Azərbaycan və Qırğızıstan üçüncü dövlətlər tərəfindən silahlı hücum təhlükəsi yarandıqda dərhal məsləhətləşmələr aparacaq və bir-birinə zəruri yardım göstərəcəklər.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Komitədə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.
Müqavilə 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.
Sənədə əsasən, Azərbaycan və Qırğızıstan münasibətlərini müstəqilliyə, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında quracaqlar.
Tərəflər bir-birinə qarşı yönəlmiş bloklarda iştirak etməyəcək, həmçinin digər tərəfin müttəfiqlik münasibətlərinə xələl gətirən fəaliyyətlərdən çəkinəcəklər.
Azərbaycan və Qırğızıstan öz ərazilərinin, resurslarının, kommunikasiya sistemlərinin və digər infrastrukturunun qarşı tərəfə qarşı təcavüz və düşmənçilik məqsədilə istifadəsinə imkan verməyəcəklər.
Müqaviləyə görə, tərəflər hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirəcək, silahlı qüvvələr arasında birgə əməliyyat və döyüş hazırlığı tədbirləri keçirəcəklər. Hərbi kadrların və mütəxəssislərin hazırlanması sahəsində də əməkdaşlıq dərinləşdiriləcək.
Sənəddə beynəlxalq nəqliyyat dəhlizlərinin və tranzit imkanlarının inkişaf etdirilməsi, yükdaşımaların sadələşdirilməsi, eləcə də malların iki ölkənin və üçüncü dövlətlərin bazarlarına vaxtında çatdırılması üçün tədbirlərin görülməsi nəzərdə tutulur.
Tərəflər energetika, bərpaolunan enerji, logistika, peyk texnologiyaları, rəqəmsal inkişaf, kənd təsərrüfatı, turizm, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığı da genişləndirəcəklər.
Müqavilə üçüncü dövlətlərə qarşı yönəlməyib və tərəflərin digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir göstərmir.