Modern.az

Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Ölkə

Bu gün, 17:54

Azərbaycanın son dövrlər beynəlxalq əməkdaşlıq coğrafiyasına nəzər yetirdikdə Mərkəzi Asiyanın prioritet istiqamətlərdən olduğunu deyə bilərik. Bu bölgə dövlətləri ilə münasibətlərimizin müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, xüsusilə də, Mərkəzi Asiya dövlətlərinin əksəriyyətinin Türk Dövlətləri Təşkilatında təmsil olunması ümumilikdə regionla əməkdaşlığımızın gələcək inkişaf perspektivlərini müəyyənləşdirən mühüm amillərdəndir.

Azərbaycanla Özbəkistan arasında münasibətlərdə müşahidə edilən davamlı inkişaf meylləri də heç şübhəsiz Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığına əhəmiyyətli töhfə verməkdədir. Ölkəmizin Cənubi Qafqazın və orta dəhlizin aparıcı dövləti, eyni zamanda Özbəkistanın Mərkəzi Asiya regionun vacib və dinamik inkişaf edən ölkələrindən biri olması, hər iki liderləri arasında mövcud olan səmimi dostluq münasibətləri Azərbaycan-Özbəkistan ikitərəfli əlaqələrinin ardıcıl inkişafında mühüm rol oynayır.

Son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslar iki ölkə arasında müttəfiqlik münasibətlərinin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır. Prezident cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində də qeyd etdiyi kimi, son beş ildə ölkə başçısının Özbəkistana üçüncü dövlət və ümumilikdə yeddinci səfəri baş tutur. Heç şübhəsiz, təmasların intensivliyi yüksək səviyyəli siyasi dialoqun göstəricisi olmaqla, iki müstəqil, güclü və suveren dövlətlər arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirir. Səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı.

 Strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün digər mühüm institusional mexanizm isə 2023-cü ilin avqust ayında Ali Dövlətlərarası Şuranın təsis edilməsidir. Ölkə başçısı müsahibədə bu məsələyə diqqətə çəkərək qeyd etdi ki: “Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir”. Siyasi münasibətlərin iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşdiyini bildirən dövlət başçısı həyata keçirilən layihələrin ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir.

İqtisadi-ticari sahədə dinamik inkişaf tempi xüsusilə diqqət çəkir. Belə ki, 2025-ci ildə ticarət dövriyyəsinin 2024-cü illə müqayisədə üç dəfədən çox artaraq, 795 milyon dollar təşkil etməsi, 2026-cı ilin yanvar-may aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatması  bu istiqamətdə sürətli inkişaf dinamikasını nümayiş etdirir.

Bu xüsusda, ölkələrimiz arasında iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayan Hökumətlərarası Komissiyanın, habelə 2023-cü ildə 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən, iqtisadi əməkdaşlığın və investisiya imkanlarının genişləndirilməsi, o cümlədən həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti təqdirəlayiqdir.

Bu günə qədər Hökumətlərarası Komissiyanın 15 iclası keçirilib və bu yaxınlarda Daşkənddə keçirilən son iclasda Azərbaycan-Özbəkistan iqtisadi-ticari əməkdaşlığının mövcud vəziyyəti, qazanılan nailiyyətlər və inkişafın gələcək istiqamətləri ətraflı müzakirə olunub.

İki ölkənin iqtisadi imkanları bir-birini tamamlayır və Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artması qarşlıqlı olaraq dəstəklənir. Ölkəmizdə sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərən Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib. Həmçinin, Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirir. Belə ki, bu layihələr arasında “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksini, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksini qeyd etmək olar.

Qeyd olunanlarla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq, xüsusilə TDT və keçən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilmiş qərara əsasən tamhüquqlu iştirak hüququ əldə etdiyimiz bu platforma müstəvisində əməkdaşlıq, habelə regionlararası əlaqələrin genişləndirilməsi uğurla davam edir.

Həmçinin, ölkələrimiz arasında mədəni-humanitar əlaqələr də uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları bu sahədə münasibətlərin möhkəmlənməsində xüsusi rol oynayır. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində “Şuşa Günləri” keçirilib.

Prezident cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanan ənənəvi qardaşlıqdan hüquqi cəhətdən rəsmiləşdirilmiş müttəfiqlik səviyyəsinə keçən siyasi, iqtisadi, humanitar və qarşlıqlı maraq doğuran digər sahələr üzrə iki ölkə arasında münasibətləri  aydın şəkildə əks etdirir.

Əminliklə söyləmək olar ki, növbəti səfər və təmaslar iki ölkə arasında qarşılıqlı maraqlar əsasında formalaşmış səmərəli əməkdaşlığın daha da dərinləşməsi, yeni birgə layihələrin gerçəkləşdirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Zaur Şükürov

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!