Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon ABŞ dollarından 200 milyon ABŞ dollarına çatdırılması təklif olunur.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiqlənməsi nəzərdə tutulur.
Dəyişiklik Azərbaycanla Qırğızıstan arasında investisiya əməkdaşlığının genişləndirilməsi və birgə layihələrin maliyyələşdirilməsi üçün Fondun imkanlarının artırılması məqsədi daşıyır.
İkinci Əlavə Saziş 2026-cı il iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində imzalanıb. Sənəd əsas sazişin ayrılmaz tərkib hissəsi olacaq.