Modern.az

Azərbaycan-Özbəkistan əməkdaşlığı strateji humanitar körpüdür

Azərbaycan-Özbəkistan əməkdaşlığı strateji humanitar körpüdür

Ölkə

Bu gün, 15:30

"Azərbaycanla Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq əsrlər boyu formalaşmış ortaq köklərə, dil və mədəniyyət yaxınlığına, eləcə də mənəvi dəyərlərə əsaslanan ikitərəfli münasibətlərin ayrılmaz və mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə bu sahədə əməkdaşlığın zəngin məzmunu və geniş perspektivləri xüsusi vurğulanıb".

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr ardıcıl şəkildə inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkənin mədəni-humanitar gündəliyinin zənginləşdirilməsində xüsusi rol oynayır.

2023-cü və 2025-ci illərdə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçirilib. Həmin il Xivədə “Şuşa günləri” təşkil olunub. Özbəkistanın nümayəndə heyəti Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində də iştirak edib.

Millət vəkilinin sözlərinə görə, Özbəkistanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda iki xalq arasında mənəvi və mədəni yaxınlığın dərinliyini nümayiş etdirən bu fakt xüsusi qürur hissi doğurur.

Ötən il Bakının mərkəzində Prezident Şavkat Mirziyoyevlə birlikdə sahəsi 5 hektar olan “Özbəkistan” parkının da təməli qoyulub. Bu park iki xalqın qardaşlığının daha bir rəmzinə çevriləcək.

"Heydər Əliyev Fondunun həyata keçirdiyi təşəbbüs və layihələr də ölkələr arasında mədəni-humanitar əməkdaşlığın genişlənməsinə əhəmiyyətli töhfə verir" - deyən Sevinc Fətəliyeva əlavə edib ki, təhsil sahəsi də mədəni-humanitar tərəfdaşlığın aparıcı istiqamətlərindən biridir. 2025–2026-cı tədris ilində Azərbaycanda 67 Özbəkistan vətəndaşı, Özbəkistanda isə 176 Azərbaycan vətəndaşı təhsil alıb.

Özbəkistan tərəfinin təşəbbüsü ilə Füzuli şəhərində inşa edilmiş Mirzə Uluqbəy adına tam orta məktəb təhsil sahəsində əməkdaşlığın parlaq nümunələrindən biri olmaqla yanaşı, iki ölkə arasında qardaşlıq münasibətlərinin növbəti təzahürüdür. Prezident İlham Əliyev bu nəcib təşəbbüsə, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə göstərilən dəstəyə görə Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığını ifadə edib.

Deputatın fikrincə, media sahəsində əməkdaşlıq da mühüm nəticələrlə zəngindir. 2024-cü il sentyabrın 23–25-də Daşkənddə Birinci Özbəkistan–Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda İkinci Azərbaycan–Özbəkistan Media Forumu keçirilib.

Eyni zamanda, 2023-cü ildə Füzulidə Birinci Azərbaycan–Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə Daşkənddə isə İkinci Özbəkistan–Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə ilk dəfə qeyri-hökumət təşkilatları üçün birgə qrant müsabiqəsi elan edib. Müsabiqə çərçivəsində Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək.

Özbəkistandan Azərbaycana turist səfərlərinin sayında da davamlı artım müşahidə olunur. 2024-cü ildə ölkəmizə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar–avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı səfər edib.

Regionlararası əməkdaşlıq da uğurla inkişaf edir. Bakı–Daşkənd, İsmayıllı–Riştan, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokand, Biləsuvar–Termiz, Mingəçevir–Namanqan, Füzuli–Gülüstan, Quba–Cizzax və Beyləqan–Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri yaradılıb. Yaxın vaxtlarda Naxçıvan ilə Urgənc arasında da qardaşlaşmış şəhər münasibətlərinin qurulması nəzərdə tutulur.

Azərbaycan və Özbəkistan arasında qardaşlaşmış şəhərlər təşəbbüsü iki ölkənin xalqlarını daha da yaxınlaşdıran, ortaq tarixi, mədəni və mənəvi dəyərlərin qorunmasına xidmət edən, eyni zamanda, gələcək nəsillər arasında dostluq və qarşılıqlı etimadı möhkəmləndirən mühüm əməkdaşlıq platformalarından biri kimi qiymətləndirilir.

"Beləliklə, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq yalnız ikitərəfli münasibətlərin mühüm istiqaməti deyil, həm də ortaq dəyərləri, zəngin mədəni irsi və xalqlarımız arasındakı qardaşlıq bağlarını gələcəyə daşıyan strateji humanitar körpüdür", - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!