Bölgələrdə yaşayan bəzi gənc qızların Bakıya köçərək daha yaxşı həyat qurmaq istəyi onları erkən evliliyi çıxış yolu kimi görməyə sövq edə bilər.
Azərbaycanda regionlarda yaşayan bəzi qızların təhsili davam etdirmək əvəzinə erkən yaşda ailə qurmağa üstünlük verməsi və Bakıya köçməyi evlilik yolu ilə həll etməyə çalışması məsələsi zaman-zaman müzakirə olunur. Hesab olunur ki, bu yanaşmanın formalaşmasında ailə və cəmiyyətin gənclərə aşıladığı sosial gözləntilər mühüm rol oynayır.
Məsələ ilə bağlı Modern.az-a danışan sosioloq Mətanət Məmmədova bu yanaşmanın bütün region qızlarına şamil edilməsinin doğru olmadığını bildirib.
Onun sözlərinə görə, bölgələrdə ali təhsil almaq istəyən qızların sayı kifayət qədər çoxdur:
“Bölgələrdə oxumaq istəyən qızların sayı yetəri qədərdir. Mən özüm müşahidə etmişəm ki, bölgələrdə məktəbi bitirən 10 qızdan 6-8-i ali məktəblərə daxil olur”.
Sosioloq qeyd edib ki, bəzi regionlarda qızların erkən ailə qurmasına daha çox valideynlərin, qohumların və ətraf mühitin təzyiqi təsir göstərir:
“Orta məktəbi bitirən qız ali məktəbə daxil olmayıbsa, ətrafdakı insanlar ona ‘artıq ailə qurmaq vaxtındır’ deyirlər. Burada çox vaxt qızları günahlandırmaq olmaz”.
M.Məmmədovanın sözlərinə görə, regionlardan Bakıya üz tutan gənclərin əsas motivlərindən biri paytaxtın daha geniş təhsil və karyera imkanları ilə bağlı təsəvvürlərdir. Lakin Bakıda kirayə, gündəlik xərclər və işlə təmin olunma kimi problemlər gənclər üçün ciddi çətinlik yaradır.
“Paytaxtın parlaqlığı insanları, xüsusilə gəncləri cəlb edir. Ancaq burada yaşamayan buradakı problemlərdən xəbərdar ola bilməz. Universitetlərimizin əksəriyyətində yataqxana yoxdur. Bakıya gələn tələbələr kirayə mənzil tutmalı olurlar”, - deyə sosioloq vurğulayıb.
O hesab edir ki, regionlarda təhsil imkanlarının genişləndirilməsi qızların seçimlərini də artıracaq.
Təhsil eksperti Elmin Nuri isə “regionlarda qızlar oxumaq yerinə evlənməyi seçir” fikrinin ümumiləşdirilməsini doğru hesab etmir.

Ekspert bildirib ki, bölgələrdə təhsil almaq üçün müxtəlif maneələri gözə alan çoxsaylı qızlar var.
“Bəzi qızlar var ki, əksinə, hər şeyə rəğmən oxumağı seçirlər. Mən hər il ayrı-ayrı bölgələrdən belə xanım şagirdlər, abituriyentlər və tələbələrlə tanış oluram. Onlar öz təhsilləri üçün hər şeyi gözə alırlar”.
E.Nuri qeyd edib ki, beynəlxalq qiymətləndirmələrdə də qızların bir sıra göstəricilər üzrə oğlanları qabaqlaması bu məsələyə birtərəfli yanaşmamağın vacibliyini göstərir.
Onun fikrincə, əsas problemlərdən biri regionlarla paytaxt arasında təhsil imkanları və keyfiyyəti baxımından fərqin mövcud olmasıdır.
“Biz nə etməliyik ki, region təhsili paytaxt təhsilinin kölgəsində qalmasın? Fərq var ki, uçurum boydadır, fərq var ki, azdır. Biz bu fərqin böyüməməsi üçün addımlar atmalıyıq”.
Ekspertin sözlərinə görə, regionlarda təhsil imkanları yaxşılaşdırıldıqca Bakının “parlaqlığı” da gənclər üçün əvvəlki qədər əlçatmaz və cəlbedici görünməyə bilər.
Ailə və uşaq psixoloqu Vüsalə Əmiraslanova isə regionlarda bəzi qızların şəhərə köçmək üçün təhsil və evlilikdən başqa yol görmədiyini deyib.
Psixoloqun sözlərinə görə, Azərbaycanda uşaqların həyatını müəyyən mərhələlər üzrə formalaşdıran ənənəvi ailə modeli hələ də mövcuddur:
“Qızlarda da oxşar vəziyyətdir: əgər təhsilini davam etdirmək istəmirsə və ya edə bilmirsə, erkən ailə qurmağa sövq edilir”.
V.Əmiraslanova hesab edir ki, xüsusilə bəzi regionlarda qızların “ailə qurub şəhərə köçmək” düşüncəsi ətraf mühitin təsiri ilə formalaşa bilər.
Onun sözlərinə görə, erkən evlilik mövcud mühitdən çıxış yolu kimi görülsə də, sonradan daha ciddi sosial-iqtisadi problemlərə səbəb ola bilər.
“Erkən yaşda evlənmək və ya mövcud mühitdən qaçmaq bir qurtuluş yolu deyil. Bu, çox vaxt ‘yağışdan çıxıb yağmura düşmək’ kimi daha çətin problemlərə yol açır”.
Psixoloq vurğulayıb ki, bu stereotiplərin aradan qaldırılması üçün ilk növbədə valideynlərin və cəmiyyətin maarifləndirilməsi vacibdir.
Aydan Qasımova