AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin sektor müdiri Nərgiz Qəhrəmanova işə gedib-gəlmək üçün şəxsi avtomobolini velosipedlə əvəzləyib.
AMEA əməkdaşının velosipedlə şəkilləri sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Nərgiz Qəhrəmanova Modern.az-a deyib ki, 15 ildir avtomobildən istifadə edir. O, maşınla tez-tez tıxaca düşməyin bütün sürücülər kimi ona çətinliklər yaratdığını bildirib.
Nərgiz Qəhrəmanova bildirib ki, velosiped seçimi sağlam həyat tərzinin təşviqi ilə yanaşı, şəhərdə ekoloji nəqliyyatdan istifadənin artırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, gündəlik velosiped sürmək fiziki aktivliyi artırır, yol hərəkətində sıxlığın azalmasına və ətraf mühitin qorunmasına töhfə verir.
“Ümid edirəm ki, velosoped sürmək mədəniyyəti bizdə də getdikcə inkişaf edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, son illərdə Bakıda velosiped zolaqlarının sayının artması bu nəqliyyat vasitəsinə marağı da artırıb.
