Bu gün Azərbaycan polisinin peşə bayramıdır. Təqvimdə adi bir tarix kimi görünən bu günün arxasında on minlərlə yuxusuz gecə, on minlərlə risk, on minlərlə ailə həsrəti dayanır. Bu gün dövlətin görünən üzünün, insanların təhlükəsiz sabahının bayramıdır.
Polis kimdir?
Bu suala cavab vermək üçün kitabları vərəqləməyə ehtiyac yoxdur. Gecə saat üçdə küçəyə çıxmaq, şəhərin səssizliyinə qulaq asmaq kifayətdir. Hər kəs evində rahat yatarkən, küçələrin yuxusunu çəkən adamın kim olduğuna baxmaq kifayətdir. O adam polisdir.
Polis asayiş keşiyində dayanan insandır. Polis təhlükəsizliyin görünməyən memarıdır. O, hər gün görünməyən müharibənin əsgəridir. Bilirik ki, cinayət təqvimlə işləmir. Təhlükə saat tanımır. Şər gecə ilə gündüz arasında fərq qoymur. Elə buna görə də polisin xidməti də vaxt tanımır.
Nədənsə biz polis haqqında ən çox hansısa xoşagəlməz hadisə baş verəndə danışırıq. Bu, bəlkə də, cəmiyyət olaraq ən böyük haqsızlıqlarımızdan biridir.
Heç düşünürükmü, gecə saat dörddə Bakının küçələrində kim gəzir? Kim soyuğun, küləyin, yağışın altında xidmət aparır? Kim öz övladının ad günündə xidmət postunu tərk etmir? Kim bayram süfrəsini yarımçıq qoyub çağırışa gedir? Bunların cavabı birdir, polis.
Polisi sevmək lazımdır. Azərbaycan polisi yad deyil. O, bu torpağın oğludur. Azərbaycana başqa qitədən gətirilməyib. Heç bir yad planetdən enməyib. Polis birimizin oğlu, birimizin atası, birimizin qardaşıdır. Bəlkə də hər gün salamlaşıb keçdiyimiz qonşudur. O, çiyinlərinə bizlərlə müqayisədə daha ağır yük götürüb.

Bu silahla yanaşı insanların taleyini, dövlətin etimadını daşıyır.
Azərbaycan polisi bu dövlətin taleyüklü günlərində sınaqdan keçib. Qarabağın azadlığı uğrunda gedən müqəddəs savaşda polis əməkdaşları ordumuzla çiyin-çiyinə döyüşdülər. Onlar hər an Vətənin keşiyində dayandılar. Şəhid oldular. Qazi oldular. Adlarını Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazdılar.
Ötən əsrin 90-cı illərinə baxaq. Ordumuzun hələ tam formalaşmadığı, dövlətçiliyimizin kövrək budaq kimi hər küləkdən sarsıldığı illərdə erməni silahlıları ilə ilk üz-üzə gələn Azərbaycan polisi oldu. Mərhum daxili işlər naziri Məhəmməd Əsədovun rəhbərliyi dövründə polis cinayətkarla yanaşı dövlətin ərazi bütövlüyü uğrunda savaşırdı.
Bu gün də həmin missiya davam edir. İndi düşmənin şəkli, cinayət, təhdid dəyişib. Polisin məsuliyyəti dəyişməyib.
Polis görünməyən qəhrəmandır. Onun gördüyü iş, uğuru xəbərə çevrilmir. Bilirsiniz niyə, faciənin qarşısını almaq heç vaxt faciənin özü qədər diqqət çəkmir. İnsanlar təhlükəsizliyi hiss etmirlər. Təhlükəsizliyin yoxluğunu hiss edirlər.
Elə buna görə də polisin zəhməti çox vaxt görünmür. Görünməyən zəhmət ən ağır zəhmətdir.
Əlbəttə, heç kim demir ki, polis sistemində nöqsan yoxdur. İnsan olan yerdə səhv də olur. Amma bir nəfərin yanlışını bütöv polis adına yazmaq vicdansızlıqdır. Minlərlə vicdanlı əməkdaşın əməyini bir neçə neqativ hadisənin kölgəsində qoymaq heç ədalətli olmaz.
Bu ölkədə polisə ən çox ehtiyacı olanlar bəzən onu ən çox tənqid edənlər olur. Çətin gün gələndə ilk yığılan nömrə 102-dir. Təhlükə qapını döyəndə heç kim sosial şəbəkəyə müraciət etmir, polisə üz tutur. Bu faktın özü hər şeyi deyir.
Polis dövlətin qoruyan əlidir. Polis qapımıza gələn təhlükə ilə ailəmiz arasında çəkilən görünməz səddir. Polis gecənin qaranlığında yanan mayakdır. Polis cəmiyyət adlı binanın görünməyən sütunudur.
Bu gün Azərbaycan polisi yalnız küçədə xidmət aparmır, kibercinayətlə mübarizədədir. Narkotik şəbəkələrinə qarşı döyüşür. İnsan alverinin qarşısını alır. Uşaqları cinayət mühitindən qoruyur. Kütləvi tədbirlərin təhlükəsizliyini təmin edir. Hər gün yeni təhlükələrlə üz-üzə qalır.

Bu peşənin qiyməti maaşla ölçülə bilməz. Bu peşənin qiyməti ailəsindən uzaq keçirilən bayramlarla, yarımçıq qalan ad günləri ilə, gecikən görüşlərlə, övladın “ata, nə vaxt gələcəksən?” sualına verilə bilməyən cavablarla ölçülür.
Bəlkə də polisə ən böyük təşəkkür elə onun görünməyən əməyini görməkdir. Görünməyən zəhməti görmək vicdan məsələsidir.
Bu gün polisə deyiləcək ən doğru söz “bayramın mübarək” olmamalıdır. Ən doğru söz “əməyin görünür” deməkdir.
Azərbaycan polisi dövlətin dayağıdır. Dövlət yalnız binalardan, bayraqdan, gerbdən ibarət deyil. Dövlət insanını qoruya bildiyi qədər dövlətdir.
Ona görə də polis məsuliyyətdir.
Polis etibardır.
Polis gecənin sükutudur.
Polis sabahın əminliyidir.
Polis dövlətin görünən simasıdır.
Və nəhayət, unutmayaq,
Polis dövlətdir.
Polis vətəndaşdır.
Polis elə bu xalqın özüdür. Ona verilən qiymət, əslində, özümüzə verdiyimiz qiymətdir.
Elnur ƏMİROV