələr nə regional təhlükəsizliyə, nə də beynəlxalq təşkilatların nüfuzuna xidmət edir. Əksinə, belə yanaşmalar dialoq imkanlarını məhdudlaşdırır, etimad mühitini zəiflədir və konstruktiv əməkdaşlıq perspektivlərinə mənfi təsir göstərir.

Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü və ardıcıl siyasəti nəticəsində Azərbaycan bu gün öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş, regionun gələcəyini müəyyən edən əsas siyasi və iqtisadi aktorlardan birinə çevrilmişdir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıdışı, regional kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın təşviqi ölkəmizin gələcəyə hesablanmış strateji baxışının bariz ifadəsidir.

Məhz buna görə də Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən dairələrin köhnəlmiş stereotiplərdən və siyasi yanaşmalardan imtina etmələri, Cənubi Qafqazda formalaşmış yeni reallıqları qəbul etmələri və fəaliyyətlərini məhz bu reallıqlar əsasında qurmağa çalışmaları daha obyektiv və konstruktiv mövqe olardı.

Bu reallıqla hesablaşmaq isə artıq seçim deyil, regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması üçün zəruri şərtdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!