Modern.az

Orta Dəhliz Azərbaycan və Özbəkistan üçün yeni imkanlar yaradır - ŞƏRH

Orta Dəhliz Azərbaycan və Özbəkistan üçün yeni imkanlar yaradır - ŞƏRH

Ölkə

Bu gün, 13:53

Azərbaycan-Özbəkistan arasındakı münasibətlər Cənubi Qafqazda və Mərkəzi Asiyada ən sürətlə inkişaf edən strateji tərəfdaşlıq formatlarından birinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə də ikitərəfli münasibətlərin inkişaf dinamikası və qarşıdakı perspektivlər geniş şəkildə açıqlanır. Müsahibədən bir daha aydın olur ki, iki qardaş ölkə arasında əlaqələr son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun üzvü Nigar Məmmədova deyib. 

"Dövlət başçımızın da söylədiyi kimi, Bakı və Daşkənd münasibətlərinin təməlində xalqlarımızın ortaq tarixi, dili, mədəniyyəti, mənəvi dəyərləri və əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Bu tarixi-mədəni yaxınlıq son illərdə dövlətlərarası münasibətlərin sürətli inkişafı üçün mühüm zəmin yaradıb.  Möhkəm təməl üzərində qurulan münasibətlər artıq ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Bu prosesdə Azərbaycan və Özbəkistan Prezidentləri arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Dövlət başçılarının müntəzəm təmasları və qarşılıqlı səfərləri iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan sənədlər münasibətlərin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərində yeni mərhələnin göstəricisidir. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura isə bu münasibətlərin institusional əsaslarını gücləndirərək uzunmüddətli əməkdaşlığın prioritetlərini müəyyənləşdirmək üçün mühüm platformaya çevrilib".

Deputat qeyd edib ki, hər iki ölkə çoxvektorlu siyasəti dəstəkləyir, müstəqil şəkildə hərəkət edir və milli maraqlara əsaslanan praqmatik xarici iqtisadi model formalaşdırır:

"Münasibətlərinin siyasi müstəvidə əldə etdiyi yüksək səviyyə iqtisadi əlaqələrdə də özünü qabarıq göstərir. Ənənəvi neft-qaz layihələri ilə yanaşı, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq genişlənir. “Yaşıl Dəhliz Birliyi”nin yaradılması Mərkəzi Asiyada istehsal olunan bərpaolunan enerjinin Azərbaycan üzərindən ixracı üçün yeni imkanlar yaradır. Bu layihə Azərbaycanın yaşıl enerjinin mühüm tranzit mərkəzlərindən birinə çevrilmək potensialını da artırır".

O həmçinin vurğulayıb ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan münasibətlərinin regional əhəmiyyətini ön plana çıxarır:

"Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm geostrateji mövqeyə malikdir. Bu iki coğrafiyanın nəqliyyat baxımından əlaqələndirilməsi Şərqlə Qərb arasında yeni imkanlar yaradır. Prezident İlham Əliyevin Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasını xüsusi qeyd etməsi bu baxımdan təsadüfi deyil. Bu inteqrasiya Mərkəzi Asiyanın dünya bazarlarına çıxışını genişləndirəcək, Azərbaycanın isə Şərq–Qərb nəqliyyat bağlantısındakı rolunu daha da gücləndirəcək".

Deputatın sözlərinə görə, Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk dünyasının inteqrasiyası baxımından da mühüm strateji əhəmiyyət daşıyır:

"Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı siyasi, iqtisadi, nəqliyyat, təhsil və mədəni-humanitar istiqamətlərdə inteqrasiyanın dərinləşməsinə xidmət edir.

Münasibətlər humanitar sahədə də inkişaf etməkdədir. Azərbaycan və Özbəkistanda keçirilən qarşılıqlı mədəniyyət günləri, Şuşa Günləri, elmi və ədəbi tədbirlər xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır".

N.Məmmdova onu da əlavə edib ki, təhsil sahəsində əməkdaşlıq bu humanitar işbirliyinin davamlılığını təmin edən mühüm istiqamətlərdəndir:

"Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb iki ölkənin qardaşlığının ən uğurlu nümunələrindən biridir. Bu layihə həm də qardaş ölkənin işğaldan azad edilmiş ərazilərin bərpasına göstərdiyi mənəvi və praktiki dəstəyin ifadəsidir.

Cənab Prezident müsahibədə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafına da xüsusi yer ayırıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması ölkəmizin regionla münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.
Bu proses Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmiz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında təbii bağlantı rolunu oynayır. Xəzər dənizi isə bu iki regionu birləşdirən mühüm coğrafi körpüdür. Nəticədə Azərbaycan–Özbəkistan əməkdaşlığı daha geniş regional inteqrasiyaya xidmət edir.

Bu gün Özbəkistan Mərkəzi Asiyanın istehsal və tranzit mərkəzinə çevrilməyi hədəfləyir, Azərbaycan isə Xəzər dənizi vasitəsilə Avropa bazarına çıxış üçün vacib logistika mərkəzi kimi mövqeyini gücləndirir. Beləliklə, siyasi müttəfiqlik iqtisadi tərəfdaşlıqla, iqtisadi əlaqələr nəqliyyat və enerji layihələri ilə, bu istiqamətlər isə humanitar və mədəni əməkdaşlıqla tamamlanır", - deyə deputat qeyd edib. 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!