Kəlbəcər Tanrının səxavətlə rənglədiyi, təbiətin bütün gözəlliklərini bir tablonun üzərinə köçürdüyü möcüzələr diyarıdır. Burada hər şey canlıdır. Dağ danışır, qaya nəfəs alır, bulaq mahnı oxuyur.
Kəlbəcərə birinci dəfə qədəm qoyan kəs ilk nəfəsində anlayır ki, buranın havası başqa havadır. Bu havada min illərin təmizliyi, dağ çiçəklərinin ətri, buz bulaqlarının saflığı var. Kəlbəcərdə nəfəs almaq ruhun yenidən doğulmasıdır.
Səhərlər günəş dağların zirvələrindən boylanır. Səhərlər burada başqa cür açılır. Axşamlar isə qürub yenə dağların zirvələrini al-qırmızı rəngə boyayır, buludlar sanki dağların çiyinlərinə enərək gecəni qarşılamağa gəlir. Axşamlar burada büşqa cür düşür.
Bəzən buludlar ayaqlarının altında qalır. Qartal belə səndən aşağıda qanad açır. Ulduzlar o qədər yaxın görünür ki, elə bil əlini uzatsan ovucuna düşəcək.

Burada külək başqa cür əsir, elə bil min illərin dastanını danışır. Yağış başqa cür yağır,
Kəlbəcərin ürəyindən keçən Tərtər bu diyarın həyat damarıdır. Onun səsi dağların əzəməti ilə birləşərək təbiətin öz simfoniyasını yaradır.
İstisu Kəlbəcərin əsrlərdir şəfa paylayan möcüzəsidir.
Kəlbəcərin simvoluna çevrilən Dəlidağ bütün əzəməti ilə səmaya yüksəlir. Uca zirvələri bəzən qar örpəyinə bürünür, bəzən günəşin işığında gümüş kimi parıldayır.
Murovdağ silsiləsi isə dəniz səviyyəsindən 3 700 metrə yaxın yüksəklikləri ilə Azərbaycanın ən möhtəşəm dağ massivlərindən biridir. Bu yüksəklik Avropanın məşhur bir çox dağ-keçidlərindən qat-qat hündürdür və insan burada özünü göylərdə hiss edir.
Kəlbəcərin ən böyük sərvəti dağlar, çaylar, meşələrlə məhdudlaşmır. Bu torpağın insanları da onun qədər uca və məğrurdur. Qonaqpərvərliyi ilə seçilən Kəlbəcər insanı dağların xarakterini özündə yaşadır. İşğaldan azad edilmiş bölgələrin insanları öz yerlərinə köçməyi hava, su kimi istəyirlər. Kəlbəcərlilər bu sırada öndədirlər.

Kəlbəcərdə adi heç nə yoxdur. Burada hər daşın, hər ağacın, hər bulağın, hər cığırın öz adı, öz yaddaşı, öz taleyi var.
Uzun illər işğal altında qalan Kəlbəcərin azadlığı Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri oldu. Ermənistan hesab edirdi ki, bu dağlar əbədi işğal altında qalacaq. Ancaq 44 günlük Vətən müharibəsi bu illuziyanı, xəyalları darmadağın etdi. Kəlbəcər yenidən öz sahibinə qovuşdu. Bu, Azərbaycanın gücünün, xalqın iradəsinin və ordumuzun qüdrətinin təntənəsidir.
Bu gün azad Kəlbəcər yenidən qurulur. Burada çəkilən yollar, salınan körpülər, tikilən yaşayış məntəqələri həyatın bu torpaqlara möhtəşəm qayıdışıdır.
Bu möhtəşəm mənzərəyə yaraşan ən böyük mühəndislik əsərlərindən biri də Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu üzərində inşa edilən 11,7 kilometrlik Murovdağ tunelidir. Belə Kəlbəcərə belə möhtəşəm bir mühəndislik əsəri yaraşa bilərdi. Bu əsərin müəllifi Azərbaycan Prezidentidir.
Bu tunel keçmişlə gələcəyi, çətinliklə rahatlığı birləşdirir.
Bir vaxtlar Murov aşırımını keçmək saatlarla, günlərlə vaxt aparırdı. Qar, çovğun və sərt hava şəraiti bu yolu böyük sınağa çevirirdi. İndi dağın sinəsini yararaq çəkilən tunel məsafəni qısaldır, zamanı dəyişir və rahat hərəkəti təmin edir.

Bu mühəndislik qurğusu regionun ən iri layihələrindən biridir. Uzunluğuna görə MDB məkanında birinci, Avropada ilk beşlikdə, dünyada isə ilk iyirmilikdə yer alan bu tunel Azərbaycanın mühəndislik imkanlarının və iqtisadi qüdrətinin parlaq göstəricisidir.
Bir zamanlar Amerikaya uçmaq Kəlbəcərə çatmaqdan daha asan görünürdü. Bu gün isə Göygöldən Kəlbəcərə yarım saatdan bir qədər artıq vaxtda çatmaq mümkündür. Dünənin əlçatmaz arzusu bu gün reallığa çevrilib.
44 günlük Zəfər Azərbaycanın hərbi gücünü bütün dünyaya göstərdi. Kəlbəcərə aparan tunel isə həmin Zəfərin quruculuq ruhunun daşdan, betondan və poladdan ucaldılmış möhtəşəm davamıdır. Qələbənin ən gözəl davamı dağıdılmış yurdu yenidən qurmaq, insanı öz doğma torpağına qaytarmaqdır.

Kəlbəcər dünənin həsrəti idi. Bu gün Azərbaycanın qürurudur. Sabah isə inkişaf və rifahın ən möhtəşəm ünvanlarından birinə çevriləcək.
Möcüzələr diyarında möcüzələr heç vaxt bitmir. Bu gün həmin möcüzələrin ən yenisi Murov dağlarının sinəsindən keçən tuneldir. Bu tunel Kəlbəcərin yeni adıdır. Bu tunel Azərbaycanın gücünü, iradəsini və gələcəyə inamını işıqlandırır.